Mərakeşlə mədəniyyət və turizm əlaqələri müzakirə olunub

 

   Mərakeşin televiziya kanallarında Azərbaycan haqqında proqramlar nümayiş olunacaq

  

   Noyabrın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mərakeşin xarici əlaqələr üzrə dövlət katibi Lətifə Axerbaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

  

   Nazir Mərakeşin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə qonağı təbrik edib. Xatırladaq ki, Azərbaycanla yanaşı, Mərakeş Krallığı da 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında təmsil olunacaq.

   Əbülfəs Qarayev bu günlərdə Azərbaycanda Mərakeş Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçməsi və Mərakeş mədəniyyət naziri Bin Salem Himmişin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin nəticələri barədə qonağa məlumat verib. Qeyd edib ki, növbəti ildən etibarən hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi üçün razılıq əldə olunub.

   Lətifə Axerbaş öz növbəsində ölkələrimiz arasında olan əməkdaşlığı yüksək dəyərləndirib. Xanım Axerbaş Azərbaycanın da BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini müsbət hal kimi qiymətləndirərək Şura çərçivəsində Mərakeş ilə Azərbaycan arasında əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.

   Daha sonra Əbülfəs Qarayev ölkəmizin bu ilin aprelində UNESCO, Avropa Şurası, Sivilizasiyalar Alyansı, Şimal-Cənub Mərkəzi, İSESCO kimi qurumların dəstəyi ilə keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsini diqqətə çatdırıb və 2013-cü ildə keçiriləcək növbəti forumda da Mərakeşin fəal iştirak edəcəyinə ümidvar olduğunu vurğulayıb.

   Görüşdə Mərakeşin müvafiq turizm təhsili müəssisələri ilə Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq, tələbə mübadiləsi, azərbaycanlı tələbələr üçün Mərakeşdə təqaüd proqramlarının açılması, Mərakeş turizm şirkətləri ilə yerli şirkətlər arasında əməkdaşlıq və qarşılıqlı tanışlıq səfərlərinin təşkil olunması, Mərakeş televiziya kanallarında Azərbaycan haqqında proqramların nümayişi, habelə digər layihələr müzakirə olunub. Müzakirələr zamanı həmçinin muzey işi, xalq tətbiqi sənəti, əl işləri, abidələrin bərpası sahəsində də fikir mübadiləsi aparılıb.

 

 

   Mədəniyyət.- 2011.- 18 noyabr.- S. 3.