Görkəmli musiqiçilərə həsr olunmuş kitablar təqdim olundu

 

   Noyabrın 15-də Muzey Mərkəzində tanınmış musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru Mina Hacıyevanın müəllifi olduğu «Üzeyir Hacıbəylinin fəlsəfi görüşləri», «Qara Qarayevin fəlsəfi təfəkkürü» və «Firəngiz Əlizadə musiqisinin fəlsəfi dünyası» kitablarının təqdimat mərasimi keçirildi.

   Mərasimdə çıxış edənlər nəşrlə bağlı fikirlərini bölüşdülər. Kitabın müəllifi M.Haçıyeva bildirdi ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanan trilogiya xarici ölkələrdə də yayılacaq, musiqimizin dünyada təbliğinə xidmət edəcək.

   Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə kitabların müasir üslubda yazıldığını bildirdi: «Bu gün Üzeyir Hacıbəyli musiqisinə necə baxırıq, onun axtarışları, tapıntıları, onun dahiyanə yaradıcılığı, Qara Qarayevin müasir musiqi sahəsində böyük nailiyyətləri, ilk dəfə Azərbaycan musiqisini Avropa səviyyəsinə qaldırılması, eləcə də mənim musiqi yaradıcılığım haqqında məlumatlar bu kitablarda yer alıb. Kitablarda təhlil, fəlsəfi düşüncələr də var. Tarixi baxımdan ideyaların dəyəri açılır. İstərdim, bütün bəstəkarlarımız haqqında belə kitablar olsun».

  

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 16 noyabr.- S. 3.