60 yaşın 6 sualı

 

   Və ya kitablarla dost adamın altmışlıq təəssüratları

  

   Adətən kitabı insanın yaxın dostu, tərbiyəçisi, uğurlu həyatının hərəkətverici qüvvəsi adlandırırlar. Kitaba elm, bilik mənbəyindən savayı cəmiyyətdə müəyyən mərtəbəyə qalxmaq üçün vasitə kimi də yanaşırlar. Amma bütün bunlardan savayı kitab insana ziyalılıq statusu da qazandırır. Bəs həyatını kitablar arasında keçirən, kitabı sevməyi, oxumağı, qorumağı təbliğ edən kitabxanaçılar kitab barədə nə düşünür?

  

   Bu sualla M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova müraciət etdik. Noyabrın 12-də 60 yaşını qeyd edəcək həmsöhbətimizdən kitabla keçən ömrün 6 sual-cavablıq məqamını soruşduq. Bütün fikirlərini kitab, onun təbliğatı üzərindən quran yubilyar “mən kitabxanaçılığımla daim fəxr etmişəm, bu mənim alın yazımdır və buna görə Tanrıya minnətdaram», - deyərək kitablarla keçən ömrü Allahın hədiyyəsi adlandırdı.

   - Yəqin kitabla keçən ömür maraqlı, dolğun, bəlkə də təzadlı olar...

   - Hə, əlbəttə... çünki kitab bizdən də əvvəl olub, bizdən də sonra olacaq. Mən bütün şüurlu həyatımı kitaba bağlamışam, həmişə kitablar arasında olmuşam. Düşünürəm ki, ömrü kitablar arasında keçən, kitablarla dost olan insan heç vaxt yanılmaz, yanlışlara yol verməz. Mən bu məsəli ən çox uşaq və gənclərə şamil etsəm də, ümumilikdə kitab insanı doğru yola səsləyən vasitədir və o, həyatının bütün məqamlarında insana gərəkdir. Mənim hələ lap uşaqlıqdan, orta məktəb illərində oxuduğum kitablar bu gün də yadımda qalıb və heç vaxt hafizəmdən çıxmır. Ona görə də mən istərdim ki, insanlar daim kitabla həmsöhbət olsunlar. Əgər insan oxuduqlarının, çox demirəm, 20 faizinə riayət edərsə, bildikləri onun yoluna işıq salacaq, gələcəyinə zəmanət olacaq. Kitab heç zaman insana yanlış yol göstərməz. Ömrüm kitabla keçdiyinə görə, həmişə kitablar arasında olduğuma görə taleyimə minnətdar olmuşam. İnanıram ki, ömrümün sonunadək də kitabla bərabərliyim davam edəcək.

   - Kitabxanaçı, kitabxana rəhbəri kitabı sevməsə, bütün maddi və mənəvi tərəflərini unudaraq kitaba bağlanmazsa yəqin ki, onu sevdirə də bilməz...

   - Sözsüz. Kitabla dost olmasan, nə onu sevər, nə oxuyar, nə də sevdirərsən. Əgər kimsə bu peşədən umacaqlarını ön plana çəkirsə, mütləq o peşədən uzaqlaşacaq. Gec-tez o aləm, mənəvi xəzinə olan kitabxana onu özündən kənarlaşdıracaq. Ona görə də əminliklə deməliyəm ki, kitabı sevməyən kəs kitabxana rəhbəri də ola bilməz.

   - Fərqli əyləncə və rəngarəngliklərlə dolu ətraf aləm, əzəmətli kitabxana binasındakı bu rahat otağınız, yoxsa nisbətən havasız, qaranlıq kitab fondlarındakı dopdolu kitab rəfləri?

   - Əlbəttə ki, kitab rəfləri. Mən gündə ən azı dörd dəfə kitabxananı gəzir, fondlara girir, rəflərdəki kitablara əl gəzdirirəm. Bu mənim üçün ən böyük zövq mənbəyidir. İnanın ki, mənim üçün ən gözəl məkan kitabxana, ən gözəl tablo da məhz kitab rəfləridir. Mənim həyatımın qayəsi budurona görə də hər zaman hər yerdə kitabdan danışıram, onu tərənnüm edirəm. Həyatımın məqsədi insanlara kitabı sevdirmək, onu insanların ayrılmaz ünsiyyət vasitəsinə çevirməkdir. Ona görə də həmişə hər yerdə kitabdan danışıram.

   - Deyirlər, insanın ən yaxın dostu kitabdır. Sizin o yaxın dostunuz sizə nə verib, hər hansı yanlışda, çətinlikdə çoxmu əlinizdən tutub?

   - Oxuduğum bütün kitablara minnətdaram. Əlimə aldığım hər kitabdan mütləq nəsə öyrənmişəm və öyrəndiklərim həyatın bütün dolaylarından məni çıxara bilib. Kitabla dostluğum mənə insanlara necə dost olmağın, onları sevməyin, böyük anlamda cəmiyyətdə düzgün mövqe tutmağın yolunu göstərib. Ona görə də ömrüm boyu oxuduğum kitablara minnətdar olacağam.

   - Müasir zamanda, insanların informasiya alma mənbələrinin lokal şəbəkəsinin formalaşdığı bu məqamda kitabxana və kitabxanaçı, onların funksiyaları dəyişməyib ki?

   - Xeyr. Kitabxanaçı bütün zamanlarda gərəkli olacaq peşədir. Sadəcə zaman və tələblər başqa məqamları önə çıxarıb. İnternet məişətimizə da daxil olmaqla ümumilikdə kitabxananın fəaliyyət istiqamətində dəyişikliyi labüd edibbizona doğru gedirik. Amma ümumilikdə ömrünü kitabla bağlayan alam kitabı sevməlidir, kitaba qayğı ilə yanaşmalı və onu sevdirməyə çalışmalıdır. Bu günün kitabxanaçısının vəzifəsi də kitabı təbliğ etmək, sevdirməkdir. Bax bunu təlqin etmək kitabxanaçının müqəddəs borcudur.

   - Artıq 60-ı haqlamısız. Sinninizinzehninizin çox mətləbləri ayırd edəbilmə məqamındasınız. Təbii ki, bu mənada kitabın sizə verdikləri, belə deyək də, ondan ala bildikləriniz çoxdur. Bu «alış-veriş»in kitabxana məmurluğu mərhələsində sizin kitaba verəcəkləriniz...

   - Belə böyük çıxmasın, mənim kitaba verəcəklərim çoxdur. İstəyirəm ki, kitab insanların ilk və ən yaxın sirdaşına çevrilsin. Ömrümün sonunadək də bu istəklə yaşayacaqona xidmət edəcəyəm. Amma eyni zamanda istəyirəm ki, qiymətli sərvətimiz olan Azərbaycan Milli Kitabxanası və onun fondu ideal səviyyədə qorunaraq gələcək nəsillərə çatdırılsın. Sevindirici haldır ki, istər cəmiyyət, istərsə də dövlətimiz kitaba, kitabxana işinə diqqətlə yanaşır, onun müasir səviyyədə inkişafı istiqamətində məqsədyönlü işlər görür. Azərbaycan kitablarının elektron kitabxanasının hazırlanması da ən böyük arzularımdandır. Qoy dünyanın hansı nöqtəsində olursa olsun, oxucu Azərbaycan Milli Kitabxanasının elektron kitabxanasına daxil olaraq öz sorğusunamaraq dairəsinə uyğun kitabı oxuya bilsin.

  

 

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 11 noyabr.- S. 6.