Bir xalça(çı)nın
nağılı
Çox incə, çox zərif, Lətif
xalçaçının...
Biri vardı, ecazkar sehrinə
heç bir şəkk-sirri yoxdu - hələ “millət”
termini, “xalq” morfologiyası dilə-ağıza düşməmiş
dövri-qədimlərdə bir tayfa vardı...
Adının birinci hərfi
Tanrının, ikinci hərfi ümmanın,
üçüncüsü rəhmin, dördüncüsü
kainatın baş hərflərindən
götürülmüş bu tayfa gözünü
bağlı dünyanın qıfılı kimi açıb,
əlinə ox aldı. Ov ovlayıb, quş quşlayıb boz
qurd kimi toxaldı. Günlü gündüzlər
döyüşüb, aylı gecələr sevişib
çoxaldı. Bir-birinə sığınsa da, yüz-birinə
sığışmayıb o yan-bu yan yönəldi, uru duruban
genəldi - tayfalar oldu.
Bu tayfalar sürüdən
qoç, naxırdan buğur qırıban ətini azuqə,
gönünü çarıq edib uğurlandılar.
Ağır-uğur səfərlərdə az getdilər,
üz getdilər, gördülər - dərə-təpələri
pay-piyadə düz gedə bilmirlər, atı tutub əhlilləşdirdilər.
Nağıl-noğul söhbətlərdə az
danışdılar, çox eşitdilər, gördülər
- söznən tutaya, saznan butaya çatmaq olmur,
altlarındakı nalçanı qaçaq,
qarşılarındakı xalçanı uçaq etdilər...
Zatı artıb, kökü
rişələnib adı çıxdıqca, atı
fınxırıb otu qırpındıqca bu tayfaların
qalanı qal, gedəni yol olur, uruladıqları məkanları
tərk edib tərəkəmələşir, “qalx!” deyib
xalqlaşır, “vur haa!” hayqırıb yürüyə-yürüyə
bəşəriyyətə “urra!” dərsi aparırdılar.
Aya “sən çıxma, mən çıxacağam!” deyən
gözəllərinin, Günəşə “sən şəfəq
saçma, mən saçacağam!” söyləyən gəlinlərinin,
çiskindən sonra səmada hana quran “Fatma nənə”yə
ondan daha yey əriş-arğac qurduqlarına rəğmən
eyham vuran qarılarının hər biri həftədə bir
gəbə kəsib, ayda bir xalı asırdı. Bəylərinin
meydanlarda yaratdığı tarixi xanımları
xalça-kitabələrə yazıb vəsf edir, arealbaareal
məskunlaşır, sənətbəsənət mədəniyyətləşir,
sərhədbəsərhəd millətləşirdi.
İndi sizə kimdən deyək,
nədən xəbər verək, - yurd yeri “yurta”larda, göy
qübbəsi çadırlarda, hərəki ada-arabalarda, dəvə
quzlarında, at bellərində, kilim-gəbəli odalarda,
xalı-xalçalı saraylarda doğub-törəmiş bu
xalqlardan birinin yüz beş il öncə Qırat-Dürat
oylağı “Cıdır düzü” yəhərində - Azərbaycanın
təbii konservatoriyası Şuşa şəhərində
doğulub, “Dədə xalçaçı” kimi məşhuri-cahanlaşmış
Lətif Kərimovdan...
Bütün Qarabağ mahalında
“bitkin xalçaçılar” adıyla tanınan “Allahverənlər”
nəslinə mənsub bu oğlan heç vaxt at minməsə
də, elə uşaqlıqdan ağıl “Ağ atlı
oğlan”ı, sənət “Məlikməmməd”i kimi ad-san
çıxarmışdı. Tale onu - altı yaşında
ikən ailəsi ilə “kövrək xəyali xalça”
üstündə nağıl-noğullar ölkəsi
İranın adi İbad-Qubadları məşhuri məşədi
eləyən Məşhəd şəhərinə
köçməli olmuş Lətifi orada Mirzə Ələkbər
Hüseynzadə adlı bir kərbəlayinin emalatxanasına
ürcah edir. Bu yeniyetmə məzkur məşhur Təbriz, Ərdəbil
xalçaçılıq mərkəzlərini gəzib-dolaşır,
hər sadə toxucudan bir ilmə, hər ustadan bir
naxış, ustadlardan isə, ümumən, sənətə
baxış öyrənir. O günlər yüz il öncə
ikiyə bölünmüş böyük Vətənin bu
tayına ustad kimi qayıtmaq və elə o taydaymışkən,
oranın da xalçaçılıq məktəbini mənimsəmək
eşqilə doyub-dolanmadan çalışır.
Yanılıb yonula-yonula dolğunlaşır, təkrarlayıb
təkrirləyə-təkrirləyə təkrarsızlaşır.
Və günlərin bir günü - “xalça ilə
uçmaq” yox, Azərbaycan xalçasının şöhrətini
dünyaya saçmaq yaşına çatanda - bütün
yurdlardan yüz qat şirin, bütün göynəklərdən
bir köynək yaxın Şuşaya qayıdıb gəlir.
İyirmi iki yaşında “Qarabağxalça” artelində təlimatçı
kimi fəaliyyətə başlayır. Amma yenə öyrənmək
eşqi ilə bir yerdə durmur, çox oxumaqla doysunmur, kefdən
yayınıb nəfsdən, nəfdən qaçınıb
dəbdən qıfıllanaraq “çox gəzən çox
bilər” sevdası arxasınca düşür.
Bu
qırmızıpaytaxtlı oğlan az pioner gedir, çox komsomol
olur, gəlib çıxır şəhri-Bakıya...
1930-cu ildə, gözəl
xalça bilicisi kimi, “Azərbaycanxalça” birliyində rəssam-təlimatçı
vəzifəsinə çatır. Fantastik fantaziyası,
sistemli düşün-daşıncası burada qalır,
ayaqları ölkəsinin müxtəlif guşələrində;
iyirmi altı-otuz yaşları arasında Bakıda və
Qubada açılan mükəmməl xalça məktəblərinin
yaradılması işinin əsas təşkilatçısı
olur, yanaşı olaraq, dekorativ tətbiqi sənətin digər
sahələrində də öz avtoqraflarını qoyur.
Aylar çox dolanır, illər az
fırlanır, ömrünün növbəti onilliyi
başlayır...
Sonrakı onillik bu ilmələr nəqqaşının
yaradıcılıq bioqrafiyasına daha əlvan
naxışlar salmış, bədii tərtibatları, formaca
yeni, məzmunca qədim layihələri qocaman Şərqin sənət
xəzinəsinə qiymətli incilər əlavə
etmiş, xalı-xalça “roman”larımıza ilham dolu,
canlı obrazlar gətirmişdir.
Bir vaxt vətənini
qarış-qarış gəzib ilmələr gülləyən,
çeşnilər bəlləyən bu yeniyetmə, bu gənc
sənətkarın işləri artıq, Azərbaycandan
uzaqlara ayaqlanır, dünyanın ən məşhur muzeylərində
dayaqlanır, ulu, canlı sənətimizi hər tərəfə
yayımlayır. Hələ iyirmi səkkiz yaşındaykən
Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi
xalçası Parisdə (ümumdünya sərgisində)
böyük sənət uğuru kimi qiymətləndirilir.
1937-39-cu illərdə Moskvada - Ümumittifaq Kənd Təsərrüfatı
Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonuna
verdiyi bədii tərtibat, tikililərdəki memarlıq
işlərində göz oxşayan maraqlı, milli ornamentlər
həmin kompleksə bütün digər respublikalara aid
pavilyonlar içərisində hakim sənət mövqeyi bəxş
edir. 1940-1941-ci illərdə Nizami Gəncəvinin 800 illik
yubileyinə müştərək hazırlanmış
beş unikal xalçada onun imzası nəinki təkcə
sıraca, həm də şöhrət və dəyərcə
öndə olur.
...Bu ağbaxtlı oğlanın sənət
sədası ilə bərabər, diksiyası - səsi də
az getdi, düz getdi...
...Gəlib-gəlib, Azərbaycan
radiosunda diktor (farsca) mərtəbəsinə də
çıxdı. Öz sahəsində
usta-ustadlığı bir yana, qayğıkeşliyi, sezmə-duyma
istedadı ilə Azərbaycan dinləyicilərinə təkrarsız
bir səs azmanının bəxş edilməsində də
mühüm rol oynadı: 1946-cı ildə gənc Aydın
Qaradağlının səsini bəyənib, radionun rəhbərliyinə
təqdim edərək, gələcəyin görkəmli
diktor-sənətkarının yaradıcılıq yoluna himayədarlıq
çırağı tutdu.
...Bu cağ intellektli oğlan elmi yollarla da az getməyib,
yeni hədəfə düz yetdi...
Azərbaycan SSR Elmlər
Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunda ayrıca xalça şöbəsinin
açılmasına (1945) nail oldu.
Xalçalarımızdakı süjetlərin,
naxış-ornamentlərin öyrənilməsində misilsiz əhəmiyyəti
olan “Azərbaycan xalçalarında ornament” kitabını
yazdı və 1950-ci ildə bu fundamental əsərə
görə, Leninqradda (Sankt-Peterburq) ona sənətşünaslıq
namizədi - alimlik dərəcəsi verildi. Monumental tədqiqat
işlərindən növbətisi - “Azərbaycan
xalçası” çoxcildli monoqrafiyası qırx ilə
yaxın apardığı gərgin axtarışların bəhrəsi
idi. 1972-ci ildə Bakıda xalça muzeyinin yaradılması
təşəbbüsü də - Stalin mükafatı
laureatı, “Xalqlar Dostluğu” ordenli, bütün cismi, ismi və
ruhu ilə bu sənətə bağlanan, xalqımızın
- məişət gərəyi, şöhrət göstərisi,
təxəyyül və qabiliyyət istedadının
aynası, nəhayət, ən qədim və ən əbədi
sənət növü olan bir sahədə “xalça mütəfəkkiri”
adı verdiyi Lətif Kərimova məxsusdur.
Nağılların sonunda göydən
nə düşürsə, üçü də onun halal
naxışlı, gur işıqlı, nurlu məzarına...
Nağıllardakı “uçan
xalça” nəqliyyatının müasir texniki
analoqlarından haçansa vətən oğullarının
salası mərmi-bombalar isə neçə illərdi onun
Şuşasına öz haram naxışlarını vurmaqda
olanların, əbədi lənətlənmiş
gorlarına...
T.Abbaslı
Mədəniyyət.-
2011.- 18 noyabr.- S. 7.