Xalça Muzeyində «Əsrlərin nəğməsi»

 

   Lətif Kərimovun anadan olmasının 105-ci ildönümü qeyd olundu

  

   Noyabrın 16-da Xalq rəssamı Lətif Kərimovun (1906-1991) anadan olmasının 105 illiyi münasibətilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində «Əsrlərin nəğməsi» adlı tədbir keçildi. Tədbirdə Lətif Kərimovun həyatından, sənət aləmindən, elmi fəaliyyətindən söz açdılar.

  

   Muzeyin direktoru Röya Tağıyeva Lətif Kərimovun «Azərbaycan xalçası» monoqrafiyası ilə zəngin bədii irsimizin öyrənilməsi işinə qiymətli töhfə verdiyini vurğuladı. Qeyd olundu ki, dünyada ilk xalça muzeyinin Azərbaycanda açılmasında Lətif Kərimovun böyük zəhməti olub: «Lətif Kərimov bütün ömrünü milli xalçaçılıq sənətimizə həsr etmiş bir insandır».

   L.Kərimovun tələbəsi olmuş xalçaçı-rəssam Aydın Rəcəbov onunla bağlı xatirələrini bölüşdü: «Lətif Kərimov mənə 1966-cı ildə İncəsənət Universitetində xalça sənətindən dərs deyib. O qədər rəngarəng insan idi ki, tək xalça sənəti ilə bağlı deyil, digər elm sahələri ilə bağlı biliklərini də bizimlə bölüşürdü. Sonralar hər dəfə görüşəndə də ondan məsləhətlər alırdım. Fəxr edirəm ki, belə böyük şəxsiyyətin tələbəsi olmuşam”.

   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynov Lətif Kərimovun irsinin milli xalça sənətinin tədrisində müstəsna rolunu qeyd etdi: “Bizim pedaqoji fəaliyyətimizin bünövrəsi Lətif müəllimin yaratdığı sistem, onun konsepsiyası əsasında formalaşıb. Lətif Kərimov tarixi şəxsiyyət idi. Tarix uzaqlaşdıqca, o şəxsiyyətin böyüklüyü görünür. Gördüyü işlər, cızdığı layihələr, işlədiyi kitablarla xalçaçılıq sənətimizə böyük bir irs qoyub. O, dini, tarixi, simvol elmini çox gözəl bilən şəxsiyyət olub. Ənənəvi olaraq onun ad günü hər il qeyd edilir. Hətta belə bir məsələ də qaldırmışdıq ki, onun anadan olduğu günü respublikamızda “Xalçaçılıq günükimi qeyd edək. Bu reallaşsa, çox sevindirici hal olar».

   Tədbirdə «Əsrlərin nəğməsi» adlı sərgi də maraqla qarşılandı. Sərgidə Lətif Kərimovun fotoşəkilləri, şəxsi əşyaları, «Ağaclı», «Xətai», «Çiçəkli buta» kimi xalça eskizləri, «Füzuli», «Səfiəddin Urməvi», «Əsrlərin nəğməsi», «Şəbi-hicran», «Nəvəli nəticəli buta» və s. kimi xalçalar nümayiş olundu. Ekspozisiyada Röya Tağıyevanın “Lətif Kərimov fenomeni» və «Azərbaycan xalçası» kitabları da yer almışdı. Kitablar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2007-ci ildə L.Kərimovun 100 illik yubileyi münasibəti ilə nəşr olunub.

 

 

   Gülər

 

   Mədəniyyət.-  2011.-18 noyabr.- S. 7.