Pazolini gəlməsə də...
Mərakeşlilərin
yaşantıları iki ekran əsərində nümayiş
olundu
Noyabrın 12-13-də Azərbaycanda
Mərakeş Mədəniyyəti Günləri çərçivəsində
bu ölkənin istehsalı olan iki filmə baxış
oldu.
Muzey Mərkəzində baş
tutan nümayişin ilk günündə çoxsaylı
kinosevərlərlə yanaşı Mərakeş
Krallığının mədəniyyət naziri Bin Salem
Himmiş, Azərbaycanın mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Mərakeşdəki
səfiri Sabir Ağabəyov, Mərakeş
Krallığının ölkəmizdəki səfiri Həsən
Hami də iştirak edirdi.
Nümayişdən öncə
çıxış edən Azərbaycan Dövlət Film
Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil
Quliyev zəngin və qədim ənənələrə malik
Mərakeş kinosu haqqında geniş məlumat verdi:
«Dünya kinosu yaranan dövrdə Mərakeş kinosuna,
ümumilikdə bu müsəlman ölkəsinə çox
böyük maraq vardı. Bu maraq ölkənin yerləşdiyi
coğrafiya, onun füsunkar təbiəti və ümumilikdə
Qərbdə qəribə təəssürat yaratması ilə
əlaqədar idi». Mərakeş kinosunun inkişafını
mərhələlərlə xarakterizə edən C.Quliyev bu
ölkədə xüsusən son illər istehsal olunan filmlərin
tamaşaçı auditoriyasının geniş olduğunu
vurğuladı.
Sonra tamaşaçılar
tanınmış Mərakeş kinorejissoru David Ulad Saidin
komediya janrında çəkdiyi “Pazolinini gözləyərkən”
filminə baxdılar. Sadə mərakeşlilərin həyatından
bəhs edən filmdə hadisələr ucqar bir kəndə
baş verir. Film içində film olan ekran əsərinin qəhrəmanları
da elə adi Mərakeş sakinləridir. Gündəlik
qayğılarla yaşayan yoxsul kəndlilərin ən
böyük arzusu kəndlərindəki yarımçıq məscid
binasının tikilməsidir. Kəndə gələn
italiyalı kinematoqrafçıların bu işdə onlara
kömək edəcəyini zənn edən kəndlilər
italyan qonaqların üzərinə yüyürürlər.
Təbii ki, nə baş verdiyini
anlamayan italyanlar heç nəyə məhəl qoymadan sakinlər
arasından kütləvi səhnələrin çəkilməsi
üçün iştirakçı seçirlər. Qəribə
və gülüş dolu seçimlərə qatılmayan
bir şəxs, filmin baş qəhrəmanı isə öz
arzusuna çatmaq, məşhur rejissor Pazolinini görmək
arzusu ilə hey var-gəl edir. Hələ illər əvvəl
bir çəkiliş üçün bu kəndə gələn
rejissorla çəkdirdiyi fotonu və o gün geyindiyi
paltarları dolabdan çıxaran mərakeşli film boyu
Pazolininin xəyalı ilə yaşayır. Beləcə
Pazolininin 35 il öncə faciəli şəkildə
öldüyündən xəbərsiz biçarə kəndlilərin
bütün ümidləri boşa çıxır və təbii
ki, məscidləri də tikilmir. Komediya janrındakı qəribə
sonluqla bitən, maraqlı və gülüş dolu süjet
xəttinə malik filmdə əslində Mərakeş kəndi
və onun sadə vətəndaşlarının problemləri,
yaşam tərzi ekran həllini tapıb.
Nümayişin ikinci günü isə
tamaşaçılar rejissor Məhəmməd
İsmayılın lentə aldığı «Əlvida analar»
filminə tamaşa etdilər. Mühacirətə məcbur
edilmiş və ürəklərində ana vətən
sevgisi daşıyanlara həsr edilən film dram-faciə
janrında çəkilib.
Mərakeşin Kasablanka şəhərində
cərəyan edən hadisələr 60-cı illərə təsadüf
edir. Filmdə uzun illər ərəblərlə bir torpaqda
yaşamış çox sayda yəhudi ailələrinin
sionistlərin təhriki ilə öz doğma vətənlərindən
İsrailə mühacirət etdiyi tarixi dövr əks olunur.
Filmdə uşaqlıqdan möhkəm dostluq edən iki ailənin
taleyindən bəhs olunur. Biri müsəlman Brahimin, digəri
isə yəhudi Henrinin ailəsidir. Zavodda işlərinin
yaxşı getmədiyini görən Henri İsrailə getmək
qərarına gəlir. Dostu onu bu qərarından çəkindirmək
istəsə də bir şey alınmır və o işlərini
İsraildə tam quranadək arvadını və iki
uşağını dostu Brahimə tapşıraraq gizli yolla
gedən digər yəhudilərlə qoşulur. Onları sərhəddən
keçirən qayığın batması nəticəsində
həlak olan Henrinin ailəsi beləcə Brahimin himayəsində
qalır. 9 aydan sonra Henrinin arvadının da vəfat etməsi
ilə uşaqlar bütünlükdə onun himayəsinə
keçirlər. Beləcə o dostunun uşaqlarını
doğma övladları kimi böyüdür.
Milli-etnik münasibətlərin
insan taleyində buraxdığı dərin izlərin
ustalıqla ekran həllini tapdığı film kinosevərlər
tərəfindən maraqla qarşılandı.
Həmidə
Mədəniyyət.-
2011.- 16 noyabr.- S. 6.