“Şərq
və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika”
Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində
elmi simpozium
Beynəlxalq Kukla
Teatrları Festivalı çərçivəsində
noyabrın 2-də Dövlət Akademik Milli Dram Teatrında “Şərq
və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika”
mövzusunda beynəlxalq elmi
simpozium keçirildi.
İki sessiyadan ibarət
simpoziumda “Müasir kukla teatrı: ideya, təşəkkül,
perspektivlər” mövzusunda
çıxışlar dinlənildi, kukla teatrlarının milli mədəniyyət və ənənələrin
qorunmasında rolu, mənəvi-tərbiyəvi
xüsusiyyətləri barədə diskussiyalar
aparıldı.
Simpoziumun moderatoru sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları Festivalını tarixi görüş kimi qiymətləndirdi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın müstəqilliyinin bərpasından ötən dövr ərzində mədəniyyətin, o cümlədən milli teatrın keçdiyi inkişaf yoluna nəzər saldı. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlər keçirildiyini deyən nazir müavini Beynəlxalq Kukla Teatrları Festivalının da bu əlamətdar tarixə həsr olunduğunu bildirdi.
Nazir müavini müstəqillik illərində mədəniyyətimizin əldə etdiyi uğurların dövlətin bu sahəyə diqqət və qayğısının nəticəsi olduğunu vurğuladı: “1995-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq “Mədəniyyət haqqında” qanun qəbul olundu. Bu sənədin böyük bir bölümü teatra həsr olunmuşdu. 1998-ci ildə keçmiş SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda ulu öndərin sərəncamı ilə görkəmli sənət adamlarına ömürlük təqaüdlər verilməyə başladı. Hazırda bu təqaüdü alanların sayı 300-ə yaxındır. 2003-cü ildən ölkə başçısının imzaladığı yeni bir sərəncamla hər il 100 nəfərə aylıq Prezident təqaüdü verilməyə başlandı.
2006-cı ildə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə yenə keçmiş SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda “Teatr haqqında” qanun qəbul olundu. Sənəddə teatr fəaliyyətinin bütün sahələri tənzimləndi. 2007-ci ildə ölkə başçısı İlham Əliyev Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı böyük bir sərəncam imzaladı. Bu sərəncamın nəticəsi olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı, Ağdam Dram Teatrı və Mingəçevir Dram Teatrının binaları yüksək səviyyədə təmir-bərpa olundu, dünya standartlarına uyğun texniki avadanlıqlarla təchiz edilərək istifadəyə verildi. Bu günlərdə Rəşid Behbudov adına Mahnı Teatrının təmir-bərpadan sonra açılışı oldu. Bir neçə aydan sonra Dövlət Musiqili Komediya Teatrının binası əsaslı təmirdən sonra öz qapılarını tamaşaçıların üzünə açacaq. Opera və Balet Teatrında gələn il əsaslı bərpa və təmir işləri başlanacaq. Bir neçə teatrın-İrəvan, Şuşa, Bələdiyyə teatrlarının bina məsələləri həll olunub. Növbəti illər üçün regionlarda yeni teatr binalarının tikintisi, o cümlədən təmir və bərpası üzrə layihə-smeta sənədləri hazırlanır.
Teatrlarımızın beynəlxalq
əlaqələri uğurla inkişaf edir
2009-cu ildə ölkə başçısı İlham Əliyev yeni bir sərəncama imza atdı. Yenə də keçmiş SSRİ məkanında ilk dəfə olaraq ölkəmizdə «Azərbaycan Teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı təsdiqləndi. Dövlət Proqramının müvafiq maddələrinə uyğun olaraq Azərbaycan beynəlxalq teatr institutları, beynəlxalq mədəniyyət təsisatları ilə çox sıx əlaqələr qurmağa başladı.
2010-cu ilin noyabrında keçmiş SSRİ məkanında, bəlkə də bütövlükdə Avropa məkanında ilk dəfə olaraq Bakıda Beynəlxalq Bakı Teatr Forumu keçirildi. Dünyanın 30 ölkəsindən 70-dən çox aparıcı teatr tənqidçiləri, rejissorlar, dramaturqlar, menecerlər, teatr sənətinin biliciləri Azərbaycanda toplaşdılar. Həmin forumun bəzi iştirakçıları bu gün burada, Beynəlxalq Kukla Teatrları Festivalının qonaqları arasındadır”.
Nazir müavini ölkəmizin teatrlarının beynəlxalq əlaqələrinin də uğurla inkişaf etdiyini vurğuladı: ”Bu gün Azərbaycan teatrlarının sorağı xarici ölkələrə qastrol səfərlərindən gəlir. Azərbaycan rejissorları xarici ölkələrdə tamaşalara quruluş vermək üçün dəvətlər alırlar. Həmçinin Azərbaycanda son bir neçə ildə əcnəbi baletmeysterlər, rəssamlar, rejissorlar, hətta aktyorlar səviyyəsində 45-dək uğurlu layihə həyata keçirilib”.
Ədalət Vəliyev ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət tədbirləri, festivallar barədə də söz açdı: “Bu xüsusda təkcə 2011-ci ilin ikinci yarımilində həyata keçirilən bir neçə beynəlxalq layihəni xatırlatmaq istəyirəm. Bu ilin iyulunda Qəbələdə beynəlxalq musiqi festivalı həyata keçirildi. Dünyanın böyük simfonik orkestrləri, məşhur pianoçular, musiqiçilər festivalda iştirak etdilər.
Sentyabrın 18-dən 30-dək Azərbaycan peşəkar musiqi sənətinin yaradıcısı Üzeyir Hacıbəylinin adını daşıyan III Beynəlxalq Musiqi Festivalı gerçəkləşdi. Oktyabrın 15-dən 30-dək Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçirildi.
Bu gün sizinlə belə bir möhtəşəm festivalda iştirak edirik. Beynəlxalq Kukla Teatrları Festivalının keçirildiyi günlərdə, noyabrın 4-də Muzey Mərkəzində Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Kukla Biennalesi təşkil ediləcək. 12 ölkə tədbirdə təmsil olunacaq.
Bir neçə gündən sonra Azərbaycanda növbəti böyük bir tədbirə - dekabrda keçiriləcək Rostropoviç adına beynəlxalq musiqi festivalına hazırlıq başlanacaq.
Göründüyü kimi, təkcə yarım il ərzində həyata keçirdiyimiz və keçirəcəyimiz beynəlxalq tədbirlər nə qədər zəngin və çoxşaxəlidir. Bütün bunlar görünən uğurlardır. Amma gözlə görünməyən və icrası illər tələb edən məsələlər də var. Bu sahədə də Mədəniyyət və Turizm Nazirliyi böyük nailiyyətlərə imza atıb. Amma bütün bunların arxasında güclü dövlət dayanıb. Bu dövlətin mədəniyyətə göstərdiyi ciddi bir qayğı dayanıb, qanunlar, sərəncamlar dayanıb”.
Nazir müavini qeyd etdi ki, dünyanın müxtəlif ölkələrində baş verən maliyyə böhranları burulğanında teatrların inkişaf imkanlarının məhdud olduğu bir zamanda Azərbaycanda dövlət teatrlarda hazırlanan tamaşalara subsidiyalar ayırır. İl ərzində hazırlanan 100-dək tamaşanın təxminən 50-si dövlətin hesabına maliyyələşir və dövlət sifarişi ilə həyata keçirilir. Gənc rejissorların xarici ölkələrdə ixtisasartırma kurslarına göndərilməsi dövlət hesabına həyata keçirilir. Gənclərin istedadının üzə çıxarılması ilə bağlı regionlarda festivallar, müsabiqələr keçirilir.
Akademik teatrlara yol kukla teatrlarından başlayır
Beynəlxalq elmi simpoziumun olduqca aktual məsələyə həsr
olunduğunu deyən nazir müavini ümumilikdə dünyada
teatr sənətinin inkişafında kukla teatrlarının böyük
rolu olduğunu bildirdi: “Çıxışlarımın
birində söyləmişəm:
böyük teatrlara, akademik teatrlara yol kukla teatrlarından
başlayır. Təcrübə
göstərir ki, kukla teatrının təsiri ilə tərbiyə alan
uşaqlar, uşaq teatrlarında tamaşaçı
kimi yetişən uşaqlar böyüdükdə
akademik teatrların tamaşaçılarına çevrilirlər.
Güman edirəm ki, bizim festival çərçivəsində göstəriləcək tamaşalar
Azərbaycan körpələrinə,
fidanlarına sevinc bəxş etməklə yanaşı, yaxın gələcəkdə Azərbaycanda
və dünyada kukla teatrlarının gedəcəyi yola da bir nəzər
salacaq, işıqlı
məqamlar axtarıb tapacaq və onu ictimaiyyətin, o cümlədən mütəxəssislərin
diqqətinə çatdıracaq.
Arzu edirəm ki,
bu simpoziumun iştirakçıları 2012-ci ildə yenidən Azərbaycana gələrək
II Beynəlxalq Bakı
Teatr Forumunun iştirakçısı olsunlar.
Biz Beynəlxalq
Kukla Teatrları Festivalını da ənənəvi olaraq, iki ildən bir keçirmək istəyirik. Çox istəyirəm
ki, UNİMA, Beynəlxalq
Teatr İnstitutu, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası
ilə sıx əlaqələrimiz qurulsun.
Məlum olduğu kimi,
Azərbaycan Dövlət
Kukla Teatrı Beynəlxalq Kukla Teatrları Assosiasiyasına
- UNİMA-ya üzv olub, Gənc Tamaşaçılar Teatrı
isə Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasına - ASSİTEJ-ə üzv qəbul olunub. Dövlət Kukla Teatrının
direktoru Rəşad Əhmədzadə və Gənc Tamaşaçılar
Teatrının direktoru
Mübariz Həmidov həmin qurumların Azərbaycan üzrə milli mərkəzlərinə
rəhbərlik edəcək.
Eyni zamanda, Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının Azərbaycan
Mərkəzi də yaradılacaq və teatrşünas-alim Məryəm
Əlizadə bu quruma rəhbərlik edəcək. Bu təşkilatların ölkəmizdə
milli mərkəzlərinin
fəaliyyətə başlaması
bizim əlaqələrimizi
daha da genişləndirəcək.
Arzu edirəm ki, bu beynəlxalq qurumlarla əməkdaşlıq
bütün Azərbaycan
teatrlarını əhatə
etsin. Biz bu sahədə beynəlxalq əməkdaşlıqda
maraqlıyıq. Azərbaycan mədəniyyətinin
və dünya teatr prosesinin inkişafına təsir edə biləcək təkliflərə qoşulmağa,
dəstək verməyə
də hazırıq”.
Bakı kukla teatrlarına dost şəhərlərin
şəbəkəsinə daxil olacaq
Simpoziumda çıxış edən
UNİMA-nın baş
katibi Jak Trüdo beynəlxalq festivalların təşkilinin
ölkələr arasında
mədəni əlaqələrin
inkişafına müsbət
təsiri olduğunu bildirdi, simpoziumun əhəmiyyətini qeyd etdi: “Bu tədbir Şərq və Qərb kukla teatrlarını bir araya gətirir. Müxtəlif ölkələrin kukla teatrları arasında əməkdaşlığı
çox əhəmiyyətlidir.
Azərbaycan Qərblə Şərqin
arasında yerləşir
və bu ölkənin mədəniyyəti,
o cümlədən kukla
teatrı sənəti
Qərb və Şərq mədəniyyətlərindən
bəhrələnərək zənginləşib”.
UNİMA-nın baş katibinin sözlərinə
görə, bu gün dünya teatrlarında müxtəlif
forma və metodlardan istifadə olunur. Tamaşaların təqdimetmə formaları
da yeniləşib.
“Amma biz eyni
zamanda ənənələr
haqqında düşünməliyik.
İndi dünyada kukla teatrlarına dost olan şəhərləri
müəyyənləşdiririk. Bu böyük bir
layihədir. Biz Bakını
da kukla teatrlarına dost şəhər
kimi bu şəbəkəyə
daxil etmək istəyirik”.
Teatrşünas Aydın Talıbzadə
kuklaları bəşəriyyətin
qədim ənənəvi
oyuncağı kimi dəyərləndirdi. Onun sözlərinə
görə, kukla sosial kulturoloji bir təzahür olmazdan əvvəl insan psixikası ilə bağlı təzahür olub. Kukla və mif insan
psixikasının paralel
məhsullarıdır. Kukla eyni zamanda mistika
ilə oyunbazlığın,
miflə reallığın,
dinlə ateizmin, klassika ilə avanqardın sərhədində
qərarlaşır.
Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Əl-Əfxam
kukla teatrlarının
yalnız balacalarla əlaqələndirməyin düzgün
yanaşma olmadığını
dedi. “Bu gün
dünya kukla teatrlarında müxtəlif
növ və həcmdə olan kuklalardan istifadə olunur. Kompyuter proqramları inkişaf
edib. Mən hesab edirəm
ki, bütün bunların fonunda bizim əsas vəzifəmiz kukla teatrı ənənəsini
saxlamaqdır. Biz bu işə kömək etməliyik ki, ənənəvi kukla sənəti yaşasın”.
Kukla teatrları həyata fərqli baxış deməkdir
Beynəlxalq Uşaq və
Gənclər Teatrları
Assosiasiyası - ASSİTEJ-in prezidenti İvetta Hardi yeni əlaqələrin
yaradılmasının vacibliyindən
danışdı. “Mədəniyyət çoxtərəflidir.
Belə festivallar mədəniyyət
ocaqları ilə yeni əlaqələrin yaradılmasına imkan verir. Teatr həyatın bir
hissəsidir. Biz kukla teatrları vasitəsilə həyata yeni və fərqli
gözlə baxa bilirik. Uşaqlar bu sahə vasitəsilə ortaq bir şəkildə əlaqə yaratsınlar,
humanizm təbliğ olunsun”.
Gürcüstanın
İliya Universitetinin rektoru, teatrşünas, Levan Xetaquri kukla teatrları tərəfindən yeni
forma və metodların
axtarıb tapılmasının
zəruriliyindən danışdı:
“Biz yeni, universal formaları
tapmağa çalışırıq.
İndi kukla teatrları təkcə balacaları deyil, böyükləri də əhatə etmək istəyirlər.
Biz yeni imkanlardan
istifadə etməliyik
və təcrübə
mübadiləsi aparmalıyıq”.
Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə
əlaqələndiricisi İbrahim
Assiri ərəb ölkələrinin bir çoxunun bu festivalda iştirak etmədiyinə görə
təəssüf etdiyini
dedi: “Növbəti festivallarda onları bizimlə birgə görmək istərdim. Arzu edərdim ki, Azərbaycan dövlətinin
kukla teatrlarına göstərdiyi qayğı
kimi, digər ölkələrdə də
kukla teatrlarına qayğı göstərsinlər”.
Mədəniyyətlərarası dialoqa yeni töhfə
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Azərbaycanın mədəniyyətlərarası dialoqun mərkəzinə çevrildiyini qeyd edərək, dünyanın kukla teatrlarını bir araya gətirən festivalın da buna nümunə olduğunu dedi. Azərbaycanda kukla teatrlarının tarixindən danışan natiq vurğuladı ki, bu teatr xalq oyun tamaşalarının poetikasını, estetikasını mənimsəyib. “Bu gün dünyanın əksər ölkələrində kukla teatrlarının inkişafına önəm verilir. Bəzi teatrlar kukla teatrının ənənəvi formalarını qoruyub saxlayır, bəziləri isə ənənədən tamamilə uzaq yeni forma və metodlar tətbiq edirlər. Mən kukla teatrlarının gələcəyinə çox nikbin baxıram”.
UNİMA-nın Türkiyə təmsilçisi Mövlut Özhan, UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava çıxışlarında XVIII-XIX əsrlərdə kukla teatrlarının keçdiyi inkişaf yollarına nəzər saldılar, teatrlar arasında mədəni əlaqələrin qurulmasında belə festivalların keçirilməsinin əhəmiyyətindən danışdılar.
Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais Azərbaycanın kukla teatrlarının beynəlxalq əlaqələrinin inkişafından məmnunluğunu bildirdi. O, simpoziumun və ümumilikdə festivalın əhəmiyyətini qeyd edərək bu barədə yazılar hazırlayacağını bildirdi: “Mən burada öyrəndim ki, Azərbaycanda kukla teatrlarında kilimdən də istifadə olunub. Ümumilikdə, bu gün ənənələr arasında əlaqələrin gücləndirilməsi üçün geniş fürsət var. Mən eyni zamanda düşünürəm ki, Bakı qədim və müasir teatrın birləşdiyi yer ola bilər və buna layiqdir”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.- 2011.- 4 noyabr.-
S. 4-5.