«Bal, şəkər və duz»
Rumıniyanın «Qonq» teatrı təqdim etdi
Bakıda nağıllar aləmi
davam edir. Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində
noyabrın 2-də Rumıniyanın «Qonq» teatrı
hamımızın yaxşı bələd olduğu məşhur
«Bal, şəkər və duz» nağılını kuklalar
vasitəsilə balaca tamaşaçılara təqdim etdi.
Tamaşanın əsas qayəsini əsl məhəbbət təşkil
edir və insanların ən dəyərli duyğuları
vurğulanır. Bu övlad sevgisi, valideyn sevgisi və vətən
sevgisidir. Ümumilikdə rumın nağıllarından
ilhamlanaraq hazırlanmış tamaşa əslində təkcə
uşaqlar üçün deyil, hamı üçün nəzərdə
tutulub.
«Bal, şəkər və duz»
kukla tamaşası kralın üç qızını
yanına çağırıb, onların hansının
atalarını daha çox sevməsini soruşması ilə
başlayır. Qızlardan biri atasını bal, digəri isə
şəkər qədər çox sevdiyini deyir. Bu kralın
çox xoşuna gəlir. Onlardan ən kiçiyi isə
atasını duz qədər sevdiyini deyir və bundan
acıqlanan kral onu sarayından qovur.
İngilis dilində olmasına
baxmayaraq, çox sadələşdirilmiş kukla
tamaşasında uşaqlar evdən qovulmuş qızın
başına gələnləri və kralın tutduğu
işdən peşman olmasının şahidi oldular.
Tamaşanın sonluğu bütün nağıllarda
olduğu kimi bitdi. Kralın qovduğu qızı xeyirxah bir
oğlanla ailə qurub xoşbəxt oldu. Bu tamaşanın
kuklalarını yalnız iki aktyor - Mixaela Grigoraş və
Monika Baldea hərəkətə gətirdi. Ümumilikdə
isə bu teatr yalnız üç nəfərdən -
M.Griqoraş və onun həyat yoldaşı Florin Griqoraş,
M.Baldeadan ibarətdir. Teatrın rəhbəri
M.Griqoraşdır və tamaşalara özü səhnə həyatı
verir.
Gülər
Mədəniyyət.- 2011.- 4 noyabr.-
S. 11.