Bir kitab haqqında

 

   Mirzə İbrahimov - 100

  

   Kəndimizdə orta məktəbdə oxuyarkən müntəzəm olaraq kolxozun kitabxanasına gedir, təzə çıxan kitabları aparıb evdə həvəslə mütaliə edirdim. Növbəti dəfə kitabları dəyişmək üçün oraya gedəndə kitabxananın müdiri Gülşən xalanın onun köməkçisinin bərk məşğul olduqlarını gördüm.

  

   Kitabxanaya yeni kitablar gəlmişdi. Köməkçi həmin kitabların adlarını qarşısındakı jurnala yazır, sonra səliqə ilə kəsilmiş kiçik kağız parçalarına isə qeyd edir onları həmin kitabların arasına qoyurdu. Gülşən xalanın stolunun üstünə xeyli kitab yığılmışdı. O da həmin kitabların adlarını qarşısındakı kağıza yazırdı. Ancaq bu kitablar təzə deyildi. Bəzilərinin üz qabığı yox idi, bəzi kitabların isə vərəqləri tökülmüş, yarısı qalmışdı.

   Gülşən xala həmin kitablara maraqla baxdığımı görüb dedi:

   - İndi gəlib bu kitabları aparacaqlar. Onlardan kağız hazırlayıb sonra yeni kitablar çap edəcəklər.

   Mən isə həmin kitablara baxmaqda davam edirdim. Yenidən kağıza çevriləcək bu kitabların bir çoxunu oxumuşdum. Birdən gözüm nazik üzlü bir kitaba sataşdı. Kitabın üzündə belə yazılmışdı: «Mirzə İbrahimov. Azərbaycan dili». Düzü, təəccübləndim. Mirzə İbrahimovun «Gələcək gün» «Böyük dayaq» kitablarını elə bu kitabxanadan alıb oxumuşdum. Fikirləşdim: «Yəqin dərslikdir».

   Kitabı əlimə almaq istəyəndə Gülşən xala “Bu kitabı sənə bağışlayıram,- dedi.

   Mən ona təşəkkür edib əlimdə həmin kitab evimizə qayıtdım.

   Evdə kitabı vərəqləməyə, bəzi yerlərini oxumağa başladım. Belə qənaətə gəldim ki, kitabda müəllifin Azərbaycan dili haqqında elmi məqalələri (cəmi dörd məqalə verilmişdi) toplanmışdır. Vaxtı gələndə oxuyaram. Sonra aparıb kitab şkafına qoydum.

   Bu kitabı tam şəkildə tələbəlik illərində oxudum. Elə o vaxtlar da eşitdim ki, bu kitaba görə ( xüsusən, 1956-cı ildə mətbuatda dərc olunmuş, 1957- ci ildə bu kitaba daxil edilmiş «Azərbaycan dili dövlət idarələrində» adlı məqaləyə bu yöndə əməli fəaliyyətinə görə) Mirzə İbrahimovun başı ağrıyıb, o, hücumlara məruz qalıb, hətta məsul vəzifədən - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin cədri vəzifəsindən kənarlaşdırılıb. Ancaq hamı kimi, mən çox şeyləri sonralar, şair-publisist Aleksandr Qriçin 1989-cu ildə «Literaturnı Azerbaydjan» jurnalının 6-cı sayında dərc olunmuş «Otuz ildən sonra» adlı məqaləsi vasitəsilə bildim. A.Qriçin məqaləsi Mirzə İbrahimovun 1991-ci ildə çapdan çıxmış «Ana dili - hikmət xəzinəsi» kitabına da daxil edilmişdir.

   Aleksandr Qriç 1959-cu ildə keçirilmiş mötəbər bir yığıncağın stenoqramından bəzi parçaları da öz yazısına əlavə etmişdir.…

   «Azərbaycan dili» kitabına «Azərbaycan dili dövlət idarələrində» adlı məqaləsi ilə yanaşı müəllifin müxtəlif illərdə qələmə aldığı daha üç məqaləsi - «Dilimizin inkişaf yolları haqqında», «Dil ədəbiyyat dərslərini nümunəvi təşkil edək» «Azərbaycan dili» məqalələri daxil edilmişdir. Bu məqalələr onun dilçilik məsələlərini, xüsusən Azərbaycan dilinin tarixini lazımi səviyyədə bildiyini bu sahədə peşəkar olduğunu, eyni zamanda, dilimizi böyük bir məhəbbətlə sevdiyini nümayiş etdirir.

   Mirzə İbrahimov yazırdı ki, dili tarixi kimi qədim olan xalqımız müxtəlif müstəbid işğalçılara qarşı mübarizə aparmış, bu mübarizənin alovları içərisində öz mənliyini, öz dilini ağır təhlükələrdən qorumuş, əsrlər boyunca dilimiz torpağımız xalqımız kimi min bir təcavüzə məruz qalsa da, aldığı yaralardan həlak olmamışdır. Yazıçı onu da vurğulayır ki, Azərbaycan dili qüdrətli, ahəngdar, mənalı gözəl dildir. «Hər xalqın dili uzun, əzablı tarixi bir şəraitdə yaranır. Onun adət ənənələri ilə, bütün ruhi aləmi ilə üzvi surətdə bağlı olaraq sözlər, fikirlər, ifadələr, zərbi-məsəllər meydana çıxır. Azərbaycan dili xalqımızın keçirmiş olduğu ağır bir tarixi yolla bağlıdır. Dilimiz xalqımızın böyük tükənməz xəzinəsidir, onun dövlətidir, varıdır».

   Mirzə İbrahimovun «Azərbaycan dili dövlət idarələrində» məqaləsi ilk dəfə «Kommunist» qəzetinin 26 oktyabr 1956-cı il tarixli sayında dərc olunmuş, bir il sonra isə müəllifin həmin kitabına daxil edilmişdir.

   Müəllif bu məqalədə o dövrün təliminə əsaslanaraq milli mədəniyyətlərin dillərin qorunmasının inkişaf etdirilməsinin vacibliyini vurğulayır bu yöndə konkret addımlar atılmasını məqsədəuyğun hesab edirdi. Bu da təsadüfi deyildi. Mirzə İbrahimov qeyd edirdi ki, respublikamızda sovet hakimiyyətinin birinci on ili ərzində Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət verilir, təhriflərin qarşısı alınırdı. Yazıçı daha sonra təəssüflə bildirirdi ki, son on beş-iyirmi ildə bu cəhətdən kobud təhriflərə yol verilmişdir: «Bəzi idarələrdə bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yaranmışdır. Hələ onu demirik ki, vətəndaşların azərbaycanca olan ərizələrinə, yaxud bu ya digər azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da bunları tamamilə cavabsız buraxan bürokratlar da tapılır».

   Mirzə İbrahimov bütün dövlət idarələrində Azərbaycan dilinin işlənilməsini bir tələb kimi qarşıya qoyur, bunun guya mümkünsüzlüyü barədə səslənən bəzi fikirlərin əsassız olduğunu da sübuta yetirirdi. Bununla yanaşı, o, vacib bir məsələni unutmurdu: «Dövlət idarələrində yazışmaların Azərbaycan dilində aparılması o demək deyildir ki, azərbaycanca bilməyən bir vətəndaşı cavabsız buraxasan, yaxud onun şikayətinə anlamadığı dildə cavab verəsən. Təbiidir ki, bu da yanlış bir hərəkət olar. Belə vətəndaşlara rus dilində cavab vermək, yəni onu başa salıb təmin etmək lazımdır».

   1956-cı il avqustun 20-də Azərbaycan Ali Sovetinin sessiyası məhz Mirzə İbrahimovun təşəbbüsü ilə respublika Konstitusiyasına belə bir bəndin əlavə olunması barədə qanun qəbul etdi: «Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir».

   Bu qanun, habelə sözügedən məqalə böyük mübahisələrə Mirzə İbrahimova qarşı hücumlara səbəb oldu.

   Aleksandr Qriçin məqaləsindən: «Mirzə İbrahimov onun Azərbaycan dilinin əhəmiyyətini təbliğ eləyən, bu dilin hər sahədə, o cümlədən dövlət müəssisələrində rolunu yüksəltməyin zəruriliyini sübut eləyən məqaləsini qınamağa başladılar. Bir qədər sonra isə yazıçı Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsindən çıxdı. Dillə bağlı həll edilməmiş qalan bu məsələ çoxlarını həyəcanlandırırdı. Başqa qanunlardan fərqli olaraq bu qanuna laqeyd yanaşan yox idi, onun hər kəsə dəxli vardı. əgər belə bir qanun mövcud idisə, ya onu yerinə yetirmək, ona tabe olmaq, ya da ləğv etmək gərəkdi. Sadəcə, rəsmi səviyyədə hökmən açıq söhbət getməliydi. Bu söhbət Azərbaycan KP MK-nın 1959-cu il iyunun 16-da keçirilmiş plenumunda açıldı».

   Aleksandr Qriçin məqaləsindən aydınlaşır ki, buradakı məruzə çıxışlarda (əslində isə yığıncağın gündəliyinə tamam başqa məsələ çıxarılmışdı) «Mirzə İbrahimov yoldaşın dil məsələsindəki mövqeyi» tənqid olunmuş, «onun razılaşdırılmamış çap etdirdiyi kitabAzərbaycan dili» kitabı - A.B.) intizamın pozulması» kimi qiymətləndirilmişdir. Bundan sonra isə «Azərbaycan dili» kitabı da, dilimizin dövlət dili kimi rəsmiləşdirilməsi ideyası da uzun illər «unudulmuşdur».

   Mirzə İbrahimovun bu taleyüklü arzusunu 1978-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gerçəkləşdirdi. Məhz Heydər Əliyevin təşəbbüsü gərgin əməyi nəticəsində həmin il respublikamızın yeni Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bənd daxil edildi.

   Gülşən xalanın bağışladığı «Azərbaycan dili» kitabı bu gün də mənim şəxsi kitabxanamdadır.

   

 

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

  Mədəniyyət.- 2011.- 11 noyabr.- S. 13.