Ruhun memarı - Miskin Abdal
Haqq aşığı
“Qırxlar piri” özü verib dərsimi ümman mənim,
Çətin girə ürəyimə ləini-şeytan mənim.
Seyid Miskin Abdal mənəm,
söz mənim, meydan mənim,
Qoruyanım özün qoru xain dostlardan məni.
Sazının səsi, qəlbinin
sözü ilə əsrləri adlayıb keçən Miskin Abdal kimdir? Sazla-sözün vəhdətində hansı möcüzələr
yarandı? Miskin Abdal
hansı tarixi şəxsiyyətin yaxın
sirdaşı, məsləkdaşı
oldu? Bu suallara
cavab tapmaq üçün XV əsrin
sonu, XVI əsrin əvvəllərinə - Miskin
Abdalın zamanına yollanırıq.
Miskin Abdal adı
ilə tarixə düşən Seyid Hüseyn 1430-cu ildə Göyçə mahalının
Zərgərli (Sarıyaqub)
kəndində anadan olub. Hüseynin mənsub olduğu
“Zərgərli” tayfası
o dövrün tanınmış
tayfalarından biri idi. Hüseynin ulu babası
Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş,
bu mənəvi yaxınlıq sonralar hər iki nəslin
törəmələri arasında
davam etmişdir.
Hüseynin babası Cəfər,
atası Məhəmməd
Ərdəbil şeyxlərinin
ən sınanmış
müridləri kimi Göyçədə sufiliyin
təriqət ideyalarının
yaranmasına hamilik etmişdilər.
Belə bir mühitdə
böyüyən Hüseyn
müqəddəs nəslin
tarixi və mənəvi-dini missiyasını
ləyaqətlə daşıyır.
Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını
qoyur, Zərgərli şəcərəsinin Mövlana
Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır.
Təriqət ideologiyası ilə
ədəbiyyata, aşıq
sənətinə büllurluq,
müqəddəslik gətirir.
Miskin Abdalın sufi
dünyasında gözəl
səs musiqiləşir,
gözəl söz şeirləşir:
Tərs düşüb fələyin
işi,
Lil basan
arxdımı, nədi?
Fani dünyanın gərdişi,
Dolanan çarxdımı, nədi?
“Miskin”
sözünün leksik
mənasından başqa,
fərqli bir mənası da ilahi eşq naminə nəfsini boğmaq, mənəvi ucalığın zirvələrinə,
pir məqamına qovuşmaqdır. Miskinin məğlub
olan bədəni, qalib gələn ruhu onu həqiqətin
on doqquzuncu pilləsində
abdallaşdırır. Sufilikdə abdallıq - şeyxlik, pirlik mərtəbəsi sayılır.
Rafik Özdək “Türkün
qızıl kitabı”nda
yazır ki, “Orta Asiyada, Alp ərənlər, Anadoluda
“babalar”, “abdallar” və “qazilər” vətənə xidmət
edən rəhbərlər
olmuşlar”.
İslam ensiklopediyasında isə
“abdal” sözünü
görkəmli türk
alimi Fuad Körpülü belə açıqlayır: “Abdal
sufiliyin mərtəbə
silsiləsindəki dərəcələrindəndir”.
Miskin Abdal da bu dərəcəyə zərrə-zərrə, pillə-pillə
ucalmışdır.
Yazıq könlüm nə sızlarsan, bülbülə
tay olmusan,
Haçan yardan yarımısan,
sevilib bay olmusan.
Sən dərvişsən, haqq yolunda, haqqı istə, haqqı sev,
Nə olsun ki, bel
bükülüb, kamana
tay olmusan.
Tarixi mənbələrin verdiyi məlumatlara görə, Şah İsmayıl Xətai Azərbaycanın şimalına
yürüşlərə hazırlaşarkən yolunu
Göyçə mahalından
salır. Çünki səfəvilərin yaxın
dostu, inanılmış
mürşidləri bu
ərazidə yaşayırdı.
Mənəvi tellərlə Göyçəyə
bağlı olan gənc sərkərdə
1500-cü ildə müqəddəs
övliya kimi tanınan Miskin Abdalla görüşür.
Miskin Abdal gənc səfəvi sərkərdəsini
böyük ehtiram və sonsuz məhəbbətlə qarşılayır.
Bu tarixi görüş
zamanı Miskin Abdal şaha saz bağışlayır.
Sazın,
sözün, şəxsiyyətin
birliyi qızılbaş
müridlərinin ruhunu
coşdurur. Bu görüş rəvayətlərə,
əfsanələrə çevrilir.
Sonralar Miskin Abdal Şah İsmayıl Xətainin rəsmən səlahiyyətli vəziri
olur, dövlətlərarası
diplomatik əlaqələrə
rəhbərlik edir.
Tarixi mənbələrin verdiyi
məlumata görə,
o dövrdə sarayda ən nüfuzlu şəxslər söz və sənət adamları sayılırdı.
Haqq aşığı Miskin Abdal alim, şair,
övliya kimi əvəzsiz idi.
Miskin Abdal Şah
İsmayıl Xətainin
şərəfinə saysız
qoşmalar, şərəfnamələr
qoşur, saz və söz divaniləri yaradır.
Deyilənlərə görə, “Şahsevəni”
və “Şahqalxdı”
saz havalarını da Şah İsmayılın
şərəfinə səsləndirmişdir.
Miskin Abdal şah
sarayında böyük
nüfuz qazanır.
Yüksək diplomatik məharətinə
görə mükafatlandırılır.
Yaşadığı Sarıyaqub kəndi
ona bağışlanır.
Ətrafdakı beş kəndin vergisi şahın xüsusi fərmanı ilə ona ayrılır.
Miskin Abdalın şəxsi
həyatı isə heç də asan olmur. Mövlası tərəfindən ona buta verilən
sevgilisi cavan ikən faciəvi şəkildə dünyasını
dəyişmiş, Miskin
Addalın könül
evi viran olmuşdur.
Abdal, yastıq daş olar,
Üst torpağın yaş olar,
Mələklər
yoldaş olar,
Allah, ölümün
haxdı!
İtkilər onu həyatı
boyu izləmiş, Dağıstanda səfərdə
olarkən ata-anasının
ölüm xəbərini
eşidən Miskin Abdal qış ayında vətənə
dönərkən borana
düşüb iki oğlunu itirir.
Yıxdın könlüm şəhrini,
Dad fələk,
aman fələk!
İçdim hicran zəhrini,
Zülm etdin yaman, fələk!
Miskin Abdal ən dəhşətli sarsıntını
Şah İsmayıl Xətainin ölümünü
eşidərkən keçirir.
İqlimin şahıydı Həzrət
Süleyman,
Ədalətə pənah idi
Nuşirəvan.
Şıx oğlu İsmayıl, o cənnət-məkan,
Düşməz ələ o, bir
yadigardı, getdi.
1524-cü ildə sarayla birdəfəlik vidalaşaraq
doğma yurduna - Göyçə mahalına
qayıdır. Ömrünün ahıl çağlarında
Sarıyaqubda açdığı
ilk məktəb Göyçənin
elm, irfan, sənət
dünyasında mühüm
rol oynayır.
Miskin Abdal 1535-ci ildə
105 yaşında vəfat
edir. Onun yaşadığı ev, uyuduğu məzar müqəddəs
ocaq kimi uzun əsrlər ziyarət edilir.
Seyraquba yıxıldımı görən
nər,
Aşıx sınsa sin axtarar, gor enər,
Belə dedi bu çağımı
görənnər:
“Miskin
Abdal bir zamanlar piriydi”.
Miskin Abdalın gəraylı,
qoşma, divani və təcnisləri
XV-XVI yüzilliklər türkdilli
şeirimizin nadir nümunələrindən
sayıla bilər.
Ay beymürvət,
neyləmişəm,
Yandırırsan oda məni.
Cəlladsansa
al xəncərin,
Gecə-gündüz buda məni.
Təsadüfi deyil ki, o dövrlərdə təcnis
geniş yayılmasa da, Miskin Abdal
təcnisin kamil nümunələrini yaratmışdır.
Aşığın əldə olan
divaniləri göstərir
ki, o kamil bilikli və dünyagörüşlü, nəcib
təbiətli, xeyirxah,
ruhən pak, təmiz, müqəddəs
əməllərə və
amallara tapınan bir insan olmuşdur.
Bir əsrlik ömrü
saraylarda, səfərlərdə,
həyatın ağrılı-acılı
yollarında keçən
Miskin Abdal əsrlərdən keçə-keçə
rəvayətlərə, əsatirlərə
büründü. “Miskin Abdal və
Sənubər” dastanı
şairin ömür yolundan bəhs edən məhəbbət
dastanıdır. Dastanın ruhundan
aydın duyulur ki, Miskin Abdal
dünyasını dəyişəndən
sonra bu dastan onun xalq
arasında dolaşan şeirləri əsasında
yaranmışdır.
“Şah
İsmayıl və Miskin Abdal” dastanı
isə öz ideya-bədii xüsusiyyətlərinə
görə məhəbbət
və qəhrəmanlıq
dastanlarından fərqlənir.
Bu dastanın süjetində real tarixi hadisələr dayanır.
“Aslan şahla
İbrahim”, eləcə
də “Yetim Hüseyn” dastanları isə Göyçənin
saz-söz ustalarının
söylədiklərinə görə Miskin Abdal tərəfindən yaradılmışdır.
Sonda onu da qeyd
edək ki, Miskin Abdal dünyasına
yol almaqda bizə filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovun
böyük zövq və ürəklə qələmə aldığı
“Miskin Abdal” kitabı bələdçilik
etdik.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 11 noyabr.- S. 10.