Bakıda
Beynəlxalq Kukla Biennalesi
Noyabrın 4-də Muzey Mərkəzinin sərgi
qalereyasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
təşkil olunan «Fusion doll» Beynəlxalq Kukla Biennalesinin
açılış mərasimi keçirildi. Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev bildirdi ki, ölkə prezidenti
İlham Əliyevin sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramına uyğun olaraq Bakıda keçirilən
Beynəlxalq Kukla Teatrı Festivalı böyük marağa səbəb
olub.
Festivalda 16 ölkənin təmsil olunması da bunun göstəricisidir. Nazir festivalda iştirak edən ölkələrə
və beynəlxalq teatr təşkilatlarına
minnətdarlığını bildirdi: “Sevindirici haldır ki, bu tədbir yeni bir mədəniyyət
layihəsi ilə üst-üstə düşür:
bu, «Fusion doll» Beynəlxalq
Kukla Biennalesidir”.
Kukla sənətinin qədim tarixi olduğunu bildirən nazirin sözlərinə görə,
son vaxtlar dünyada bu sənətə maraq artmaqdadır: “Dünyanın bir sıra ölkələrində
(Britaniyada, Rusiyada, Fransada və s.) kukla sənəti
qalereyaları var. Bu ölkələrin
özünəməxsus sənət
aləmi mövcuddur. Beləliklə, bu sənət
getdikcə populyarlıq
qazanır. Teatr və
bədii oyun kuklası məziyyətindən
ayrılmış bu sənət növü digər sənət əsərləri sırasında
özünə layiq yer tutub. I Bakı Beynəlxalq
Kukla Biennalesinin əsas məqsədi nüfuzlu təşkilatları
etnoqrafik və folklor kukla sənəti
sahəsində böyük
uğurlara və ənənələrə malik
ölkəmizlə əməkdaşlığa
cəlb etməkdən
ibarətdir. Beləliklə, bu tədbir Azərbaycan tamaşaçısına
geniş diapazona malik müxtəlif cərəyanların bədii
kukla müəllifləri
ilə tanış olmaq fürsəti verir”.
Nazir qeyd etdi ki, biennaledə 9 ölkədən 19 kukla ustası iştirak edir. Bu sıraya
Azərbaycan, Rusiya («Vaxtanov» qalereyası),
Belarus, İtaliya, Fransa,
Çexiya, Latviya (Riqa kukla muzeyi),
Niderland, Ukrayna daxildir.
Çexiya Kukla Birliyinin
nümayəndəsi Yelena İlina
çıxış edərək
son illər dünyada
müəllif kuklalarına
marağın artdığını
diqqətə çatdırdı.
Belə bir mədəni tədbirin təşkil olunmasına görə Azərbaycan hökumətinə
minnətdarlığını bildirdi.
«Dünya kuklaları» Fondunun direktoru Olqa Laxina da Azərbaycan
tərəfin bu təşəbbüsünü yüksək dəyərləndirdiyini
dedi: «Bütün iştirakçılar adından
biennalenin təşkilatçılarına
öz minnətdarlığımı
bildirirəm”. O, Bakıda
I Beynəlxalq Kukla Teatrı Festivalının
təşkilinə görə
“Dünya kuklaları”
Fondu adından mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevə
minnətdarlıq məktubunu
təqdim etdi.
Muzey Mərkəzinin direktoru
Liana Vəzirovaya isə
Moskvadakı «Vaxtanov» kukla qalereyasının diplomu təqdim edildi.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev I Beynəlxalq Kukla Biennalesinin iştirakçılarına diplomlar
və fəxri fərmanlar təqdim etdi.
Sonra nazir sərginin
rəmzi lentini kəsdi və sərgiyə baxış
keçirildi. Bir-birindən gözəl əl işi sənətini özündə əks etdirən müəllif kuklaları ilə zəngin bu sərgi yaddaşlardan uzun müddət silinməyəcək.
Qeyd edək ki, noyabrın
10-dək davam edən
biennaledə ölkəmizi
Bakıdakı “Çeşmə”
Mədəniyyət Mərkəzinin
nəzdində ilk özəl
kukla muzeyinin yaradıcılarından olan
Elmira Abbaslı, Azərbaycanda
konseptual və art-kukla sənətinin baniləri Pərviz Hüseynov və İrina Qundorina, peşəkar heykəltəraş,
akademik məktəbin
nümayəndəsi Tamilla
Qurbanova təmsil edib. Bu müəlliflərin
işləri həm Azərbaycanda, həm də Rusiya, Fransa, Çexiya, İngiltərə və
ABŞ-da xüsusi kolleksiyalarda saxlanılır.
Sərginin iştirakçıları arasında “DA ART” studiyasının
şagirdləri - Fərəh
Əliyeva, Nübar Şahbazova, Fidan Salahova və Alina Yusupova da vardı.
Mehparə
Mədəniyyət.-
2011.- 11 noyabr.- S. 8.