Zümrüd şəhərinin kuklalar festivalı

 

   “Bakı və nağıl” mövzusunda improvizə

  

   Uşaqlar dünyaya nağıllardan boylanar, nağıldan nağıla buğda boyda böyüyərlər. Onlar üçün nağıl aləmində heç bir şərtilik, heç bir uydurma, heç bir yalan-filan yoxdur: hər şey həqiqətdir, realdır; dəniz kimi realdır, dənizdə üzən gəmilər kimi realdır, torpaq kimi, torpaqda bitən ağaclar kimi realdır. Nağıllarda gerçəkliklə fantastika, fantastika ilə gerçəklik arasında cəmi iynəyarım yol var.

  

   Nağıllar xalqın uşaqlığıdır. Hər bir xalq öz nağıllarında güzgülənib özünü tanıyır. Nağıl xalqın mədəniyyətə vəsiqəsidir. Bu vəsiqəni hər bir insan hələ cocuq ikən öz anasından alır. Bir xalqı özün üçün “kəşf etmək”, onun adətlərini görmək, dilini öyrənmək istəyirsənsə, həmin xalqın nağıllarını oxu.

   Bakı Beynəlxalq Kukla Teatrları Festivalı da nağıllardan başladı, Azərbaycan xalq və müəllif nağıllarının qəhrəmanı Cırtdandan başladı, Məlikməmməddən, Simurq quşundan başladı, saçı uzun Suray xanım, boynu uzun Buray xanımdan, dünyalarca məşhur nağılların personajlarından başladı...

   Noyabr ayının 1-də hamılıqla əla bir açılış mərasimi yaşadıq Azərbaycan xalqının əziz nağılçısı Abdulla Şaiqin adını daşıyan Kukla Teatrının binası önündə. Meydançada Azərbaycan və dünya xalqlarının kukla personajları gəzişirdi ikibir, üçbir. Aktyorları qəşəng-qəşəng geyindirib, nağıl qəhrəmanlarının görkəminə salıb bizim Kukla Teatrının qarşısına çıxarmışdılar; digər personajların isə parlaq boyalarla rənglənmiş nəhəng kuklalarını düzəldib meydana yığmışdılar. Kuklalar camaata qarışmışdı, camaat - kuklalara. Jurnalistlər əllərində mikrofon, operatorlar əllərində kamera burdan-ora “qonurdular”, ordan-bura.. Hamı içdən sevinirdi, içdən işıqlanırdı. Şəkil çəkdirən kim, qol götürüb rəqs eləyən kim. Festivalın əcnəbi qonaqlarının çöhrəsinə isə birmənalı şəkildə “mən Bakıda xoşbəxtəm” ifadəsi yazılmışdı və onlar deyirdilər ki, cənnətə düşüblər... Bir yandan da Günəş gülümsünürdü festival iştirakçılarının üzünə... Fikrimin canı bu ki... başqa sözlə, qısası bu ki, tanrının özü də Bakı Beynəlxalq Kukla Teatrları Festivalının açılış mərasiminə “amin!” söyləmişdi.

   Xəbərçilər KUKFEST haqqında bütün xəbərləri Azərbaycanın informasiya məkanına qədərincə çevik dağıdıblar; camaatı məlumatlandırıblar ki, kim, harada, nə vaxt və necə danışdı, kim kimdən sonra danışdı. Mənim bu məlumatlarla işim yox. Odur ki, birbaşa keçirəm KUKFEST çərçivəsində yaşanan hadisələrə və onların milli mədəniyyət üçün dəyərinə...

   Açılış törəni tamama yetincə festivalın ilk kukla oyunu göstərildi: Azərbaycan Dövlət Kukla Teatrının “Ağ və qara” tamaşası. Mən “qara qutu” estetikasında hazırlanmış bu kukla oyununa çoxdan baxmışam: ondan yazmışam, danışmışam; danışmışam, yazmışam. O səbəbdən təkrara ehtiyac görmürəm. Lakin məsələ bu ki, məhz “Ağ və qara” tamaşasının balaca qəhrəmanı uşaqların və böyüklərin əlindən tutub onları zümrüd şəhərinin sehrli nağıllarla dolu gecələrinə apardı, kuklalar dünyasına apardı; apardı ki, Bakının teatr salonlarında onları məzəli, zarafatcıl cırtdanlarla, xeyirxah qum adamları ilə, yaraşıqlı bəbəklərlə, əcayib-qərayib kölgələrlə tanış eləsin.

   Tanış oluruq Özbəkistanın Xarəzm Vilayət Kukla Teatrı ilə. Kukla oyunu adlanır “Xivə ləzgisi”: özbək xalq nağılının motivlərinə söykənir və oynanılır Rus Dram Teatrının səhnəsində. Tamaşa etnik adətlər, etnik rəqslər, etnik musiqi buketidir, Xivə ləzgilərinin etnik mədəniyyət atributlarının paradıdır: konfransye tipli iki ləzgi personajının dialoqu üzərində qurulub; struktur isə ötən yüzildə Sovet İttifaqının milli kukla teatrları üçün xarakterik ifadə ştampları ilə doludur. Amma aktyorlar çox impulsivdirlər, pozitiv enerjiyə kökləniblər: tamaşanı bayram sevincilə, meydan coşqusu ilə, meydan hay-küyü ilə oynayırlar. Düzü, tamaşa elə buna da hesablanıb: məram etnik ekzotika içində özünü bəyəndirməkdir. Ona görə də sırf kukla estetikası ikinci plandadır. Kuklalar mil kuklalardır, dinamik və uyuşqan deyillər, ancaq zövqlə düzəldiliblər.

   Festivalın ən köhnə tamaşası bildim mən bunu və heç də yanılmadım!

   Günün üçüncü tamaşasına baxmaq üçün camaat yığışır yenidən bizim Kukla Teatrına. Bu dəfə seyrçilərə dahi azərbaycanlı Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının bir fraqmenti əsasında düzənlənmiş “Xeyir və Şər” kukla tamaşası göstəriləcək. Vaxt ucbatından mən bu tamaşaya yetişə bilmirəm. Amma məlumatlıyam ki, festivalın devizi məhz bu tamaşanın ideyası ilə üst-üstə düşür. O mənada ki, kukla sənəti, kuklaçılıq sənəti öz yaranışından insanları xeyirxahlığa səsləyir. Kuklalar günahsızdır, məsumdur, pak və təmizdir, gülməli və qəmlidir, ərköyün və utancaqdır: və onlar öz zərif çiyinlərində dünyaya xeyirxahlıq daşıyırlar.

   Bakı KUKFEST-i öz tamaşalarını təkcə uşaqlara yox, həm də böyüklərə ünvanlamışdı. Festivalın axşam seanslarında kuklalar böyüklər üçün şou çıxarırdı. “Şou” sözünü əbəsdən işlətmədim. Belə ki, günün dördüncü tamaşası lal kino, multiplikasiya, kölgə və kukla teatrlarının estetikasının kəsişdiyi bir nöqtədə canlı musiqinin müşayiətilə göstərilən bir şou idi, kukla teatrında bir sehrbazlıq seansı idi. “Kağız Kino” (Paper Sinema) Kukla Teatrı Böyük Britaniyadan dəvət edilmişdi Bakı KUKFEST-inə və bu teatr Edqar Ponun üç hekayəsini bizim qənşərimizdə kağız rəsmlərin və projektorun köməyilə üç qısa filmə çevirirdi. Kuklaçılar kağız təsvirləri işıq qarşısında elə oynadırdılar ki, ekranda üçölçülü məkan təəssüratı yaranırdı, perspektiv, ritm, dinamik vizual təhkiyə (süjet, hadisə) əmələ gəlirdi. Bu üç vizual təhkiyə müəyyən fikir partiturası üzərində qurulmuşdu. Ancaq buna baxmayaraq möcüzəli və eyni zamanda sadə ifa üslubu, ifa texnikası hər şeyi üstələyirdi, ideyadan da, mövzudan da, hadisələrdən də, fikir partiturasından da önə keçirdi, cəlbedici olurdu və yalnız müəyyən ovqatın, atmosferin saxlanılmasına xidmət eləyirdi.

   Bunu festivalın texniki baxımdan ən sinkretik və ən kamil kölgə oyunu kimi qarşıladım!

   Bakı Beynəlxalq Kukla Teatrları Festivalı təşkilatçılar tərəfindən təkcə festival kimi yox, həm də Azərbaycan teatr mədəniyyətinin gələcək perspektivlərini hədəfləyən bir aksiya kimi düşünülmüşdü. Odur ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvətilə bu mərasimə çağdaş dünya teatr prosesinə rəhbərlik edən bir neçə şəxs qatılmışdı. Kimlər idi bu adamlar: Beynəlxalq Kukla Teatrları Təşkilatı UNİMA-nın baş katibi cənab Jak Trüdo (Fransa), UNİMA-nın vitse-prezidenti cənab Stanislav Dubrava (Çex Respublikası), Ümumdünya Uşaq və Gənclər Teatrları Assosiasiyası ASSİTEJ-in prezidenti xanım İvetta Hardi (Cənubi Afrika), Beynəlxalq Teatr Tənqidçiləri Assosasiyasının baş katibi cənab Mişel Vais (Kanada), Beynəlxalq Teatr İnstitutunun baş direktoru cənab Tobias Byankone, UNİMA-nın Türkiyə təmsilçisi cənab Mövlut Özhan, Beynəlxalq Teatr İnstitutunun katibi cənab Muhamməd əl-Əfxam (Birləşmiş Ərəb Əmirlikləri), Beynəlxalq Teatr İnstitutunun katibi cənab İbrahim Assiri (Səudiyyə Ərəbistanı), İliya Dövlət Universitetinin Sənət Araşdırmaları İnstitunun rektoru Levan Xetaquri (Gürcüstan). Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan artıq ən ünlü dünya teatr təşkilatlarının qapısını döyüb içəri daxil olur. Bu, Azərbaycanın dünya teatr məkanına rəsmi və çoxşaxəli inteqrasiyasının başlanğıcı deməkdir. Bu, lokal diaspora maraqları dışında tanınmaq deməkdir, dialoq deməkdir, mübadilə deməkdir, Azərbaycan dövlətinin mədəniyyət siyasətinin teatr koordinatlarında da gerçəkləşməsi deməkdir.

   Ona görə noyabrın 2-də səhər saat 10:00-da festival çərçivəsində reallaşmış “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı beynəlxalq simpozium məhz bu yöndən, yəni müstəqim aktiv informasiya mübadiləsi aspektindən dəyərləndirilməlidir. Simpozium, əslində, kukla teatrı ilə ilişikli mümkün mövzular paketini eyhamlaşdırırdı və kukla teatrının müasir durumunun, problemlərinin, fəlsəfəsinin, antropolojisinin, estetikasının araşdırılması məqsədini güdmürdü. Lakin bununla belə Jak Trüdonun, İvetta Hardinin, Stanislav Dubravanın çıxışları qədərincə effektiv oldu. Bu fonda heç mənim məruzəm də pis dinlənilmədi.

   Noyabrın 3-ü, bu dəfə saat 12:00-da, bizim Gənc Tamaşaçılar Teatrının konfrans zalında xanım İvetta Hardinin iştirakı ilə keçirilən toplantıda ASSİTEJ-in Azərbaycan bölməsinin yaradıldığı rəsmən mətbuata bəyan edildi, bölmənin rəhbəri (Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov) və üzvləri teatr ictimaiyyətinə təqdim olundu.

   Noyabrın 4-ü, bu dəfə saat 15:00-da, bizim Milli Teatrın otaqlarından birində cənab Mişel Vaislə yerli teatr bilicilərinin görüşü baş tutdu. Söhbət, təbii ki, Azərbaycan teatr yazarlarının Teatr Tənqidçiləri Assosasiyasına üzvlük məsələsindən gedirdi.

   Noyabrın 5-i, bu dəfə saat 14:00-da, yenə bizim Kukla Teatrında camaat UNİMA-nın baş katibi cənab Jak Trüdonun ətrafında cəmləşib Azərbaycanda UNİMA bölməsinin yaradılmasına şahidlik etdi.

   Mən bu hadisələri uzun-uzadı bəzəyib-düzəyib yazmıram. Belə ki, adicə faktların özü yetərincə ilgiləndiricidir. Barmaqları dünya teatr prosesinin nəbzində olan adamların Bakı KUKFEST-i çərçivəsində bir araya gəlməsinin özü kifayət qədər dəyərli bir hadisədir Azərbaycanın teatr mühiti üçün... Belə bir şey Azərbaycan teatrı tarixində görünmüşdümü, əcəba? Azərbaycanda bu miqyasda beynəlxalq festival keçirilmişdimi, yahu? Əlbəttə ki, yox. Elə bu səbəbdəndir ki, festivalın son üç günü ərzində müxtəlif tamaşalar müxtəlif teatrların səhnəsində eyni vaxtda göstərildi. Əks təqdirdə, mən bunu artıq sizə bir teatrşünas kimi yox, festivalın işçi qrupunun üzvü kimi söyləyirəm, bu tədbirlərin keçirilməsinə zaman bula bilməzdik. Çünki festivalda 6 gün müddətində 17 ölkədən təşrif buyurmuş teatr kompaniyaları 23 tamaşa göstərməliydi. Düzdür, onlardan cəmi 22-si oynanıldı. İordaniyadan olan truppa festivala qatıla bilmədi. Vallah da ki, Əmmansız (İordaniyanın paytaxtı) da böyük rəqəmdir: günə 3, bəzən də 4 tamaşa. Təbii ki, sıxlıq macalsızlıq yaradır. Amma bu macalsızlıq da miqyaslı festivalların bir əlaməti: festival həyatı həmişə atüstü yaşanır.

   Yenidən qoşulaq festivalın axarına, tanış olaq Rumıniyanın Sibiu şəhərinin “Qonq” Uşaq və Gənclər Teatrı ilə Rus Dram Teatrının səhnəsində saat 16:00-da. Simpoziumda ləngidiyimdən saat 11:00-da oynanılmış “Pələng balası Petrik” (Ukrayna) tamaşasına baxmaq mənə nəsib olmur. “Qonq” teatrının tamaşasında isə məni təəccübləndirən birinci əlamət budur ki, onlar öz “Bal, şəkər və duz” adlanan ipli kukla oyununu rumın əhvalatı kimi təqdim edirlər. Halbuki bu tarixçədə U.Şekspirin “Kral Lir” faciəsinin bir çox motivləri göz qarşısındadır. Bir gün kral qızlarından soruşur ki... Davam etdirməyə ehtiyac varmı? Fərq yalnız ondadır ki, atasını insan duz istədiyi kimi istədiyini bildirmiş balaca qız məmləkətdən qovulduqdan sonra gözəl bir şahzadəyə rast düşür, onu sevir və xoşbəxt olur. Doğrusu, bu tamaşa nə emosional planda, nə də ifa texnikası baxımından seçilirdi. Səhnədə, sadəcə, ipli kuklalarla tarixçə danışılırdı, nağılçı da məqam çatdıqca onları bir küncdən götürüb o biri küncə aparırdı. Kuklalar da buz kimi soyuq və donuq idilər: çətin, ləng hərəkət eləyirdilər. Dekorlar da, musiqi də onların köməyinə çatmırdı. Odur ki, “Bal, şəkər və duz” tamaşası mənə çox primitiv və əlacsız göründü.

   Festivalın ən yorucu kukla oyunumu deyim mən ona?

   Noyabrın 2-də axşam seansına ispanlar çıxdılar, daha doğrusu, “Pleyqround” Kukla Teatrının aktyoru. Bu əsl, amma qısamüddətli bir şou idi Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində. Hər şey yenə də “qara qutu” estetikasına köklənmişdi. Tamaşa belə adlanırdı: “Xəyalı göylərdədir”.

   Bu vizual şou böyüklər haqqında uşaq ürəyilə, uşaq ruhu ilə danışır. Bu ruh cocuğa mənsub predmetlərdə güzgülənir ki, elə onlar da performansın əsas personajlarıdır. Kuklaçi iri bir yeşiklə daxil olur səhnəyə. İplərdən asılmış oyuncaqlarda uşaq dünyasını görür və haradasa özü-özü ilə bir evcik-evcik oyunu qurur. Qoluna uzun bir corab geyinir, corabın dəliklərindən şəhadət və orta barmaqlarını bayıra çıxarır, yeşiyin siyirməsindən üskük boyda iki ayaqqabı tapıb barmaqlarını ora keçirir və oyuna başlayır. Oyun uydurulmuş bir əhvalatın vizual təqdimatıdır. Sevgi gənc bir qadını göylərə qaldırır. Sevgisizlik isə xəyalların puç olması deməkdir, göylərdən yerə çırpılmaq deməkdir, xəsarət deməkdir, həyatın adilikləri içində çaşıb qalmaq deməkdir. Kuklaçı barmaqlarını kukla kimi oynada-oynada xəyallarından yıxılmış gənc qadının tale yolunu səhnənin döşəməsində təbaşirlə cızır, onu şəhərin kanalizasiyası ilə sürükləyib geniş, maşınla dolu asfalt küçələrə çıxarır. Bu da həyatın yeni dönəmi. Kuklaçının cızdığı rəsmlərin mənalarını anlamaqda seyrçiyə oyunun musiqi müşayəti yardımçı olur.

   “Xəyalı göylərdədir” tamaşası qısa hekayə fraqmentlərindən hörgülənmiş bir göstəridir. Burada fantaziya ilə gerçəklik sanki bir-birinin içinə geydirilib, adi əşyalarla qeyri-adi vizual proyeksiyalar sanki bir-birinə qarışdırılıb miniatür ölçülü kukla oyunu kimi sərgilənir. Barmaq kuklalarının oynadılma manerasına yaxın bir tərzdə işləyən kuklaçı tamaşa boyunca kölgə teatrının, əşyalar teatrının, rəqəmsal sənətin üslub prinsiplərindən də faydalanır və öz teatrının devizinə sadiq qalır: “Xırda əşyalara yaradıcı münasibətlə yeni mənalar vermək”. Bu da o anlama gəlir ki, kuklaçı toxunduğu və ya oynatdığı hər bir nəsnəni seyrçi üçün yeni bir tərzdə canlandırmağı, yeni rakursdan təqdim etməyi bacarmalıdır.

   Səhnədə elə bunu nümayiş etdirdi ispan kuklaçısı və mən mənalar bolluğuna düşdüm. Di gəl ki, onlardan yalnız bəzilərini burada yaza bildim. Halbuki ispan kuklaçının göstərisinin mənalar partiturasından fransız ekzistensialistləri də boylanırdı, Budda da, Misir mumiyaları da.

   Bu tamaşa festivalın ən uğurlu kukla oyunu sayıla bilər!

   Noyabrın 3-də cəmi bir tamaşaya baxdım, o da saat 16:00-da. Yenə Gənc Tamaşaçılar Teatrının səhnəsində. Bu dəfə Gürcüstanın Qaqra şəhərinin “Budruqana” Teatrı tamaşa göstərirdi - “Nə gözəl gündür” tamaşasını; kuklasız, aktyorsuz, qapitsiz: yalnız yalxı əllərin, ekranın və projektorun köməyilə. “Nə gözəl gündür” tamaşası kölgə teatrının reprezentasiyasıdır: kölgələrə can verib onları cizgi filmi halətinə gətirənsə aktyorların ecazkar plastikaya malik əlləridir. Bu əllər ağac da, külək də, ayı da, gölməçə də ola bilir anındaca: nəinki ola bilir, ayı plastikasında davrana bilir, ayı kimi yüyürə, üzə bilir ekranda hətta.

   Bu da festivalın bir ən möcüzəli kölgə oyunu idi.

   Noyabrın 4-ü saat 12:00da müxtəlif teatr binalarında eyni vaxtda oynanılan tamaşalar sırasından mən “Fiqur” Kukla Teatrını (Avstriya, Vyana) seçdim və Karin Şafferin “Biri vardı, ikisi yoxdu” tamaşasına baxdım. Teatrın aktrisası bu oyunda ipli kuklalarla davranmaq ustalığını sərgiləyirdi. Bu göstəridə də kölgə oyunu ilə kukla oyunu bir-birilə üzvü vəhdət halına gətirilmişdi. Kuklaçı rəssamın, pianoçunun, skeytbordçunun ipli kuklaları ilə əla işləyirdi, onları çox incə bir şəkildə davranmağa, - rəsm çəkməyə, piano çalmağa, skeytbord sürməyə, - vadar edirdi və bu zaman onların hərəkətləri bayram yumurtalarına oxşayan ekranlara iri planda proyeksiya olunurdu.

   Festivalın ən usta oyunçusu deyərdim mən bu xanıma!

   Lakin... onun ucbatından mən... Estoniyanın Tallin şəhərində çalışan həmyerlimiz Rauf Avşarın (şəcərəsi Əfşarlardan gəlir) “Məşədi İbad” kukla tamaşasına baxmaq imkanından məhrum oluram və heyfsilənirəm.

   Noyabrın 5-i saat 12:00-da “Lele” Kukla Teatrının (Litva, Vilnüs) qurduğu səhnə oyununa tamaşa elədim. Litvalıların “Musiqili mücrü” (V.Odoyevskinin “Tütün qutusunda şəhərcik”) kukla tamaşası özünəməxsus bir düşüncə modusunda “Uşaq və ailədə ünsiyyət problemi” mövzusunu festivalın gündəminə gətirirdi. Yaman intellektual bir tamaşa idi bu kukla oyunu. Səhnəyə aktyorlar özlərilə bərabər üç qutu çıxardırdılar. Tütün qutusumu? Və bu qutular açıldıqca kuklalara (Ataya, Anaya, Uşağa) çevrilirdi. Başları adam başıdır, ayaqları - adam ayaqları: di gəl ki, içləri mexanizmdir: Atanın bədəni yazı makinasıdır, Ananın bədəni - tikiş maşını. Ona görə də ailədə yalnız deyinti var, ünsiyyət yoxdur: çünki hərə öz işinə məşğuldur, hərə öz sevgisini peşəsinə verib. Uşaq isə kənarda öz velosipedinin təkərlərini hərlədir. Bəlkə musiqili mücrünün köməyilə uşaq ailəni tərk etmiş sevgini qaytarmağı bacardı?!

   Bu tamaşa da “qara qutu” estetikasının prinsiplərinə söykənirdi: qaranlıq səhnədə qara geyimli aktyorlar və üstəgəl ağır musiqi sədaları və üstəgəl problematik mövzu. Bir qədər çətin idi qavrayış üçün: atmosfer sıxırdı seyrçini. Kuklaların statikliyi, manevr zəifliyi də müəyyən müddətdən sonra darıxdırırdı tamaşaçıları.

   Bununla belə “Musiqili mücrü” festivalın ən ağıllı oyunu kimi yaddaşıma hopur!

   Axşam seansında bu dəfə böyüklər üçün Çuvaş Dövlət Kukla Teatrının (Rusiya, Çeboksarı) “Tanrıya 14 məktub” (E.Şmitt) tamaşası idi ki, o da Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanıldı. Yalxı iddiadan savayı bu kukla oyunu heç nə ilə diqqəti çəkmirdi özünə. Aktyor ifası ilə kuklalar, məkanın ölçüləri ilə səhnə dizaynı arasında aşkar bir dissonans vardı. Təsəvvürlə gerçəkliyin sərhədində yerləşən qapı bağlanmışdı: ordan bura keçmək olmurdu, burdan da - ora. Sözlər də, hərəkətlər də ölü doğulub ölü düşürdü tanrıya göndərilən məktubların içinə.

   Festivalın ən uğursuz tamaşası elə bu oldu, zənnimcə.

   Və beləliklə, gəlib çatdıq Bakı KUKFEST-inin sonuncu gününə, noyabrın 6-na. Sırada birinci gürcülərin “Multi-pulti dünyası” adlı Kukla Teatrının (Tbilisi) “Tsıkara” tamaşasıdır: gürcü xalq nağılı balacalar üçün vizuallaşdırılır.

   Gürcülər kukla oyununu sanki yolka ağacının ətrafında bir bayram kimi qurmuşdular, baxmayaraq ki, mövzuda qədərincə qəmli motivlər səslənirdi. Tamaşada dekorativ fon karusel kimi yolkanın başına fırlanırdı və kukla oyununa əlavə bir ritm, dinamika verirdi. Gürcülük məxsusi heç nə ilə qabardılmırdı, yalnız kuklaçıların danışıq manerasından sezilirdi. Tsıkara öküzdür, yetim oğlanın dostudur: dost olduğuna görə də oğlanı analığının əlindən qurtarıb qaçırdır və dost yolunda canını belə qurban verməyə hazır olur. Ancaq burada heç bir dram, faciə yaşanmır, hadisələr maraqlı, impulsiv, işıqlı bir uşaq nağılı kimi təcəssüm eləyir səhnə məkanında.

   Fikrimcə, “Tsıkara” festivalın ən yaxşı uşaq tamaşası sayılmalıdır.

   Azərbaycan Qax Dövlət Kukla Teatrı saat 14:00-da öz məşhur “Turp” tamaşasını göstərdi A.Şaiq adına Kukla Teatrının səhnəsində. Bu kukla oyunu (pantomima, ağac və mil kuklaların sintezi) haqqında mənim fikirlərim bəllidir. Amma həmən gün müəyyən texniki səbəblərdən tamaşa öz ideal variantından xeyli zəif alındı. Mən də bu tamaşanı tərifləmiş, gürcü dostumuza məsləhət bilmiş birisi kimi öncə Levan Xetaquriyə izah etməyə çalışdım ki, bəs buradakı texniki imkanlar... O, sözümü bitirməyə aman verməyib dedi ki, “narahat olma, Aydın. Prinsip və ideya əladır: biz də onu başa düşdük”.

   Nəhayət, mənim saat 1800-da seyr etdiyim axırıncı festival tamaşası “Əkiyət” Kukla Teatrının (Tatarıstan, Kazan) “Vəhşi qazlar” adlı kukla oyunu oldu. Bu tamaşanı tatarlar major tonlarda və ildırım sürətilə, səhnəni çəmənzara döndərib oynadılar: aktyorlar əllərində tutduqları kuklalardan daha ekspessiv oldular, oxudular, rəqs elədilər, səhnədə balaca bir “Sobuntay” (milli tatar bayramı) düzəltdilər. Uşaqlar da bu şıltaq, ərköyün kukla tamaşasına elə ərköyüncəsinə də əl çaldılar.

   Festivalın bağlanış günü yerinə düşdü belə bir kukla oyunu. Olsun, nəyi pisdir ki: tədbirin məramına və finalına tam uyğun. Hərçənd bu sayaq tamaşalardan bizimkilər nə qədər desən, hazırlaya bilirlər. Bəlkə də bundan daha yaxşılarını...

   Mən ha çalışsam da, Poltavadan, Misirdən, İrandan, Türkiyədən, Qazaxıstandan, Estoniyadan, Həştərxandan təşrif buyurmuş kuklaçıların oyununu müəyyən obyektiv səbəblərə görə izləyə bilmədim. Amma bunlar mənim Bakı KUKFEST-indən olan təəssüratıma heç də xələl gətirmədi.

   Kuklalar küçədə və ya səhnədə görünəndə bu, həmişə bayram olur; təkcə uşaqlara yox, həm də böyüklərə bayram olur, bütün şəhərə bayram olur. Kukla teatrı uşaqlara xeyirxahlığı, yaxşıları dəyərləndirməyi və sevməyi öyrədir. Əgər kuklalar balacalar üçün bir oyun, bir əyləncədirsə, böyüklər üçün bir mesajdır, bir eyhamdır. Bakı Beynəlxalq Kukla Teatrları Festivalının da əsas məqsədi növbəti dəfə Azərbaycana, şəhərə bayram gətirmək idi, hamıya bayram ovqatı yaşatmaq, insanlara təbəssüm, xeyirxahlıqla, nəcibliklə aşılanmış əyləncə bəxş etmək, festival günlərində bütün şəhəri uşaqlıq dünyasına qaytarmaq, Bakını nağıllar aləminin sehrli zümrüd şəhərinə çevirmək idi. Buna da nail olduq! Hamılıqla!

   Nəinki nail olduq: cəmi bir istisnadan savayı bütün tamaşalar anşlaqla keçdi: seyrçilər yerdə, pilləkənlərdə, zala əlavə gətirilmiş stullarda və banketkalarda əyləşirdilər.

   Digər tərəfdən isə Bakı KUKFEST-i dünyanın müasir kukla teatrları üçün önəmli sayılan bədii-estetik tendensiyaları milli kukla oyunları məkanına dağıtmaq, onları aktivləşdirmək, çağdaş kukla dünyasının maraq prioritetlərini aşkarlamaq, yerli kuklaçıların geniş ünsiyyət şəbəkəsini qurmaq, təcrübə mübadiləsini təşkil etmək məqsədini güdürdü. Buna nə qədər nail oduq? Bax, onu Azərbaycanın kukla sənətçiləri söyləyəcək, yəqin ki müəyyən bir müddətdən sonra...

   Lakin mən artıq bu gün söyləyəcəyəm ki, Bakı KUKFEST-i Azərbaycan teatrının dünya teatr məkanına çıxması üçün bir çox yerlərdə yaşıl işıqları yandırdı. Festivalın ali ideyası da özündə elə bunu qapsayırdı. Birinci Bakı Beynəlxalq Kukla Festivalı baş tutdu, yaşandı və qurtardı.

   Əhsən Azərbaycana! Əhsən Bakıya! Əhsən Mədəniyyət və Turizm Nazirliyinə! Əhsən TÜRKSOY təşkilatına!

   Yeni festivallara doğru, cənablar!

 

 

   Aydın Talıbzadə

 

   Mədəniyyət.- 2011.- 18 noyabr.- S. 10-11.