İranlı
Mübarəkin Bakı sərgüzəştləri
İran İslam
Respublikasının «Saina» kukla teatrı festivalda «Xeymei-Şəb
Bazi» tamaşasını təqdim etdi. Teatrın rəhbəri
və prodüseri Səfər Səttarinin
hazırladığı tamaşada kuklaların oyununu zərb
aləti və kamanın müşayiət etməsi ifanı
daha da rəngarəng edir. Musiqinin üstünlük təşkil
etdiyi tamaşa əsas qəhrəman Mübarəkin sərgüzəştləri
üzərində qurulub. Şah Səlimin evində ziyafətdir.
Ziyafətə çoxlu sayda qonaqlar gəlib. Mübarək də
onların arasındadır. Mübarək ziyafətə toplaşanları
əyləndirmək üçün hoqqabazlıq edir. Əcaib
rəqsləri, uydurduğu əhvalatları, baməzə ifadələri
və şaqraq səslə dediyi lətifələri ilə
xüsusi canfəşanlıq göstərir. Onun bu hərəkətləri
və məclis iştirakçılarına - digər
kuklalara fürsət verməməsi «qonaqları» özündən
çıxarır və nəticədə onlardan biri
Mübarəki kötəkləyir. Bunun ardınca Mübarəkin
könlünün alınması mərasimi başlanır.
Tamaşa digər kuklaların rəqsləri və xoş ifadələrindən
xoşallanan Mübarəkin sonda bir xanımla evlənməsi
ilə başa çatır.
Həmidə
Mədəniyyət.-
2011.- 4 noyabr.- S. 13.