Dünya Turizm Təşkilatı ilə əməkdaşlığımız genişlənir

 

   Taleb Rifai: “Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi turistlərin üzünə açıqdır”

  

   Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizdə səfərdədir. Noyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib.

  

   Ölkəmizdə 2011-ci ilin “Turizm ili” elan olunduğunu vurğulayan prezident İlham Əliyev Azərbaycanda turizm sektorunun dövlətin əsas prioritet sahələrindən biri olduğunu bildirib. Dövlət başçısı gözəl təbiətə və müxtəlif iqlim qurşaqlarına malik olan ölkəmizdə ən müasir və cəlbedici turizm infrastrukturunun yaradılması üçün səylərin daha da artırılacağını deyib.

   Dünya Turizm Təşkilatının baş katibi ölkəmizdə turizm sektorunun inkişafına yaradılan yüksək şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Qonaq Dünya Turizm Təşkilatının Baş Assambleyasının Cənubi Koreyada keçirilən iclasında Azərbaycanın Avropa regionu üzrə təşkilatın vitse-prezidenti seçilməsinin əhəmiyyətini qeyd edib. Taleb Rifai Azərbaycanın Dünya Turizm Təşkilatının “Qızıl kitab” hərəkatına qoşulması barədə təşkilatın dəvət məktubunu da dövlət başçısına təqdim edib.

 

   * * *

 

   Noyabrın 15-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşdü. Qonağı salamlayan nazir bildirdi ki, Taleb Rifainin Azərbaycan prezidenti ilə görüşündə əməkdaşlığın perspektivləri müzakirə olunub. Nazir Azərbaycanın Dünya Turizm Təşkilatının Baş Assambleyasının vitse-prezidenti seçilməsində göstərdiyi dəstəyə görə Taleb Rifaiyə təşəkkür etdi: «Sizin bu səfərinizi «Turizm ili»ndə Azərbaycan turizminə göstərilən diqqət kimi qiymətləndirirəm. Ümid edirəm ki, səfər çərçivəsində Bakıda keçirəcəyiniz görüşlərdən sonra ölkəmizin DTT ilə əməkdaşlığı daha da genişlənəcək və gələcəkdə bu istiqamətdə daha böyük uğurlara nail olacağıq».

   Taleb Rifaiöz növbəsində Azərbaycana səfər etməsindən məmnun olduğunu dedi: “Son bir neçə ildə Azərbaycan turizm dünyasında mühüm yer tutmağa başlayıb. Bu, böyük nailiyyətdir və biz beynəlxalq turizm təşkilatı olaraq Azərbaycana daimi kömək və dəstək göstərməyə hazırıq. Xüsusilə 2011-ci ilin ilk 6 ayına olan nəticələri qeyd etmək istərdim. Azərbaycana gələn turistlərin sayında 15 faizə qədər artım müşahidə olunub. Dünyanın bir çox ölkələrində turizm sahəsində böhran yaşandığı bir vaxtda bu nəticə çox yüksək qiymətləndirilməlidir».

   Baş katib bildirdi ki, Azərbaycanda turizm infrastrukturu yüksək səviyyədə qurulur, beynəlxalq brendli hotellər tikilib istifadəyə verilir: «Məndə olan məlumata görə, Azərbaycanda 500-ə yaxın hotel fəaliyyət göstərir. Həmçinin Şahdağda inşası davam etdirilən qış-yay turizm mərkəzi bu infrastrukturu bir növ tamamlayır. 2011-ci ilin ölkə ərazisində «Turizm ili» elan edilməsi dövlətin bu sahəyə diqqət və qayğısının göstəricisidir. Həyata keçirilən islahatlar və reallaşdırılan yeni-yeni böyük layihələrin nəticəsidir ki, Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi tanınır. Mən beynəlxalq turizm təşkilatının rəhbərliyində təmsil olunan bir şəxs kimi demək istəyirəm ki, belə hala dünya ölkələri arasında heçtez-tez rast gəlmək mümkün deyil».

   Azərbaycanın turizm sahəsində gənc kadrların hazırlanmasına da xüsusi önəm verdiyini deyən T.Rifainin sözlərinə görə, Dünya Turizm Təşkilatının bu sahədə ölkəmizlə bir neçə mərhələdə əməkdaşlığı ola bilər: «Birincisi, azərbaycanlı mütəxəssislərin bizim baş ofisdə hazırlıq keçməsini təşkil etmək olar. İkinci mərhələdə bizim mütəxəssislərimiz Azərbaycan Turizm İnstitutunda turizmin müxtəlif istiqamətləri üzrə treninqlər keçə bilərlər. Bunun bir önəmli məqamı var ki, bu treninq mərkəzlərinin DTT tərəfindən sertifikatlaşdırılması da mümkündür. Təbii ki, bu məsələlərin hamısını biz bu səfər zamanı müzakirə edəcəyik.

   Ümidvarıq ki, 2012-ci ildə də bu nailiyyət və artım davam edəcək. Azərbaycan gələn il bir neçə mühüm beynəlxalq tədbirə, o cümlədən “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Burada beynəlxalq idman və mədəniyyət tədbirlərinin keçirilməsi gözlənilir. Cənab prezidentlə görüşümdə də onu əmin etdim ki, Dünya Turizm Təşkilatı Azərbaycanın bu nailiyyətlərinə hər bir dəstəyi göstərəcək”.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 16 noyabr.- S. 3.