ASSİTEJ-in prezidenti
İvetta Hardi: "Birgə layihələr həyata
keçirmək istəyirik"
Beynəlxalq Kukla Teatrları Festivalında iştirak
edən mötəbər qonaqlardan biri də Beynəlxalq Uşaq
və Gənclər Teatrları Assosiasiyasının - ASSİTEJ-in prezidenti İvetta Hardidir (Cənubi
Afrika) . Qeyd edək ki, ASSİTEJ dünyanın 80-dək ölkəsinin
uşaq-gənclər teatrlarını birləşdirən nüfuzlu təşkilatdır.
Bakı festivalını yüksək qiymətləndirıən
İvetta Hardinin
sözlərinə görə, tədbirin təkcə kukla teatrlarının deyil,
uşaq və gənclər
teatrlarının inkişafına da
faydası olacaq.
- Bakıda ilk dəfə keçirilən bu festival münasibətilə sizi təbrik edirəm. Düşünürəm ki, bü festival uşaq və gənclər teatrlarının inkişafı istiqamətində də təcrübə mübadiləsi üçün olduqca əhəmiyyətlidir. Buraya gələn nümayəndələr, teatr kollektivləri həm bir-biri ilə ünsiyyətdə olur, həm də sizin yerli teatrlarla tanış olurlar. Bu mədəni mübadilədən yeni ideyalar yaranır, inkişaf üçün imkanlar açılır. Arzu edirəm ki, Bakı Beynəlxalq Kukla Teatrları Festivalı ənənə halını alsın.
Şərqdə və Azərbaycanda kukla teatrının tarixi haqda məlumatım var. Bilirəm ki, Şərq ölkələrində bəzi mərasimlərdə kuklalardan istifadə olunub. Ümumiyyətlə, Şərq ölkələrində kukla teatrının tarixi çox qədimdir. Cənubi Afrikada isə kukla ənənəsi yenidir. Buna görə də ASSİTEJ-ə üzv ölkələr arasında bu mübadiləni də həyata keçirmək önəmlidir. Belə ki, incəsənətdə , o cümlədən teatrda janrların sintezi müasir zamanın tələbidir. Artıq müasir tamaşalar bir deyil, bir neçə janrı özündə birləşdirir. Zənnimcə, köhnə və yenilik, tarixilik və müasirliyin əlaqəsi də özünü daha qabarıq göstərməlidir. Sizin çox qədim tarixiniz var. Bundan istifadə edərək uşaq və gənclərin incəsənətə marağını təşviq etmək, onların düzgün inkişafına yardım etmək mümkündür.
Artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da ASSİTEJ-in sıralarına qoşulub. Təbii ki, biz birgə fəaliyyətə ümid edirik. İlk olaraq Azərbaycanın bölgələri ilə tanış olmaq, tarixiniz və mədəniyyətinizi görmək istərdim. Daha sonra yeni simaları, yeni istedadları tapmaq və onları dünyaya tanıtmaq istiqamətində işlərin aparılmasına çalışacağıq . Həmçinin azərbaycanlı artistlərin dünya ölkələrinə səfərlərini təşkil etmək, eləcə də dünya ölkələrindən sənətçiləri Azərbaycana dəvət etmək və qarşılıqlı mübadiləni təmin etməklə inkişafa yol açmaq olar. Əminəm ki, gələcəkdə bizi daha maraqlı müştərək işlər gözləyir. Biz uşaq və gənclərin teatra marağını artırmaq üçün daha çox çalışmalıyıq. Arzu edirəm ki, bu istiqamətdə hər birimiz səmərəli iş aparaq.
Reyhan
Mədəniyyət.-
2011.- 4 noyabr.- S. 9.