Musiqi mədəniyyəti tariximizdən: Xanəndə
Səttar
Həyatda
çox az tanınan, ancaq musiqi mədəniyyəti tariximizdə
böyük hörmətlə yad edilən sənətkarlarımızdan
biri də xanəndə Səttardır. O, musiqi mədəniyyətimizin
inkişafında müstəsna xidmətlər göstərib.
Ancaq mənbələrdə bu böyük sənətkarın
təvəllüdü və vəfatı barədə səhih
məlumat yoxdur.
Bəzi araşdırmalarda ehtimal
olunur ki, o, XIX əsrin 20-ci illərində Cənubi Azərbaycanın
Ərdəbil şəhərində anadan olub. Erkən
yaşlarından musiqiyə maraq göstərib. Azərbaycan və
İran mahnılarını gözəl avazla oxuyub. 20-25
yaşlarında xanəndə kimi təkcə Ərdəbildə
deyil, bütün Azərbaycanda və İranda tanınır.
Xalq hər yerdə onu hörmət və məhəbbətlə
qarşılayır. Ərdəbil ruhanilərinin isə onu
görməyə gözləri olmur. Bu səbəbdən o, Təbrizə
köçür, şəhər məclislərinin
yar-yaraşığı olur.
Nəhayət, onun xanəndəlik
məharətinin sorağı Tehrana - şah sarayına
çatır. Bir neçə il Məhəmməd Mirzə
şahın sarayında xanəndəlik edir.
1844-cü ildə Naxçıvana
gəlir. Bu xəbər tez bir zamanda şəhərə
yayılır. Onun şərəfinə hər yerdə
böyük məclislər qurulur. Səttar Naxçıvan məclislərinin
birində məşhur gürcü şairi Nikolaz
Barataşvili (1816-1845) ilə tanış olur. Barataşvili Azərbaycan
musiqisini dərindən sevən və onu yüksək qiymətləndirən
şəxs olub. O, rəfiqəsi Maiko Orbelianiyə məktubunda
Səttar adlı xanəndə ilə dost olduğunu yazır.
Onun son dərəcə gözəl səsə malik
olduğunu qeyd edir.
O, Naxçıvanda xeyli
yaşayır. Ancaq Tiflisin musiqi həyatı Səttarın
diqqətini cəlb edir və bir müddətdən sonra
İrəvana, oradan da (1845) Tiflisə gəlir. Çox
keçmir Səttarın şöhrəti bütün şəhərə
yayılır. Hamı onun məlahətli səsini eşitməyə
can atır. Səttar milli musiqimizi Qafqaz xalqları arasında
yüksəkliyə qaldırır. Azərbaycan, rus, erməni,
gürcü məclislərində çıxışlar
edir. Hətta Tiflisdə yaşayan rus və italyan
musiqiçiləri Səttarı öz
konsert-tamaşalarına dəvət edirlər. 1847-ci il
fevralın 23-də məşhur italyan skripkaçısı,
Tiflis teatr orkestrinin dirijoru Malaqolli öz konsertinə Səttarı
da dəvət edir. Konsertdə muğam oxuyan Səttar
böyük müvəffəqiyyət qazanır. Bu barədə
Tiflisdə çıxan “Qafqaz” qəzetində maraqlı məqalələr
dərc edilir. L.F.Yapşevski soyadlı bir musiqişünas
yazıb: “Konsertin sonunda cənab Malaqolli tərəfindən dəvət
olunan müğənni Səttar bəy öz dəstəsinin
müşayiəti ilə oxudu. Biz avropalılarda, bu musiqi
böyük maraq oyatdı. Gələcəkdə mən bu
musiqi haqqında ətraflı danışacağam...”
Bir çox tarixi məxəzlərdən
məlum olub ki, Səttar Tiflisin musiqi həyatında görkəmli
rol oynayıb. Hətta Tiflisdə verilən beynəlmiləl
konsertlərdə də iştirak edib və şöhrət
qazanıb. Bu konsertlərdən biri 1853-cü ilin aprelin 7-də
olur. Həmin konsertdə Səttar məşhur
skripkaçı Miller ilə çıxış edir.
Səttarın repertuarı olduqca rəngarəng olub. O, “Zəminxarə”,
“Dəşti”, “Rahab”,
“Şüştər”, “Bayatı-İsfahan”,
“Rast”, “Çahargah” kimi çətin və mürəkkəb muğamları böyük
ustalıqla ifa edib. Çox vaxt Azərbaycan
nəğmələrini oxuyarkən
sözlərini rus, ləzgi və gürcü dillərində
deyib. Tiflisdə yaşadığı illərdə o nəinki xalq şənliklərinə,
hətta Qafqaz canişininin iqamətgahında
verilən rəsmi ziyafətlərə də
dəvət olunub.
Səttarın Qafqaz və yaxın Şərq xalqları tərəfindən sevildiyini
və böyük hörmətlə qarşılandığını
nəzərə alan İran, Türkiyə və Rusiya hökumətləri
onu orden və medallarla təltif edib.
O, məşhur
musiqişünas Mahmud ağa
ilə də dostluq edib. Bir
gün onun məclisində görkəmli
şair Seyid Əzim Şirvani ilə tanış olur. Səttarı dinləyən şair öz müxəmməslərinin
birində onu tərif edib.
Göründüyü
kimi, onun xanəndəlik məharəti
dövrünün bir
çox mədəniyyət
xadimlərini məftun
edib. Məşhur fransız yazıçısı
Jül Vern “Arxipelaq alovlanır” əsərində
Səttarın səsinə
yüksək qiymət
verərək yazır:
“...Mən şəhəri
gəzə-gəzə irəliləyirdim.
- Cənab, - deyə çəlimsiz bir nəfər mənə müraciət etdi və o, mənim fikrimcə, çox adi görünən qonşu bir binanı mənə göstərir:
- Siz əcnəbisiniz?
- Şübhəsiz.
- Elə isə bir dəqiqə
ayaq saxlayın və bu evə
yaxşı tamaşa
edin.
- Axı bu evdə tamaşa
ediləsi nə var ki?
- Necə nə var, məşhur
xanəndə Səttar
bu evdə yaşamışdır, bu
həmin adamdır ki, sinədən gələn zil səslə oxuyardı... Həm də oxuyanda ona nə
qədər pul verərdilər!..”
Tanınmış
rus hərbçisi,
general M.L.Olşevski də
“Tiflis gündəliyi”ndə Səttardan bəhs edib. Onun bütün
Gürcüstanı heyran
qoyan məşhur müğənni olduğunu
göstərib. Onu da qeyd edək
ki, böyük xanəndənin obrazı
“Səbuhi”(1941) bədii
filmində də yer alıb.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 11 noyabr.- S. 10.