“Tərsinə
çevrilən dünya”
Azərbaycan-İran
müştərək filmi nümayiş olundu
“Azərbaycanfilm”
kinostudiyası ilə İranın “Sədra-film” şirkətinin
birgə istehsalı olan “Tərsinə çevrilən
dünya” bədii filmi Beynəlxalq Muğam Mərkəzində
kinosevərlərə təqdim olundu. Filmin ssenari müəllifi
Xalq yazıçısı Çingiz Abdullayev,
quruluşçu rejissoru Ənvər Əblucdur.
Ənvər Əbluc “Tərsinə
çevrilən dünya” filminin Azərbaycanın 20 illik
müstəqilliyi dövründə İranla çəkilən
ilk müştərək film olduğunu qeyd etdi.
Yazıçı Çingiz Abdullayev isə yeni çəkilən
milli filmlərimizin daha geniş şəkildə təbliğ
olunmasının vacibliyini vurğuladı.
“Detektiv janrında olan və Azərbaycan
polisinin fəaliyyətinə həsr edilən film narkotik
alveri ilə məşğul olan cinayətkar dəstə
üzvlərinin əməliyyat nəticəsində ələ
keçirilməsindən bəhs edir. Filmdə həm Azərbaycan,
həm də iranlı aktyorlar çəkiliblər. Baş
rolu məşhur iranlı aktyor Məhəmməd Firutən
ifa edir. Filmdə xalq artistləri Rasim Balayev və Fuad Poladov, əməkdar
artistlər Fərhad İsrafilov, Məmməd Səfa, habelə
Azad Şükürov, Sona Mikayılova, Qorxmaz Əlili, Natella
Kərimova, Elnur Kərimov, Günel Məmmədova və
başqaları rol alıb. Çəkilişlər Azərbaycanda
və İranda (Tehran, Ənzəli) aparılıb.
Reyhan
Mədəniyət.-
2011.- 11 noyabr.- S. 7.