Xatirələrdə
yaşayanlar:
Gülşən
Qurbanova
Yaşasaydı bu il dekabrın 19-da 61 yaşı tamam
olacaqdı. Amma o, heç 56 yaşını da qeyd edə
bilmədi... Noyabrın 17-də isə əzizləri,
dostları onun həyatdan getməsinin 5 ilini qeyd edəcəklər.
Biz də bu yazıda xatirələrdə yaşayan Xalq artisti
Gülşən Qurbanovanı yaxınları ilə birgə
yad edəcəyik.
Firəngiz
Qurbanova, bacısı, Əməkdar incəsənət
xadimi:
- Gülşən məndən 7
yaş kiçik idi. Xalq artisti Ağadadaş Qurbanovun ailəsində
iki qız övladı böyüyürdü. Hamı kimi mən
də onu nazlandırır, əzizləyirdim,
qayğısını çəkirdim. Hələ kiçik
yaşlarından onda artistlik sənətinə həvəs
böyük idi. Bağçadan evə gələn kimi
özünü tərbiyəçilərinə, kiminsə
valideyninə oxşadıb oyun çıxarırdı. Onun
bu “səhnəcikləri”ndən hər gün bağçada
nə olduğunu bilirdik. Yerişlərini, hərəkətlərini
elə təqlid edirdi ki, hamının üzündə
gülüş yaranırdı. Amma nədənsə atam onun
bu sənətə getməsini heç istəmirdi. O,
qızını anamız kimi həkim, ya da müəllim
görmək istəyirdi. Gülşən 175 saylı orta məktəbdə
rus dilində təhsil aldığı üçün azərbaycanca
rəvan danışa bilmirdi. Anam bu “qüsuru”n aradan
qaldırılması üçün ona
kitabxanaçılıq texnikumunda oxumağı məsləhət
gördü. Belə də oldu, amma burada təhsili başa
vurduqdan sonra o, İncəsənət İnstitutunun rejissorluq
fakültəsinə daxil oldu. Gülşən burada çox
da “tab gətirə” bilməyib aktyorluq şöbəsinə
keçdi. Təhsilini başa vurduqdan sonra atamın
çalışdığı Gənc
Tamaşaçılar Teatrında işləməyə
başladı. Sonralar tez-tez televiziya tamaşalarında
iştirak edir, aparıcılıqla da məşğul olurdu.
Gülşən
bütünlüklə atamıza çəkmişdi. O olan
yerdə həmişə yüksək əhval-ruhiyyə
yaranır, şən zarafatlar baş alıb gedirdi. Nikbin,
güclü insan idi. Bir qədər kəmhövsələliyi
olsa da, insanları, həyatı çox sevirdi.
İstiqanlı idi, onunla beş dəqiqə söhbət edən
insanla elə qaynayıb-qarışırdı ki, sanki bir-birlərini
xeyli vaxtdır tanıyırlar. Gülşən bir yerdə qərar
tuta bilmirdi. Onunla görüşlərimiz həmişə
qısa olurdu - ya telefonla zəng vurub harasa dəvət edir, ya
da harasa getməli olduğu yadına düşürdü.
Amma bayramlarda, ad günlərində telefonunu
söndürürdü, sonadək bir yerdə olurduq. Deyərdim
ki, sənətini özündən çox sevirdi, iki dəfə
infarkt keçirsə də, səhhətinin
qayğısına heç qalmırdı. O, sanki həyatdan
tez köçəcəyini bildiyi üçün işlərinin
yarımçıq qalmasından qorxur, həmişə harasa
tələsir, heç vaxt yorulduğunu dilə gətirmirdi.
Adamların arasında olmağı çox sevirdi,
tamaşaçılarından enerji alırdı. Xoş
aurası olan Gülşən mətbəxdə də həvəslə
işləyir, dadlı yeməklər hazırlayır, gözəl
süfrələr açırdı. Yəqin elə buna
görə də müxtəlif kanallarda mətbəx
verilişlərini aparmağa razılıq vermişdi.
Nəvəsi Maqsudun dünyaya gəlməsi
sanki ona qol-qanad vermişdi. Hətta bunu ekrandan da bildirirdi. Amma
təəssüf ki, onu cəmi 20 gün görə bildi,
Maqsudu böyütməkdə qızı Kəmaləyə
(yeri gəlmişkən, o da teatrşünasdır) dəstək
olmaq, balacaya sonsuz nəvazişini göstərmək qismət
olmadı. Maqsuda mən nənəlik etməyə
çalışsam da, Gülşəni əvəz etmək
mümkündürmü?..
Gülşənin məzarını
ziyarətə gedəndə həmişə üstündə
təzə güllərin olduğunu görürük -
tamaşaçıları yanından biganə ötmür,
burda ayaq saxlayıb ona rəhmət oxuyub ehtiramlarını
bildirirlər. Məndə isə indi də elə hissiyyat var
ki, bacım hardasa səfərdədir, nə vaxtsa
qayıdıb gələcək. İstərdim ki, onun
haqqında xatirələr toplanmış bir kitab ərsəyə
gətirək. Burada dostları, tanışları, pərəstişkarları
onunla bağlı xatirələrini yazsınlar.
Azər
Mirzəyev,
tələbəlik dostu, tərəf-müqabili:
- Mən Gülşən
xanımla uzun illər dost olmuşam. Bu, hələ gənclik
illərindən - institutda oxuyarkən
başlamışdı, sonralar da eyni teatrda işlədik.
Bir-birimizi baxışlardan, yarı sözdən
anlayırdıq. Bu isə tərəf-müqabili
üçün çox vacib cəhətdir. Teatrdan inzibati
işə gedəndə Gülşən mənə ürəkdən
xeyir-dua vermişdi. Amma sonra zarafatla dostlarımızın
yanında etiraf etmişdi ki, Azər mənə
sarsıdıcı zərbə vurdu, elə bil qanadım
qırılıb yanıma düşdü. İkimizin də
vaxtının az olmasına baxmayaraq bir-birimizdən aralı
dolanmırdıq, müxtəlif tədbirlərdə yenə
də birgə iştirak edirdik. Sonuncu müştərək
çıxışımız ölümündən təxminən
on gün əvvəl Opera və Balet Teatrında oldu. Azərbaycan
Televiziyasının 50, radiosunun isə 80 illiyi qeyd edilirdi. Təəssüf
ki, Gülşən bizi cismən çox tez tərk etdi, indi
onun haqqında keçmiş zamanda danışırıq.
Amma oynadığı rollar, yüksək insani keyfiyyətləri,
zarafatları, xeyirxahlığı onu tanıyanların
yadından heç vaxt çıxmayacaq, Allah ona qəni-qəni
rəhmət eləsin.
İradə Əsədova
Mədəniyyət.-
2011.- 16 noyabr.- S. 12.