Milli mətbəximizin nümunələri Tokioda tələbə festivalında təqdim edilib

 

   Tokionun Seyguqakuen-maye qəsəbəsində keçirilmiş tələbə festivalında Yaponiyada təhsil alan azərbaycanlı tələbələr tərəfindən Azərbaycan mətbəxinin nümunələri təqdim edilib. Artıq ənənə halını almış festival 21-ci dəfədir keçirilir. Builki festivalda Yaponiyada təhsil alan 20 ölkənin tələbə komandaları milli mətbəxlərinin nümunələrini təqdim ediblər. Festivalın məqsədi dünya xalqlarının mətbəxi haqqında həm yerli əhalidə, həm əcnəbi tələbələrdə təsəvvür yaratmaqdır.

   Festivala qatılmış qonaqlar, qəsəbə sakinləri tələbələrin hazırladığı milli mətbəx nümunələrinin dadına baxıblar. Tokionun Vaseda Universitetinin magistri Emil Cəfərzadə bildirib ki, onlar qonaqlara badımcan dolması, tərəvəz salatı və toyuq ləvəngisi təqdim ediblər. Yeməkləri Tokionun Aoyama Qakuin Universitetinin magistri Kəmalə Novruzəliyeva hazırlayıb.

   Həm qonaqlar, həm də festival iştirakçıları, o cümlədən Türkiyə, Özbəkistan, İran, Çin, Rusiya, Pakistan və digər komandaların üzvləri Azərbaycan mətbəxinin nümunələrini böyük maraqla qarşılayıblar. Festival iştirakçıları yapon mədəniyyətinin nümunələri - çay dəstgahı, kalliqrafiya, oriqami ilə tanış olub, qədim musiqi aləti kotoda bacarıqlarını yoxlayıblar.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 16 noyabr.- S. 9.