Musiqi yenə də ecazını göstərə
bildi
«Sarı gəlin» bu dəfə mərakeşli
müğənninin ifasında səsləndi
Musiqinin
dili olmur deyənlər həqiqətən də
yanılmırlar. Ecazkar səs-səda dinindən, irqindən,
dil və mənsubiyyətindən asılı olmayaraq hər
kəsi özünə ram edə bilir. Müasir
dünyanın müxtəlif dilli, müxtəlif maraqlı
insanları yalnız musiqi dili ilə anlaşa, ünsiyyət
qura bilirlər. Mərakeş Mədəniyyəti Günləri
çərçivəsində düzənlənən
konsert proqramı bunu bir daha təsdiq etdi.
Noyabrın 12-də yeni təmirdən
çıxan R.Behbudov adına Dövlət Mahnı
Teatrının çilçıraqlı zalını
dolduran musiqisevərlər ecazkar sənət aləminə
düşdülər. Milli musiqi alətlərinin
çoxçalarlığı, ümumilikdə ərəb
musiqisinə xas oynaq ritm, ifaçıların bəlağətli
səsi, rəqqasların qeyri-adi hərəkətləri
tamaşaçılara xoş anlar yaşatdı.
Mərakeş nümayəndə
heyətinin, Azərbaycan mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyevin, eləcə də
ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin
təmsilçilərinin, millət vəkillərinin
iştirak etdiyi konsert proqramı maraqla qarşılandı.
Mərakeşli incəsənət
ustalarının rəngarəng çıxışları
alqışlarla müşayiət olundu.
Mərakeşdə əsasən
milli mahnıların ifaçısı kimi məşhur olan
Samirə Belhajın həzin, geniş diapazonlu səslə təqdim
etdiyi ərəb musiqi incilərindən sonra Azərbaycanın
məşhur xalq mahnısı «Sarı gəlin»i ifa etməsi
xüsusilə sürəkli alqışlar doğurdu.
Tamaşaçılar mərakeşli
rəqqasların təqdim etdikləri rəqs nümunələrini
də maraqla seyr etdilər.
Konsert sonrası səhnə
arxasında təəssüratlarını bizimlə
bölüşən mərakeşli ifaçılar Azərbaycanda
olmalarından böyük məmnunluqla danışdılar,
insanlarımızın qonaqpərvərliyini xüsusilə
vurğuladılar.
Azərbaycan musiqisinə heyran
qaldığını deyən «Sarı gəlin»in mərakeşli
ifaçısı Samirə Belhaj ümumilikdə hər iki
ölkənin mədəniyyətində, musiqisində
oxşarlığın olduğunu bildirdi. Heyran
qaldığı vətənimizə bir mahnı da həsr edəcəyini
dedi: «Azərbaycanın mədəniyyətini, xüsusən
musiqisini çox sevdim, bu zəngin, rəngarəng, dolğun
musiqiyə sadəcə heyran qaldım. Burda olmamdan çox məmnunam.
İnsanlarınız çox sadə, qonaqpərvər və
işgüzardırlar. Bizə göstərilən münasibətə
görə Azərbaycanın Mədəniyyət və Turizm
Nazirliyinin nümayəndələrinin simasında hər kəsə
dərin təşəkkürümü bildirirəm».
«Sarı gəlin» xalq mahnısının
həzin, gözəl musiqisinin onu ofsunladığını
deyən ifaçı bu mahnı üzərində daha
çox işləyərək musiqi albomuna daxil edəcəyini
də dedi: «Bu mahnı mənim Azərbaycan musiqisi, Azərbaycan
dili ilə ilk tanışlığım oldu. Mahnı və
onun gözəl musiqisi məni sadəcə heyran etdi. Əslində
bizdə türk mahnıları çox sevildiyindən konsertlərimdə
türk musiqilərinə yer verirəm. Amma sırf Azərbaycan
dilində, sizin ləhcənizdə ifam yox idi. Ölkəmizə
qayıtdıqdan sonra öz milli alətlərimizin
müşayiəti ilə «Sarı gəlin»
mahnısını studiyada yazdıraraq həm növbəti
albomuma daxil edəcəyəm, həm də konsertlərimdə
böyük məmnuniyyətlə oxuyacağam.
Düşünürəm ki, musiqidə bizi birləşdirən
görünən və görünməyən çox əlaqələr,
oxşarlıqlar var. Elə buna görə də Azərbaycan
və Mərakeş motivləri əsasında bir mahnı bəstələməyi
də düşünürəm».
Müğənni həmkarının
fikirlərini davam etdirən digər mərakeşli
ifaçı Saad Ləmcərred də ölkəmizdən
heyranlıqla danışdı. Nyu-Yorkda yaşayan və təhsil
alan müğənni Azərbaycanı çox müasir və
inkişaf edən ölkə kimi xarakterizə edərək
burada olmasından məmnunluq ifadə etdi. Ölkəmizi
Şərqlə Qərbin təmas nöqtəsi, mədəni
dialoqun mərkəzi adlandıran gənc ifaçı mədəniyyət
və musiqimizin oxşarlığından danışdı:
«Sizin musiqiniz zəngindir, çoxçalarlıdır.
İfaçı bu dərin dəryaya qərq olaraq buradan
çox şey öyrənə bilər. Sizin mahnı və
muğamlarınız müğənniyə geniş imkanlar
açır, onu sintezdə təqdimetmə izni verir. Mən
müasir musiqi janrları ilə milli musiqiləri sintezdə təqdim
etsəm də muğamı çox sevir və tez-tez ifa edirəm».
Azərbaycanda ilk dəfə
olmasına baxmayaraq musiqi və mədəniyyətimiz
haqqında məlumatlı olduğunu bildirən qonaq Mərakeşdə
Azərbaycan muğam ifaçılarının
tanındığını da diqqətə
çatdırdı: «Muğam elə bir musiqi janrıdır
ki, o istənilən tamaşaçı auditoriyasının qulağına
yata, onu öz aləminə apara bilir. Mərakeşdə Azərbaycanın
məşhur muğam ifaçısı Alim Qasımovu daha
çox sevir və tanıyırlar. Amma ümumilikdə
musiqiçilərimiz sizin mahnıları bilir və oxuyurlar.
Mədəniyyətlərimiz oxşar olduğundan insanlarda da
bu musiqilərə maraq oyanıb».
Milli musiqi və muğamları
sintezdə təqdim edərək bir sıra Avropa dövlətlərində
də konsertlər verən Saad Ləmcərred gələcəkdə
repertuarına Azərbaycan mahnısını da daxil edəcəyini
bildirdi.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2011.- 16 noyabr.- S. 5.