«Kağız
Kino»nun “Üç hekayə”si
Beynəlxalq Kukla Teatrı Festivalında nümayiş
olunan səhnə əsərləri arasında ingilislərin
«Kağız kino» (“Paper Cinema”) teatrının təqdimatı
xüsusilə yaddaqalan oldu.
“Paper Cinema” illüstrasiyalı
mahnı, kölgə, tüstü, ayna, kukla tamaşası,
film tamaşası, səhnə tamaşası, sehrli
tamaşa, tamaşa və nağıl nümayişidir. Teatr
festivala üç hissədən ibarət “Həşərat
hökmdarı” (10 dəqiqə), “Gecə səyyahı” (20 dəqiqə)
və “Dağ ovsunçusu” (40 dəqiqə) adlı qısa
filmlərlə gəlib.
Bu tamaşa canlı musiqi və hərəkət
edən təsvirlər sayəsində yaranır. Əllə
çəkilmiş kağız kəsikləri “Paper Cinema”
teatrı tərəfindən möcüzəli şəkildə
canlandırılır. Bu olduqca sadə, elə də yüksək
keyfiyyətli texnologiya tələb etməyən bir şou
növüdür, lakin eyni zamanda, böyüklər
üçün olduqca əyləncəlidir.
«Kağız kino» seansları
proyeksiya aparatı ilə insan təxəyyülü
arasında baş verənləri göstərir. Amma
tamaşaçılar gözlərini yalnız ağ ekrana
zilləyirlər. Teatrın özəlliyi odur ki, aktyorlar
kağızdan kəsib düzəltdikləri obrazları
proyeksiya aparatının obyektivi önündə hərəkət
etdirməklə animasiya yaradırlar. Biriləri bu
kağızları hərəkət etdirir, o biriləri bu təsvirləri
canlı musiqi ilə təmin edir. Təsvirlərsə sanki mətnlərin
hərəkətli illüstrasiyalarıdır.
İlk tamaşa: Edqar Allan Po. «Hökmdar həşərat».
Bu təsvirlər kimi təsirləndirər?
Özündən artıq bir şeyi göstərən,
danışan fikir yığınımı sadəcə?
Tanış gələrsə, bu əcaib yollar, qəsrlər,
adamlar, «mən burada olmuşam», «mən burada idim», «bu adamlar mənə
əzab verirdilər» kimi tutqusuyla tuği-lənət olub
boğazınıza keçirsə, bu seanslardan təsirlənəcəksiniz.
Yoxsa, lənət şeytana...
Bu animasiyanı illüstrasiyaya qədər
məhdudlaşdıran onun sözdən qopmağıdır.
Düzdür, obrazlar kağızdan kəsilib, amma
sözün şəklini çəkirlər sanki, bu
aktyorlar, bir şeiri gözlərinə
tamaşaçının səssizcə oxumaq istəyirlər.
Bunun üçün alışıq olmaq lazımdır.
Gözlərlə eşitməyə, dillə susmağa,
kağız kino ilə danışmağa...
Tamaşalar-seansları birləşdirən
bir mövzu var: onlar Azadlıqdan
bəhs edir. İnsanı öz içinə həbs edən eybəcər obrazları qovmaqdan, qova bilməməkdən, təqibdən, qorxudan, qəfəs qapısının
açarından, bu açarın böyüklüyündən
və ağırlığından...
Yeni deyil bu göstərilənlər. Amma bu proses
nə qədər bir-birini tamamlayır: səhnənin dərinliyində
ekran, qarşıda musiqiçilər, kuklaçılar-kağızçılar.
Texnika deyil, mətbəx deyil, laboratoriya deyil, postmodern deyil, improvizə də deyil. Kameraarxası yaradıcı-texniki bir prosesdir. Poetik bir prosesdir:
bir qadın və bir kişi
dizbədiz əyləşiblər.
Kağızları bunlar
oynadır... Kişi və qadın, üzbəüz, dizbədiz,
aralarında bir proyeksiya aparatı və yuxu kimi
təsvirlər...
Aliyə
Mədəniyyət.- 2011.- 4 noyabr.-
S. 11.