“Azərbaycan
teatrının dünyada
tanınmasına töhfə vermək istəyirik”
Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları
Festivalının yüksək səviyyəli qonaqları
arasında Beynəlxalq Teatr İnstitunun baş direktoru,
isveçrəli şair və yazıçı Tobias Biankone
də var.
Beynəlxalq Teatr İnstitutu
UNESCO-nun nəzdində fəaliyyət göstərən
qeyri-hökumət təşkilatıdır. 1948-ci ildə təsis
olunan qurumun mərkəzi orqanı Parisdə, UNESCO-nun baş
qərargahında yerləşir. Qurumun məqsədi
dünyada mədəni irsi, o cümlədən teatr sənətini
qoruyub inkişaf etdirməkdir. Tobias Biankone festivalla
bağlı fikirlərini bildirdi:
- Dünyanın müxtəlif yerlərində
keçirilən belə tədbirlər sənət
adamları arasında gözəl təcrübə mübadiləsidir.
Biz öz teatr tamaşalarımızı dünyanın hər
yerində, hətta münaqişələrin baş verdiyi
ölkələrdə göstəririk. İnstitut həmçinin
teatr fəaliyyəti standartlarının inkişafında
effektiv rol oynayır. Bunun üçün biz müxtəlif
ölkələrin teatrlarını cəlb etməklə
simpoziumlar təşkil edirik. Yeri gəlmişkən, hər
il dünyada 27 mart - Beynəlxalq teatr günü də Beynəlxalq
Teatr İnstitutunun təşəbbüsü ilə qeyd
olunur.
Azərbaycanda teatrın zəngin ənənələri
olduğunu bilirik. Burada vacib olan müasirliklə ənənəni
bir yerdə nümayiş etdirməkdir. Bu baxımdan sizin kukla
teatrı çoxlu innovasiyalar edib. Düşünürəm
ki, bu festival çox yaxşı başlanğıcdır.
Dünyanın müxtəlif ölkələrindən kukla
teatrları, teatr xadimləri, tənqidçiləri Bakıya
gəlib. İstərdik ki, biz də öz növbəmizdə
Azərbaycan mədəniyyətinin, teatr sənətinin
dünyada tanınmasına töhfə verək.
Bizim məqsədlərimizdən
biri də dünya teatrları arasında əlaqələrə,
mədəni dialoqa yardım etməkdir. Şərq ölkələri
ilə Qərb ölkələrinin kukla teatrları
arasında fərqlər mövcuddur. Məsələn, Şərqin
kukla teatrlarında daha çox hekayətlər, nağıllar
nəql olunur və tamaşa da bunun əsasında qurulur. Qərbdə
isə kukla teatrları nisbətən bir qədər şən
olur. Bu festivalda həm Şərq, həm də Qərb
ölkələrinin kukla teatrları təmsil olunur. Bu da
teatrlar arasında fərq və oxşarlığı
müzakirə etməyə, fikir mübadiləsinə imkan
yaradır.
İlk dəfədir ki, Bakıya gəlmişəm. Şəhər, insanlar məndə gözəl təəssürat yaradıb. Bakıya bir daha gəlmək istərdim.
Mehparə
Mədəniyyət.-
2011.- 4 noyabr.- S. 13.