“Boy çiçəyi”nin ətri
Qarabağda
gözəl bir çiçək bitir, boy çiçəyi.
İlyas Əfəndiyevin dramaturgiyamıza gətirdiyi bu
çiçək 47 ildir ki, səhnəmizdə saf məhəbbətin
rəmzi kimi ətir saçır.
Noyabrın 2-də Akademik Milli Dram
Teatrının səhnəsində Xalq yazıçısı
İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən
və yaxud boy çiçəyi” pyesi əsasında
hazırlanmış iki hissəli tamaşanın premyerası
oldu. Xatırladaq ki, İlyas Əfəndiyevin psixoloji-lirik
janrda qələmə aldığı bu pyes ilk dəfə
1964-cü ildə elə bu səhnədə görkəmli rejissor
Tofiq Kazımovun quruluşunda “Sən həmişə mənimləsən”
adı ilə səhnəyə qoyulub və böyük
uğur qazanıb. 47 ildən sonra əsər Xalq artisti Azər
Paşa Nemətovun quruluşunda tamaşaçılara təqdim
olundu.
Tamaşadan əvvəl Xalq
yazıçısı Elçin jurnalistlərin
suallarını cavablandırdı. O, bildirdi ki, uzun illərdən
sonra görkəmli rejissor Azər Paşa Nemətov bu əsərə
müraciət edərək onu yenidən səhnələşdirib.
Rejissor bu dəfə tamaşanı ikinci adı - “Boy
çiçəyi” adı ilə adlandırıb. Boy
çiçəyi Qarabağda bitən xarıbülbül
tipli ətirli bir güldür.
- “Sən həmişə mənimləsən”
pyesi Akademik Milli Dram Teatrında səhnəyə qoyularkən
o dövrdə həm teatr, həm də dramaturgiyada
böyük bir hadisəyə çevrildi. Azərbaycan
dramaturgiyasında bu tamaşa ilə psixoloji-lirik janrın əsası
qoyuldu və eyni zamanda Azərbaycan teatrına yeni istedadlı
aktyorlar, aktrisalar gəldi. İlk növbədə, Xalq artisti
Amaliya Pənahovanın adını çəkmək istəyirəm.
O tamaşanın premyerası yadımdadır, o zaman Amaliya
xanım 18 yaşlı bir qız idi. İnstitutun birinci
kursunda oxuyurdu. Onu teatra Tofiq Kazımov dəvət etmişdi.
İlk rolu da “Sən həmişə mənimləsən”
tamaşasında Nargilə rolu oldu. Həmin tamaşanın səhəri
Amaliya xanım çox məşhur bir aktrisaya çevrildi. O
zaman Amaliya Pənahovanın tərəf-müqabili görkəmli
aktyorumuz Əli Zeynalov idi.
Bu gün isə yeni quruluşda
hazırlanmış bu tamaşa mənim üçün də
gözlənilməz oldu. Mən tamaşanın nə məşqlərində,
nə də ictimai baxışında iştirak etməmişəm.
Amma sevindirici haldır ki, görkəmli aktyorumuz Fuad Poladov
uzun fasilədən sonra yenidən bu səhnədə
çıxış edir. Onun tərəf-müqabili isə gənc
aktrisa Məsmə Aslanqızıdır. Mənim
üçün də maraqlıdır, onlar Həsənzadə
və Nargilə obrazlarını necə oynayacaqlar?”
Nargilə və Həsənzadə 47 ildən sonra
...Çox vaxt keçib, lap
çox... zaman da dəyişib, meyarlar da, münasibətlər
də... Fərqi yoxdur, dünən, ya bu gün dəyişməyən
bu böyük dünyada sevgidən məhrum olan kimsəsiz və
köməksiz bir qızcığazın axtardığı,
sığına biləcəyi, güvənə biləcəyi,
etibar edə biləcəyi sevgidir. Zülmət içində
işığı - Həsənzadəni tapır. Həyata
yenicə atılmış bir qızla həyatın xoşbəxtliyini,
uğurunu, uğursuzluğunu yaşamış yaşlı
bir insanın qarşılaşması taleyin
ironiyasıdırmı? Sevgisi yolunda fədakarlığa
hazır olan Nargilə və qızın həyatını
xilas etməyə hazır olan və bu yolda fədakarlıq edən
Həsənzadə və Azər Paşa Nemətovun fərqli
rejissor yozumunda vaxtı tamaşaçılara unutdura bildi.
Baxmayaraq ki, bu tamaşanın mövzusu hər kəsə bəlli
idi, ən uğurlu tamaşalarda olduğu kimi “Boy
çiçəyi” dinamikliyi, çevikliyi, gözlənilməz
döngələri ilə tamaşaçını sonacan
intizarda saxladı.
Yeni Nargilə sələflərindən
nə ilə fərqləndi? Cavab birmənalıdır: təbiiliyi
və həyatiliyi ilə. Tamaşaçı Nargiləni bu dəfə
olduqca təbii, sadə oyun tərzi ilə sevdi. Məsmə
Aslanqızı Nargilə obrazı ilə parlaq bir rola imza
atdı.
Yeni Həsənzadə isə
daxili iztirablarını tamaşaçıya yükləmədi.
Sakitcə əlini uzadıb uçurumun kənarında dayanan
qızı böyük sevgisi ilə xilas etdi. Əli Zeynalov,
Rasim Balayev kimi Fuad Poladov da fərqli bir Həsənzadə ilə
yadda qaldı.
Azər Paşa
Nemətov, Xalq artisti:
- İlyas
Əfəndiyevə sağlığında
canlı klassik deyirdilər. Bu əsər də onun şah əsərlərindən
biridir. İlk dəfə bu
əsəri tamaşaya
qoyan qüdrətli sənətkar Tofiq Kazımov olub. Sonralar Gülcahan Güləhmədova-Martınova
bu əsərin televiziya tamaşasını
hazırlayıb. Bu tamaşanı mənə
həvalə edəndə
sözlə yox, əməllə sübut etmək istədim ki, İlyas Əfəndiyev həqiqətən
də klassikdir.
Bu əsər
XX əsrin ortalarında
tamaşaya qoyulub və bu gün
də tamaşaya qoyulanda mahiyyəti dəyişmir, bu əsəri əlli ildən sonra da tamaşaya qoysalar, yenə müasir olacaq. Bu mövzu dünən
olduğu kimi bu gün də
insanlar, xüsusi ilə gənclər üçün maraqlı
bir mövzudur. Ona görə də əsəri müasirləşdirmək
qərarına gəldim.
Tamaşanın əvvəlində Nargilə müasir qızlardan biridir. Atasız böyüyən, ana nəvazişi görməyən
bu qız çətinliklərə baxmayaraq
mənəviyyatını qoruyub
saxlayıb. Tamaşanın sonunda Nargilə artıq başqa, yetkin bir insana
çevrilir.
Vaxtı ilə Həsənzadə
rolunu böyük sənətkarımız Əli
Zeynalov oynayıb.
Mən o
tamaşanı səhnədə
görməsəm də,
fraqmentlərinə baxmışam.
Bizim görkəmli sənətkarımız
Amaliya xanım o tamaşada çox böyük uğur qazanmışdır. O tamaşanın
əks-sədası indiyə
kimi yaşayır. Bu rolu televiziya
tamaşasında Rasim
Balayev də çox gözəl oynayıb, Nargiləni də Məlahət Abbasova özünəməxsus
oynayıb.
Ancaq bugünkü günün
gözü ilə baxanda Həsənzadə çox çevik, müasir, eyni zamanda çox böyük insan kimi göstərilməli idi. Belə bir ifadə var: səndən uzaqlaşıram ki, sənə yaxınlaşım.
Həsənzadə Nargilədən uzaqlaşır,
amma ona gözəl bir həyat bağışlaya
bilir.
Biz Fuad
Poladovun vasitəsi ilə tamaşaçılara
yeni bir Həsənzadə təqdim
etdik və o da sağ olsun
ki, bu rolu
yüksək sənətkarlıqla
oynadı.
Məsmə Aslanqızı,
Əməkdar artist:
- 16 il
ərzində teatrda çox rollar oyanmışam. Arzum idi ki, “Sən həmişə mənimləsən” tamaşası
nə vaxtsa Akademik Milli Dram Teatrında səhnələşdiriləndə
Nargilə rolunu oynayım. Çünki neçə illər
bundan əvvəl Heydər Əliyev Sarayında İlyas Əfəndiyevin xatirə
gecəsi keçirilirdi,
o gecədə “Sən
həmişə mənimləsən”
tamaşasından bir parça oynadıq.
O parçada Nargilə
rolunu mən, Həsənzadə rolunu rəhmətlik Əlabbas Qədirov oynamışdı.
O qədər uğurlu
alınmışdı ki,
tamaşaçılar dayanmadan
bizi xeyli alqışladılar. Ondan sonra
daha çox aşiq oldum bu rola.
Qismət elə gətirdi
ki, bu əsər
teatrımızda tamaşaya
qoyuldu, Azər müəllim Nargilə rolunu mənə həvalə elədi.
Fuad Poladovla ikinci dəfə idi ki, bir səhnədə
oynayırdıq. Artıq bir
dəfə səhnədə
tərəf-müqabil olsaq
da, yenə mən Fuad müəllimdən
çəkinirdim. Fuad müəllimlə
bir tamaşada oynayandan sonra başqa bir aktyorla tərəf-müqabili
olmaq çox çətindir. O, həm
gözəl aktyor, həm də gözəl insandır. Əgər rolumun yaxşı alınmasının 60 faizi
məndən asılıdırsa,
40 faizi ondan asılıdır. Çünki bu rolu oynayarkən
səhnədə implusu
tərəf-müqabilimdən alıram. Vida səhnəsində o mənə
baxanda gözləri dolur, o gözlərdə yaş görürəm, həmin anda təbii ki, mən də dayana bilməyib ağlayıram. Böyük fəxrdir
ki, mən Fuad Poladov kimi
bir aktyorla bir səhnəni bölüşürəm.
Ola bilsin
ki, yaşlı nəsil bu Nargiləni,
bu Həsənzadəni
qəbul eləməsin.
Çünki bugünkü Nargilə
səhnəyə oğlansayağı
- başında papaq, ağzında saqqız çıxır, amma buna haqq qazandırmaq
olar. Nargilə atadan-anadan yetim
qalmış bir uşaqdır. Ata ölüb, ananın başı məişət
işlərinə qarışıb.
Bu qızın həyatı Allahın ümidinə qalıb.
Əgər bu keçid
dövründə, ağır
məqamda yaxşı
bir insana rast gəlsən xilas olacaqsan. Nargilənin qarşısına Həsənzadə
çıxır, Nargilə
dəyişib tamam başqa bir Nargiləyə çevrilir.
Həsənzadə Nargiləni xilas
edir, ancaq öz səadətini həmişəlik itirir.
Bəlli
deyil, yeni bir sevgisi olacaqmı?
Bu rolu
çox sevdim, ən gözəl təbrik sözlərini də mənə, təbii ki, tamaşaçılarım dedilər.
Fuad Poladov, Xalq
artisti:
- Bu rolla bağlı ürəyimdə
olan bütün sözləri artıq səhnədən tamaşaçılara
dedim. Mənə yaxın olmayan
rolları demək olar ki, oynamıram.
Yaxın
olmaqdan başqa ürəyində tamaşaçıya
deyiləsi gərək
bir sözün olsun. Bir insan, bir vətəndaş kimi.
Obrazın demək istədiyi
sözü deməyə
çalışdım.
Bütün tərəf-müqabillərimdən
razıyam, o cümlədən
Məsmə xanımdan.
Məsmə xanım çox
istedadlı bir aktrisadır, bu rolun da öhdəsindən
uğurla gəldi.
Qeyd edək ki, tamaşada
xalq artistləri Şükufə Yusupova, əməkdar artistlər Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Elnar Qarayev, Fəridə Əliyeva da yaddaqalan rollar yaradıblar.
Uğurlu tamaşa, alqışlar və çiçəklər...
“Boy çiçəyi”nə
tamaşa edəndən
sonra əminəm ki, çoxları özünə bu sualı da verdi: bu gün cəmiyyətimizdə
Nargilələr çoxdur,
bəs Həsənzadələr
necə? Həsənzadə
rolunun ifaçısı
Fuad Poladovun bu suala verdiyi
cavab sualımızın
ən yaxşı cavabdır: “Bu gün Həsənzadə kimi insanlar demək olar ki, cəmiyyətdə
həddindən artıq
azdır. Ancaq belə insanlar
cəmiyyətə bu
gün çox lazımdır”.
Bütün bunlar tamaşa
barədə təəssüratlar
idi. Əsl sevgi və yaxşı
adam haqqında
tamaşa görmək
istəyənləri “Boy çiçəyi”nə
baxmağa dəvət
edirik.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 4 noyabr.- S. 7.