Yazıçı-dramaturq Aqşin
Babayevin 75 yaşı
tamam olur
Tanınmış yazıçı-dramaturq,
tərcüməçi, şair,
ədəbiyyatşünas alim, professor Aqşin Əlisəttar oğlu Babayev 1936-cı il
noyabrın 23-də anadan
olub.
Orta məktəbi bitirdikdən
sonra 1954-1959-cu illərdə
ADU-nun (indiki BDU) Filologiya
fakültəsində təhsil
alıb. Ədəbi yaradıcılığa
tələbəlik dövrü
“Oktyabr işıqları”
almanaxında çap
olunan “Azadlıq uğrunda” hekayəsi ilə başlayıb.
1961-1965-ci illərdə
ADU-nun Şərqşünaslıq fakültəsində türk
ədəbiyyatı üzrə
aspiranturanı bitirib.
“Nazim Hikmətin
dramaturgiyası” mövzusunda
namizədlik dissertasiyasını
müdafiə edib.
Aqşin Babayev 32 il
Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsində müxtəlif
vəzifələrdə işləyib,
komitədə sədr
müavini olub, Azərbaycan radiosuna və xarici verilişlər redaksiyasına
rəhbərlik edib. Bir müddət (1972-1975) Türkiyədə
tərcüməçi kimi
çalışıb, on ilə
yaxın «Moskou nyus» qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərib. 1991-2006-cı
illərdə Milli Məclis Aparatının Mətbuat xidməti şöbəsinin müdiri
olub.
Aqşin Babayev 30-dək kitabın
müəllifidir. Povestləri, hekayələri Türkiyə,
İraq, Gürcüstan,
Moldova, Belarus, Ukrayna və
başqa ölkələrdə
dərc edilib. Yazıçı-dramaturqun «Oğul»,
«Xilaskar», «Yaralar», «Kim
nə deyər...», «Olmuş əhvalat», «Əlin cibində olsun», «Şeytanın yubileyi» və s. pyesləri və librettoları, «Bir parça həyat», «Nekroloq», «Dəvətnamə»,
«Mükafat» telefilmləri
tamaşaçı rəğbəti
qazanıb. 1996-cı ildə
“ Kişilər az yaşadı” povest və hekayələr toplusu Moskvada rus dilində
kütləvi tirajla nəşr olunub. «Bir içim
su istədim» adlı şeirlər kitabı 2003-cü ildə
işıq üzü
görüb. Onun şeirlərinə
mahnılar bəstələnib.
Aqşin Babayev Nazim Hikmətin tədqiqatçısı
kimi tanınır.
O, Türkiyənin Nazim
Hikmət Kültür
və Sənət Vəqfinin fəxri üzvüdür. Azərbaycan Ensiklopediyasında
türk ədəbiyyatına
aid əksər oçerklərin
müəllifidir. «Nazim Hikmət yaşamı» əsəri
(1989) Berlində çap
olunub.
O, ədəbi-elmi
yaradıcılığı ilə yanaşı tərcüməçilik sahəsində
də fəaliyyət
göstərib. İtalyan
dramaturqu Terensinin «Qardaşlar», türk dramaturqu Haldun Tanerin «Keşanlı Əli dastanı» pyeslərini, Əziz Nesinin «Hekayələr» kitabını, Avstriya yazıçısı Stefan Sveyqin
“Naməlum qadının
məktubları”nı Azərbaycan
dilinə çevirib.
Xidmətlərinə görə “Əmək
rəşadəti”, “Əmək
veteranı” medalları,
Azərbaycan Ali Sovetinin
Fəxri fərmanı
ilə təltif edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Əməkdar
jurnalisti, 1996-cı ildən
filologiya elmləri doktoru, 1998-ci ildən professordur. Mədəniyyət və İncəsənət
Universitetinin «Ədəbi
yaradıcılıq» kafedrasının
müdiridir.
Aqşin Babayevin əsərlərində
nəzərə çarpan
xüsusiyyətlərdən biri onların insan qəlbinə yol açması, insanda dərin hisslər oyatmasıdır.
Əslinə baxanda bu keyfiyyət olmayan yerdə sənət əsəri yoxdur. Axı yazıçı, bəstəkar,
rəssam ancaq o zaman öz fikrini,
öz ideyasını
başqalarına aşılaya
bilər ki, onları sevindirə, kədərləndirə, həyəcanlandıra
bilsin, onların qəlbində müxtəlif
hisslər oyatsın.
Yazıçının əsərləri cəmiyyətdəki inamın,
insan həyatındakı
işıqlı, gözəl,
müqəddəs təzahürlərə
hərarətli məhəbbətin
məhsuludur. Həm də
bu məhəbbət,
bu inam zahiri
dəbdəbədən uzaqdır,
iddiasızdır. Yazıçının novellalarında insan ürəyinin bir guşəsi, zəngin, rəngarəng həyatımızın
bir lövhəsi, mənəvi aləmimizin həssas simlərinə toxunulur. O, insanların
yüksək əxlaqını,
mənəvi gözəlliyini,
insanpərvərliyini, cəmiyyətdə,
ailədə, yoldaşlıqda
düzlük, sədaqət
kimi uca duyğuları məhəbbətlə
təsvir etməklə
yanaşı, həyatın
ziddiyyətlərini, mənfi
təzahürləri və
neqativ cəhətlərini
də qələmə
alıb.
Noyabrın 23-də
Aqşin Babayevin anadan olmasının 75 ili tamam
olur. Səbail rayon MKS-in rəhbərliyi və kollektivi yazıçını yubiley
münasibətilə təbrik
edir, ona uzun ömür, cansağlığı, yeni
yaradıcılıq uğurları
arzulayır.
Şəbnəm
Babaşova,
Səbail rayon MKS-in baş
metodisti
Mədəniyyət.- 2011.- 23 noyabr.-
S. 14.