Bakıda Beynəlxalq Kukla Biennalesi

 

   Noyabrın 4-də Muzey Mərkəzinin sərgi qalereyasında «Fusion Doll» adlı I Bakı Beynəlxalq Kukla Biennalesi açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq sərgi noyabrın 10-dək davam edəcək.

  

   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımovun sözlərinə görə, dünyada müəllif kuklaları sahəsində ilk dəfədir ki, belə bir beynəlxalq sərgi Azərbaycanda keçirilir: «Son 25 il ərzində təsviri sənət növləri arasında müəllif kuklaları dünya mədəniyyətinin irsi olaraq, tamhüquqlu sənət növü kimi özünü büruzə verib. Getdikcə dünyada bu sənətə maraq artmaqdadır. Artıq dünyanın bir sıra aparıcı ölkələrində - Britaniyada, Rusiyada, Fransada və s. bununla bağlı qalereyalar da var. Bu ölkələrin özünəməxsus sənət aləmi mövcuddur. Beləliklə, bu sənət getdikcə populyarlıq qazanaraq bir sıra sahələrdə böyük uğurlar əldə edib. Teatr və bədii oyun kuklası məziyyətindən ayrılaraq, bədii kukla kimi digər sənət əsərləri sırasında özünə layiq yer tutub. Belə bir tədbirin keçirilməsi üçün ölkəmizdə artıq zəmin yaranıb”.

   Sektor müdirinin sözlərinə görə, Azərbaycandan Elmira Abbaslı, Tamilla Qurbanova, Pərviz Hüseynov, İrina Qundorina kimi sənətkarlar vaxtaşırı xarici ölkələrdə keçirilən sərgilərdə, beynəlxalq kukla festivallarında iştirak edirlər. Bu sənətkarların artıq davamçıları da yetişib. Müşahidələr və təhlillər onu göstərir ki, doğrudan da, bu sənətə qarşı maraq artmaqdadır. Eyni zamanda Bakıda da bir neçə dəfə belə kukla sərgiləri təşkil olunub. Məsələn, bir neçə il bundan əvvəl Rusiyanın kukla aləmində ən məşhur qalereyalarından biri olan «Vaxtanov» qalereyasının eksponatlarından ibarət sərgi təşkil olunmuşdu. Həmin sərgi olduqca böyük rezonans yaratdı. Muzey Mərkəzində Pərviz Hüseynov və İrina Qundorinanın əsərlərindən ibarət fərdi sərgi təşkil olunub: ”Bütün bunlar Azərbaycanda da «Fusion Doll» adlı I Bakı Beynəlxalq Kukla Biennalesinin təşkil olunması üçün bir zəmin yaradıb».

   I Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədlərindən də danışan Q.Qasımov bunun dünyadakı kukla sənəti sahəsində baş verən bədii proseslər və məşhur kukla ustalarını Azərbaycan tamaşaçıları ilə tanış etməkdən ibarət olduğunu bildirdi: «Etnoqrafikfolklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa nüfuzlu təşkilatları cəlb etmək də bu məqsədlər sırasındadır. Düşünürük ki, bu biennale gələcəkdə özünə bəlli bir status qazanacaq və dünyanın bir sıra tanınmış kukla ustalarının bu sərgiyə marağı ildən-ilə artacaq. Bununla da, gələcəkdə təkcə müasir ustaların deyil, həmçinin antikvar kukla sərgilərini Azərbaycanda təşkil etməklə, dünya kukla məktəbinin nailiyyətlərinin retrospektivi, Avropa kuklasının bərqərar olmasının mənbələri ilə tanış olmaq mümkün olacaq. Ustad dərslərinin keçirilməsi şərti ilə, aparıcı mütəxəssislərin dəvət edilməsi, Azərbaycanın kukla üzrə gənc rəssamlarına öz ustalıqlarını təkmilləşdirmək və dünyanın ən məşhur sərgi meydançalarında işlərini layiqincə nümayiş etdirmək imkanını artıracaq. Eyni zamanda bu biennale gələcək inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirməyə təkan verəcək. Və Azərbaycan mədəniyyətinin, incəsənətinin özünəməxsus qolu olan bu sənət növünün tanındığını göstərə biləcəyik».

   Qeyd edək ki, I Bakı Beynəlxalq Kukla Biennalesində dünyanın 9 ölkəsindən 19 kukla ustası iştirak edəcək: Azərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya (Riqa kukla muzeyi), Niderland, RusiyaVaxtanov» qalereyası) və Ukrayna.

   Sərgidə Azərbaycandan peşəkar müəllif kuklaları sənətinin yaradıcısı, «Çeşmə» Mədəniyyət Mərkəzi nəzdində ilk özəl kukla muzeyininmilli geyimlərin yaradıcılarından biri Elmira Abbaslı, respublikamızda konseptual və art-kuklanın əsasını qoymuş Pərviz Hüseynovİrina Qundorina, peşəkar heykəltəraş, akademik məktəbin nümayəndəsi Tamilla Qurbanova, eləcə də «Da Art» studiyasının şagirdləri iştirak edəcəklər.

   Tədbirin iştirakçıları arasında Belarusdan interyer kukla ustası Qalina Dmitruk, Çexiya kukla klubunun yaradıcısı, Praqadakı beynəlxalq kukla sərgisinin direktoru Boqdana Klotilova, interyer kuklası sahəsində mütəxəssis Yelena İlina, İtaliyadan kukla sənətinin magistri, bir çox beynəlxalq mükafatların laureatı Katerina Veştak, Rusiyadan «Vaxtanov» Kukla qalereyasının direktoru İrina Mızina, «Dünya kuklaları» Fondunun icraçı direktoru Olqa Laxina, «DollArt» yaradıcılıq birliyinin üzvü İrina Qoryunova, Sankt-Peterburq kukla məktəbinin tanınmış nümayəndələri Olqa Qerr, Natalya Beltyukova, Viktor Qriqoryev, habelə Fransa, Latviya, Niderland, Ukrayna mütəxəssisləri yer alacaq.

   Noyabrın 8-də Muzey Mərkəzinin Akt zalında, sərgi çərçivəsində kukla sənətinin problemləri üzrə «Kuklanın ikinci nəfəsi» adlı konfrans keçiriləcək.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 4 noyabr.- S. 3.