“Mədəniyyətlər
dialoqla inkişaf edir”
Mədəniyyət, incəsənət
insanları birliyə, bərabərliyə səsləyən,
onların bir dünyada bərabər və rahat şəkildə
yaşamasını təmin edən əsas faktorlardandır.
Bu mənada Bakıda keçirilən Beynəlxalq Kukla
Teatrları Festivalı böyük əhəmiyyətə
malikdir. Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi,
Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd
Saif Əl Alkham festivalı mədəni dialoqun yeni mərhələsi
kimi dəyərləndirdi. Ölkəmiz haqqında xoş təəssüratda
olduğunu dilə gətirən qonaq Azərbaycanın mədəniyyətinin
zəngin olduğunu dedi: «Mən özümü sanki doğma
vətənimdə hiss edirəm. Çünki bura da müsəlman
ölkəsi, Şərqin inkişaf etmiş, mədəni səviyyəsi
çox yüksək mərkəzlərindəndir. Burada incəsənət,
mədəniyyət, musiqi yüksək inkişaf yolu
keçib. Ərəb mədəniyyəti ilə
yaxınlıq, oxşarlıq məni ayrıca xoşbəxt
etdi».
Festivalın təşkilini
yüksək qiymətləndirən qonaq tədbirin yeni teatr əlaqələrinin
qurulmasına töhfə olacağını bildirdi:
«Özünəməxsus tarixi inkişaf yolu keçməklə
Qərb və Şərqin teatr ənənələrini bir
arada təqdim edən Azərbaycan teatrı bu gün
özünün dəyərlər modelini yarada bilib. Tarixi
İpək yolunun üzərində yerləşən ölkənizi
iki mədəni qütbün gözəl çələngi
adlandırardım».
2003-cü ildən keçirilən
Fuceyra Beynəlxalq Monodram Festivalı barədə də məlumat
verən Məhəmməd Alkham festivalda Azərbaycan teatr təmsilçilərini
də görmək arzusunda olduğunu bildirdi: «Biz bununla da
dünyadakı teatr məktəbləri arasında əlaqə
qurmaq istəyirik. Onların bir-birlərinin təcrübəsindən
faydalanmaqla ümumilikdə sənətin, teatrın
inkişafından danışa bilərik. Mədəniyyətlər
yalnız dialoqla yaşaya və inkişaf edə bilər.
İnsanlar sənətlə, mədəniyyətlə
bir-biriləri ilə qaynayıb qarışırlar.
Böyük anlamda hazırda sənət bu missiyaya xidmət
etməlidir. Çox istərdim ki, gələn ilin
yanvarında baş tutacaq festivalımızda Azərbaycan da təmsil
olunsun».
Həmidə
Rüstəmova
Mədəniyyət.- 2011.- 4 noyabr.-
S. 13.