Dünya nağıl dünyasıdır
Bu
nağılın qəhrəmanları isə kuklalardır
Bəbək,
oyuq, ipdəoyuq
Azərbaycanda kukla
tamaşalarının tarixi xalq oyun-tamaşalarının
tarixi ilə ölçüldüyündən onunu
formalaşması orta əsrlərdən də çox əvvəllərə
gedib çıxır. Xalq həyatının ayrı-ayrı
cəhətlərini, eləcə də müxtəlif mərasimləri
əks etdirən "Kilimarası" və "Maral
oyunu" kimi əxlaqi-tərbiyəvi meydan tamaşaları Azərbaycan
kukla tamaşalarının ilk nümunələri sayıla
bilər. Yüksək humanist duyğular, şərin cəzalandırılması,
ailənin, yaxın insanların qorunması, onlara həmişə
dayaq durulması və sair bu kimi müsbət keyfiyyətlərin
aşılandığı bu tamaşalar insanlarda daim
böyük maraq oyatmışdır.
Sənətşünaslıq
doktoru, professor İlham Rəhimlinin «Üç əsrin 130
ili» kitabında bu mövzu ilə bağlı maraqlı fikirlər
yer alıb. Müəllif qeyd edir ki, Azərbaycanda lap qədimlərdən
xalq mərasimləri, el şənliklərində
çağdaş teatrın estetik prinsiplərini təcəssüm
etdirən oyunlar mövcud olub. “Sayaçı”, “Yuğlama”,
“Yel baba”, “Cütçü şumu”, “Kəvsəc”,
“Kosa-kosa”, “Qaravəlli” və bu kimi xalq mərasim və
oyunları milli xalq teatrımızın inkişaf mərhələlərini
təşkil edib. Bu oyunların zəminində xalq dramları
yaranıb: “Həmin dramların əsas mövzusu məişətdən
götürülüb və xeyirin şərə, haqqın
nahaqqa, düzlüyün yalana qələbəsini təcəssüm
etdirib. Bütövlükdə “Kilimarası” kimi ümumiləşdirilən
xalq oyunlarının çağdaş kukla teatrının
peşəkar səviyyəyə çatmasında
böyük əhəmiyyəti olub. Kilimarasının
“Şah Səlim”, “Qaragöz”, “Maral oyunu”, “Kaftarkus”, “Keçəl
pəhləvan” kimi məşhur oyunları var. Bunların
arasında kölgə-xəyal tamaşaları da göstərilib”.
Azərbaycan milli xalq teatrında
müxtəlif maskalardan istifadə edilib. Bunların da
arasında ən məşhurları “keçəl”, “kosa” və
“keçi” maskalarıdır. Xalq oyunlarını təşkil
edib keçirənə baş oyunbaz, şəbihlərin təşkilatçısına
- “rejissoruna” şəbihgərdan deyilib.
Daha çox komediya, məsxərə,
məzhəkə, satira əsasında hazırlanan xalq
tamaşaları və faciə janrlı şəbih
tamaşaları bütövlükdə meydan teatrı
adlanır. Meydan teatrının öz estetikası, ifadə
vasitələri, forma orijinallığı,
bütövlükdə bənzərsiz poetika özəllikləri
var. Elə poetika göstəriciləri ki, həmin sənət
amilləri çağdaş Azərbaycan peşəkar milli
teatrının təşəkkülündə,
inkişafında və formalaşmasında əsaslı rol oynayıb.
El arasında kukla oyunlarına bəbək, oyuq və ipdəoyuq
oyunları da deyilib. Bu oyunlar üçün kukla düzəldənlər
oyuqçular adlanıblar.
Professor İlham Rəhimlinin
adıçəkilən kitabında kukla oyunları
kilimarası, kukla və kölgə oyunu olmaqla üç tipə
bölünür. “Kilimarası” tipli kukla
oyun-tamaşalarının eyni kökdən olan bir neçə
forması var. Bunlardan ən geniş yayılanı “Bəbək”
oyunudur. Bu oyun, əsasən, kilim arasında göstərilib.
Məşhur tamaşası "Keçəl pəhləvan"dır.
El arasında "Keçəlpəlvan" deyimi də var. Bəbək
kuklalar forma biçimləri və zahiri görkəmləri
ilə seçilirdilər. Bu kuklalar qolçaq formasında
olur, ələ və bəzən də dizlərə
keçirilirdi. Oyunçu arxası üstə kilimin
üstünə uzanırdı və dizlərini sinəsinə
doğru qatlayırdı. Köməkçilər kilimin
yanlarını qatlayıb səhnə-pərdə
yaradırdılar. Yaxud, oyunçu kilimin üstündə
oturub dizlərini aralı qoyurdu. Oyunun məzmununa uyğun
olaraq, əllərinə və ayaqlarına müxtəlif
xarakterli bəbək-kuklalar keçirirdi. Həmin kuklalarda
ağız, burun, göz, qaş olmurdu. Dizə bərkidilən
kuklalar adətən taxta çömçələri bəzəməklə
hasilə gəlirdi. Onlar əldə oynadılan kuklalarla
müqayisədə hərəkətcə məhdud və
passiv idilər. Ələ taxılan qolçaq kuklalar isə
bəzən 15-20 santimetrlik nazik çubuqlara bərkidilir və
oyun-ifa zamanı oyunçunun barmaqlarına bərkidilirdi.
Yaxud da kuklalar birbaşa biləyə qədər ələ
keçirilir və hər bir barmaq bəbəyin bir hərəkətini
tənzimləyirdi. Ələ keçirilən bəbək-kuklalar
çevik, cəld hərəkətlərlə səciyyəvidir.
Bəzən “Kilimarası”
oyun-tamaşalarında istifadə edilən kuklalar uşaq boyda
olurdu. Onda oyunçular həmin kuklalara uşaq paltarları
geyindirirdilər. Bununla da göstərilən oyunun təbiiliyi
artır, cazibəsi təravətlənir,
tamaşaçılara təsir gücü
çoxalırdı.
Dram
aktyorunun kukla teatrı
Azərbaycanda kukla teatrının
tarixi və inkişafı elə də geniş
araşdırılmayıb. Düzdür, bəzi
teatrşünaslar kukla teatrı və onun təşəkkülü
ilə bağlı müəyyən fikirlər irəli
sürüblər. Ümumilikdə geniş tədqiqata
ehtiyacı olan bu sahənin günümüzdəki ən
populyar nümunəsi kukla tamaşalarıdır. Hazırda
ölkəmizdə bir neçə Kukla Teatrı fəaliyyət
göstərir ki, onlardan ən böyüyü paytaxt
Bakıda yerləşir.
Kukla Teatrının hazırda yerləşdiyi
binanı polşalı mülki mühəndis İosif
Ploşko inşa edib. Vaxtilə bu binada “Fenomen” kinoteatrı fəaliyyət
göstərib (1908-1910). Müxtəlif illərdə bu binada
kazino, “Satirogit” teatrı, Musiqili Komediya Teatrı və “Kənd
təsərrüfatı nailiyyətləri muzeyi” fəaliyyət
göstərib.
Hazırda Abdulla Şaiqin
adını daşıyan Azərbaycan Dövlət Kukla
Teatrının əsasını 1931-ci ildə görkəmli
sənətkar, dram aktyoru Mollaağa Bəbirli qoyub. Bu
teatrın «Sirk» adlı ilk tamaşası isə 1932-ci ildə
nümayiş olunub.
Sonralar müxtəlif vaxtlarda burada
teatr truppaları, muzey və s. fəaliyyət göstərmişdir.
Azərbaycanda kukla teatrı 1941-ci ilədək və
1946-1950-ci illərdə müstəqil, 1941-1946-cı illərdə
Gənc Tamaşaçılar Teatrının, 1950-ci ildən
Filarmoniyanın nəzdində fəaliyyət göstərmişdir.
1965-ci ildən isə yenidən müstəqil teatrdır.
İlk dövrlərdə teatrda Azərbaycan, rus, Avropa dramaturqlarının
pyesləri, Azərbaycan şifahi xalq ədəbiyyatı
motivləri əsasında hazırlanmış tərbiyəvi
əhəmiyyət xarakterli əsərlər səhnəyə
qoyulmuşdur. 1974-cü ildən teatra Abdulla Şaiqin adı
verilmişdir.
Ölkə prezidenti İlham Əliyevin
“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi
haqqında” 2007-ci il 19 fevral tarixli sərəncamına
uyğun olaraq əsaslı təmir-bərpa olunan teatrın
binası həmin ilin 26 dekabrında yenidən sənətsevərlərin
ixtiyarına verilib.
Bakıda fəaliyyət göstərən
uşaq teatrının uğurlu fəaliyyəti zaman-zaman
bölgələrdə də yeni kukla teatrlarının
yaranmasına şərait yaradıb. Hazırda Gəncə,
Naxçıvan, Qax, Salyan şəhərlərində kukla
teatrları var və onlar da öz repertuarları ilə
seçilən teatr ocaqlarından sayılırlar.
Azərbaycan Dövlət Kukla Teatrının
kollektivi müxtəlif illərdə Hindistan, Yəmən,
İran İslam Respublikası, Türkiyə, Hollandiya, Rusiya
(Moskva, Sankt-Peterburq, Arxangelsk, Krasnodar), Türkmənistan,
Gürcüstan və s. ölkələrdə, eləcə də
respublikamızda keçirilən beynəlxalq teatr festivallarında
iştirak etmiş, bir çox festivalların qalibi və
laureatı olmuşdur. Teatrın repertuarından Ü.Hacıbəylinin
“O olmasın, bu olsun”, Anarın “Qaravəlli”, H.X.Andersenin
“Bülbül”, A.Şaiqin “Tıq-tıq xanım”,
“Tülkü həccə gedir”, M.Seyidzadənin “Cırtdan”, M.F.Axundovun
“Parisi dağıdanlar”, A.S.Puşkinin “Qızıl xoruz”,
K.Aslanovun “Qızıl almalar” və s. əsərlər əsasında
hazırlanan tamaşaları xüsusi qeyd etmək olar. Teatrda əsası
xalq oyunları, dastanları, nağılları, dünya
klassikləri və müasir dramaturgiyamızın üzərində
köklənmiş müasir tamaşalar da hazırlanır.
Bu illər ərzində öz
yaradıcı əməyi ilə fərqlənmiş
rejissorlardan Tamilla Məhərrəmova, Namiq Ağayev, Rəhman
Əlizadə, Ələkbər Hüseynov, Elşad Rəhimzadə,
rəssamlardan Solmaz Haqverdiyeva, Solmaz Musayeva, Lətifə
Quluzadə, aktyorlardan Şahmar Hüseynov, Oqtay Dadaşov,
Nadir Zamanov, Şəfiqə Axundova, Həsənağa
Hüseynov, Rəhman Rəhmanov və başqalarının
adları xüsusi qeyd olunmalıdır.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2011.- 4 noyabr.-
S. 12.