Ölkəmizdə qeyri-ənənəvi turizm növləri: imkanlar, perspektivlər

 

    Azərbaycanda müxtəlif turizm sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkəmizdə müxtəlif iqlim zonalarının (dünyadakı 11 iqlim qurşağından 9-u) mövcudluğu bütün mövsümlər üçün turizm obyektlərinin yaradılmasına imkan verir.

  

   Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramında kənd, idman, ailəvi, xüsusi maraq kəsb edən digər turizm növlərinin inkişafına dair tədbirlərin həyata keçirilməsi əksini tapıb.

   Azərbaycan təbiətinin müxtəlifliyi ənənəvi olmayan turizm növlərinin inkişafına da zəmin yaradır. Bu xüsusda ötən il Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsi çərçivəsində təqdim olunan Quba-Şamaxı ekstremal turizm marşrutu maraqlı addımlardan biridir.

   Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ölkəmiz üçün ənənəvi olmayan qış turizminin inkişafına geniş imkanlar açacaq.

  

   Çay turizmi üçün əlverişli məkanlar

  

   Azərbaycanda çoxsaylı dağların, çayların olması da qeyri-ənənəvi turizm sahələrinin inkişafına zəmin vardır. Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılovun sözlərinə görə, qeyri-ənənəvi turizm sahələrinin inkişafı üçün bu sahədə sistemli aparılmalı, davamlı layihələr həyata keçirilməlidir: “Bizim təbiətimiz zənginliyi, müxtəlifliyi ilə fərqlənir. Gələn turistlər bu müxtəlifliyi görüb hiss etməlidir. Məsələn, Kür çayında çay turizminin inkişafı üçün imkanlar var. Sovet dövründə, 60-cı illərdə həftə sonları ailələr Şirvandan Salyan istiqamətinə kiçik qayıqlarda istirahətə gedərdilər. Bu ənənələr kiçik miqyaslı da olsa, olub. Biz bununla bağlı layihə həyata keçirmişik.

   Kür çayının Mingəçevirdən Neftçalayadək hissəsi - təxminən 400 km - çay turizmi üçün çox əlverişlidir”.

  

   Alternativ turizm sahələrinin imkanları öyrənilməlidir

  

   BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətovun sözlərinə görə, ölkəmizdə da alternativ turizm sahələrinin potensialı çox genişdir: “Azərbaycanda bir çox turizm sahələrinin inkişafına şərait var. Alternativ turizm marşrutları hazırlanarkən ekspertizalar aparılmalıdır. Məsələn, çay turizmi üzrə marşrut hazırlanarkən, dağ çaylarının dərinliyi, sürəti öyrənilməli, daha sonra marşrutlar işlənilməli, turistlərin təhlükəsizliyi nəzərə alınmalıdır”.

   Faiq Qürbətov deyir ki, Azərbaycan əcnəbilər üçün turizm baxımından zəngin ölkədir. Müxtəlif ölkələrdən gəlmiş turistlər burada özlərinə uyğun istirahət və əyləncə imkanı tapa bilərlər: “Amerikalılar əsasən macəra turizmi, almaniyalılar ekoturizm, iranlılar Novruz bayramı zamanı təşkil edilən əyləncəli proqramlar, rusiyalılar isə yay turizmi ilə maraqlanırlar. Elə turistlər də var ki, onlar ancaq müalicə turizmi ilə bağlı ölkəmizə gəlirlər. Əsas amillərdən biri isə Azərbaycan xalqının qonaqpərvər olmasıdır”.

  

   Dövlət bütün turizm növlərinin inkişafında maraqlıdır

  

   Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov da ölkəmizdə alternativ, qeyri-ənənəvi turizm üçün yaxşı imkanlar olduğunu deyir. Onun sözlərinə görə, dövlət bütün turizm növlərinin inkişafında maraqlıdır. Eyni zamanda, turizm şirkətləri də bu istiqamətdə təşəbbüskar olmalıdırlar: “Bunun üçün yetərincə ideyalar var. Turizm şirkətləri bu münbit şəraitdən istifadə edib özlərinin alternativ turizm məhsullarını bazara təqdim edə bilərlər. Mən bu yaxınlarda turizm şirkətlərindən birinin təklif etdiyi turda iştirak etdim. Çox fərqli tur idi. Turpaketə insanların az maraq göstərdiyi ziyarətgahlar, mədəniyyət obyektləri salınmışdı. Turizm şirkətləri özləri də ənənəvi olmayan turist marşrutları hazırlayaraq təklif edə bilərlər”.

   Həmsöhbətimizin sözlərinə görə, hazırda ölkəmizdə mövcud olan turizm potensialından daha dolğun istifadə olunması üçün işlər görülür: “Səylər daha çox bu istiqamətə yönəlsə də, qeyri-ənənəvi turizm növlərinin inkişafı istiqamətində işlər görülməkdədir. Yaxın günlərdə Bakıda turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Azərbaycanla həmsərhəd ölkələrlə birgə “ortaq şəhərlər” layihəsi də nəzərdən keçiriləcək. Məsələn, Rusiya ilə birgə Dərbənd layihəsini həyata keçirə bilərik. Bilirsiniz ki, Nabran bölgəsinə turistlərimiz çox gedirlər. Yaxşı olardı ki, Nabran bölgəsindən hər gün Dərbənd qalasına marşrut təşkil olunsun. Bunu da biz alternativ turizm növü kimi düşünürük. Düşünürəm ki, bu konfrans eyni zamanda Azərbaycanda alternativ, qeyri-ənənəvi turizm sahələrinin canlandırılmasına imkan verəcək”.

 

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2011.- 16 noyabr.- S. 10.