Nitq mədəniyyətin tərkib hissəsidir

 

   Səsin, sözün düzgün tələffüzü fikrin dəqiq çatdırılması deməkdir

  

   Dövlət müstəqilliyimizin mühüm nailiyyətlərindən biri də Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, ana dilimizin qorunması və inkişafı yolunda görülən işlərdir. Dilin əcnəbi sözlər hesabına zənginləşməsi hər zaman müəyyən fəsadlar da doğurur.

  

   Son illərdə ölkəmizin iqtisadi, siyasi, elmi və mədəni həyatında baş verən yeniliklər Azərbaycan dilinin lüğətində terminlərin artmasına səbəb olmuşdur. Bu artım ədəbi dilin bütün sahələrində özünü büruzə verir. Xüsusən də mətbuat və teleradio sahəsində bu məsələ daha qabarıq şəkildə hiss olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Sitarə Əliyeva ilə bu barədə söhbət etdik.

   “Nitq mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsidir” - deyə sözə başlayan həmsöhbətimin fikrincə, bu gün dilçiliyimizin ən ciddi problemlərindən biri şifahi nitqdə özünü göstərir: “Kütləvi informasiya vasitələrində bu qüsur daha qabarıq nəzərə çarpır. Nəsimi adına Dilçilik İnstitutunda “Nitq mədəniyyəti” şöbəsi fəaliyyət göstərir. Şöbənin əsas vəzifəsi mətbuatın, televiziya və radio verilişlərinin dilini, ədəbi dilin üslublarını öyrənmək, yazılı və şifahi nitqdə ədəbi dil normalarına nəzarət etməkdir. Professor M.Məmmədovun rəhbərliyi ilə hazırlanan “Dil mədəniyyəti” məcmuəsində bununla bağlı mütəmadi yazılar dərc olunur, mətbuatda, bədii və elmi əsərlərdə, dərsliklərdə, səhnədə, televiziya və radioda, reklamlarda dil normalarının pozulması halları göstərilir, nöqsanların aradan qaldırılması üçün konkret təkliflər verilir. Əsas məsələlərdən biri də tələffüz qaydalarının nizama salınmasıdır. Bilirik ki, son vaxtlar ədəbi dilin şifahi forması daha işlək olmuşdur. Bunun da özünəməxsus qanunları vardır. Nitqin bu forması üçün aydın, ümumişlək sözlərdən, quruluşca qısa və sadə cümlələrdən, intonasiya və vurğudan, mimika və jestlərdən yerli-yerində istifadə etmək lazımdır. Danışıqda yerli şivə ünsürləri, yersiz sözlər işlətməmək, sözləri düzgün tələffüz etmək və s. vacib şərtlərdəndir. Əfsus ki, bu tələblərə həmişə əməl edilmir. Xüsusilə teleradio sahəsində, dublyajda, reklamlarda müşahidə etdiyimiz nöqsanların əsas səbəbi orfoqrafiya və orfoepiya qaydalarının qarışdırılması, yəni bəzi sözlərin yazıldığı kimi tələffüz edilməsidir. Halbuki səsin, sözün düzgün tələffüzü fikrin dəqiq çatdırılması deməkdir”.

   Alim qeyd edir ki, bu gün teleradio efirində sözlərdə vurğunun yanlış deyilməsi hallarına çox rast gəlinir: “Məsələn, “agentlik”, “terror” kimi sözlərdə vurğunun ilk hecada deyilməsi aparıcının vurğu məsələsinə zəif bələd olduğunu göstərir. Bunun əsas səbəbi aparıcıların dil haqqında biliklərinin kasadlığıdır. Televiziya ekranlarında, auditoriyalarda danışarkən təngnəfəs olub mətnin mənasını düzgün çatdıra bilməyən, bəzən də ehtiyac oldu-olmadı dayanıb fasilə edənlərə də az rast gəlmirik. Bu da söylənilən fikrin ümumi məzmununun itməsinə səbəb olur. Danışanın məqsədindən asılı olaraq mənanı daha qabarıq çatdırmaq üçün cümlələr intonasiya ilə müəyyən hissələrə, ritmik qruplara parçalanır ki, dilçilikdə buna sintaqm deyilir. Belə qaydalara hazırda çox az əməl edirlər”.

   Sitarə Əliyevanın fikrincə, nitq mədəniyyəti, düzgün danışmaq və yazmaq adətinə ilk növbədə ailədən başlamaq lazımdır. Tədris sahəsində müəllimlər daha çox məsuliyyət daşıyır. Onlar şagirdlərdə ana dilinə məhəbbət aşılamalı və özlərinin nümunəvi tələffüzü ilə şagirdlərə örnək olmalıdırlar. Həmçinin televiziya və radiolarda nitq mədəniyyətinin inkişafına xüsusi diqqət yetirilməli, Azərbaycan dilinin təlimi ən mühüm problemlərdən biri hesab edilməlidir”.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2011.- 18 noyabr.- S. 13.