Kitablarımız İstanbulda sərgiləndi

 

   Ölkəmiz İstanbul Beynəlxalq Kitab Sərgisində uğurla təmsil olundu

  

   Noyabrın 12-dən 15-dək İstanbulda 30-cu Beynəlxalq Kitab Sərgisi keçirildi. Miqyasına və iştirakçılarının sayına görə dünyanın ən böyük kitab bayramlarından sayılan İstanbul sərgisi bu dəfə öz yubileyini qeyd etməklə yanaşı, dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərini, naşirləri, kitab yayımçıları və oxucuları bir araya gətirmişdi.

  

   İlk dəfə 1982-ci ildə 28 nəşriyyatın iştirakı ilə gerçəkləşən İstanbul kitab sərgisi son illər öz fəaliyyətini daha da genişləndirib və 2005-ci ildən beynəlxalq sərgi statusu qazanıb. İstanbul Beynəlxalq Kitab Sərgisinin populyarlığının artmasını statistik göstəricilər də təsdiqləyir. 1991-ci ildə 10-cu dəfə baş tutan sərgini 159 min, 2001-ci ildə isə 355 min insan ziyarət etmişdi. Ötən il isə İstanbul kitab bayramında 410 mindən çox insan iştirak etmişdi.

   2006-cı ildə sərgi 500 yerli və xarici nəşriyyatı bir araya gətirmişdi. Builki, sayca 30-cu sərgidə isə 600-dən çox yerli və xarici nəşriyyat evi və kitab yayımı qurumu təmsil olunurdu.

   Noyabrın 12-də İstanbulun məşhur TÜYAP sərgi mərkəzində açılışı keçirilən Beynəlxalq Kitab Sərgisində ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edirdi. Heyətin tərkibində Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu, Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Faiq Xudanlı, “Mədəniyyət” qəzetinin baş redaktoru İntiqam Hümbətov, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Yazıçılar Birliyinin katibi, ”525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, şair Səlim Babullaoğlu, həmçinin xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov və Fəxrəddin Dadaşovdan ibarət muğam üçlüyü təmsil olunurdu.

   Açılış mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay sərgi barədə iştirakçılara ətraflı məlumat verdi. Nazir hər ötən il İstanbul Beynəlxalq Kitab Sərgisinə diqqətin daha da artdığını vurğulayaraq bunun ölkələr arasında mədəni əməkdaşlığın genişlənməsinə şərait yaratdığını bildirdi. Son illər Türkiyənin kitab nəşrində mühüm irəliləyişlərə nail olunduğunu faktlarla diqqətə çatdıran nazir İstanbul sərgisini ölkənin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.

   Rəsmi açılış mərasimindən sonra iştirakçı ölkələrin və yerli nəşriyyatların hazırladıqları stendlərlə tanışlıq başlandı. Qeyd edək ki, sərginin 2002-ci ildən etibarən düzənləndiyi TÜYAP Sərgi və Konfrans Mərkəzi ümumilikdə 60 min kv metr ərazini əhatə edir. Burada 10-dan artıq salonda kitab nümayişi həyata keçirilir. Salonların əksəriyyətində yerli nəşriyyatlar öz kitablarını nümayiş etdirir, satışını təşkil edir, müəlliflərlə imza mərasimləri keçirir. Bir böyük salonda isə qonaq ölkələrin stendləri qurulub.

   Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə qurulan sahə həcminə və dizaynına, habelə nümayiş olunan kitabların rəngarəngliyinə, keyfiyyətinə görə ilk dəqiqələrdən iştirakçıların ən çox üz tutduqları məkanlardan birinə çevrildi. Stendimizə baxanlar xüsusən son illərdə nəfis tərtibatla çap olunmuş, ölkəmizin zəngin və qədim mədəniyyət nümunələrini, tarixini əks etdirən kitablara, tanınmış şair və yazıçılarımızın əsərlərinə, turizm imkanlarımızı təbliğ edən çap nümunələrinə böyük həvəslə tamaşa etdilər.

   Noyabrın 13-də sərgi çərçivəsində “Kitabi-Dədə Qorqud”dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri” adlı beynəlxalq konfrans keçirildi. Tədbirin aparıcısı, tanınmış yazar Rəşad Məcid poeziya nümunəsi ilə tədbiri açıq elan etdikdən sonra söz Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verildi. Vaqif Əliyev dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümündə ölkəmizin belə mötəbər bir sərgidə iştirakını, burada Azərbaycan şeirinə həsr olunan xüsusi tədbirin təşkilini yüksək qiymətləndirdi. Respublikamızın bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində mühüm nailiyyətlər əldə etdiyini nəzərə çatdıran Vaqif Əliyev bu tədbirin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini qeyd etdi.

   Daha sonra filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə “Kitabi-Dədə Qorqud”dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu günə Azərbaycan şeiri” mövzusunda geniş məruzə ilə çıxış etdi. Natiq Azərbaycan şeirinin müxtəlif dövrləri ilə bağlı dəyərli fikirlər və faktlar, elmi dəlillər əsasında məruzə edərək müasir dövrümüzədək yazıb-yaradan şairlərimizin yaradıcılıq nümunələri, onların üslubu, dili və digər məziyyətləri haqqında ətraflı məlumat verdi.

   Mərasimdə tanınmış şairlər Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Səlim Babullaoğlunun çıxışları, öz yaradıcılıqlarından təqdim etdikləri poeziya nümunələri iştirakçılarda dərin təəssürat yaratdı. Xalq artistləri - xanəndə Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov və kamança ifaçısı Fəxrəddin Dadaşovun ifa etdikləri xalq mahnıları, muğam parçaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

   Beləliklə, İstanbul Beynəlxalq Kitab Sərgisində keçirilən bu tədbir mədəniyyətimizin təbliği baxımından əlamətdar hadisə kimi yadda qaldı. Bədii hissənin sonunda Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxış edərək öz təbriklərini çatdırdı. Tədbirdə tanınmış mədəniyyət xadimləri, qonaqlar, Türkiyənin nüfuzlu qəzetlərinin və televiziyalarının nümayəndələri iştirak edirdi.

   Qeyd edək ki, noyabrın 15-də işini yekunlaşdıran 30-cu İstanbul Beynəlxalq Kitab Sərgisi bir sıra maraqlı tədbirlər, tanınmış yazıçı və şairlərin imza mərasimləri ilə zəngin oldu.

   1987-ci ildən sərgidə «fəxri yazar» layihəsi də həyata keçirilir. "Ümid: xəyalmı, gerçəkmi?» mövzulu budəfəki sərginin fəxri yazarı Türkiyənin tanınmış ziyalılarından olan Ferit Edgün idi.

   Yeri gəlmişkən, İstanbul Beynəlxalq Kitab Sərgisində hər il bir ölkə fəxri qonaq kimi təmsil olunur. Budəfəki yubiley sərgisinin fəxri qonaq ölkəsi Misir Ərəb Respublikası idi. Bu ölkədən təxminən 25 nəşriyyatın iştirakı etdiyi sərgi çərçivəsində Misir ədəbiyyatı, kino və mədəniyyəti barədə silsilə tədbirlər keçirildi.

   Ümumilikdə sərginin proqramına 200-ə yaxın tədbir, eləcə də məşhur yazarlarla imza mərasimləri daxil idi.

  

 

   İntiqam Hümbətov,

   İstanbul

 

  Mədəniyyət.- 2011.- 16 noyabr.- S. 8.