Ötən
illərin mahnıları
Ey
həyat, sən nə qəribəsən...
Hər
kəs doğulduğu torpağı, “Vətən” deyə
bağrına basdığı ölkəni bir ayrı məhəbbətlə
sevir, ruhunda, qəlbinin dərinliklərində ona özünəməxsus
sədaqət göstərir. Onu anlaya bildiyi, hiss etdiyi qədər
tərənnüm edir. Yəqin elə hər birimizin qəlbindəki
ana vətən, doğma şəhər, tanış simalar,
sevimli həmvətənlər... bölgüləri də
buradan qaynaqlanır. Hər halda bizi əhatə edən aləm
və o aləm içindəki dünyamızın öz
sevgisi, öz nəğməsi və öz poetikası var. Bu
anlamda «Ey həyat, sən nə qəribəsən» tandemindəki
qəribə həyatın qərib sakinləri olaraq o mənəvi
dünyamıza yaxın buraxdığımız, məhrəm
saydığımız «öz»lərimizin içərisində
bir «Qaya» adı da var.
Ötən əsrin poeziya
ilhamlı, sənət dilli, musiqi ladlı Bakısında yeni
yaradıcılıq ruzigarı əsdi və o insanların
qulağına yeni səs-səda, xoş avaz gətirdi. Bu avaz
gah coşan, çağlayan, gah da sakit
görünümlü, dərin xəyallı Xəzərin
sevgi ilə qucduğu şəhərin yeni simasına
çevrilən «Qaya»nın səsi idi. Bu ad qısa zamanda sənət
səmasında ulduz kimi parlamağa başladı. Bir az
romantik, bir az həlim, bir az da çılğın, lakin qəlbləri
sənət eşqli 4 gənc o vaxtkı SSRİ-nin musiqi
simasına çevrildilər.
Almanı atdım xarala
1956-cı ildə o vaxtkı
A.Zeynallı adına Musiqi Məktəbində təhsil alan 4
istedadlı tələbə, xor dirijorları Teymur Mirzəyev
və Arif Hacıyev, zərb alətləri üzrə
ifaçı Rauf Babayev və nəfəs alətlərindən
truba ifaçısı Lev Yelisovetski bir araya gələrək
qrup yaratdılar. Çoxsəsli oxu vurğunu olan bu dördlük
xalq və bəstəkar mahnılarına gətirdikləri
yeni ifa üsulu və improvizələri ilə qısa zamanda
populyarlıq qazandılar. SSRİ miqyasında keçirilən
müsabiqələrə qatılmaqla Azərbaycan musiqisini
layiqincə təmsil etdilər, Ümumittifaq Estrada Musiqisi
Müsabiqəsində birinci yeri qazandılar. Və elə
bundan sonra ittifaqın musiqi həyatında yeni hadisəyə
çevrilərək şöhrət nərdivanlarını
sürətlə qalxmağa başladılar. Və 1972-ci ildə
Azərbaycan SSR Nazirlər Soveti və Mədəniyyət
Nazirliyinin qərarı ilə “Qaya”ya Dövlət Ansamblı
statusu verildi.
80-ci illərdə ansambl
böyüyərək “Qaya” Dövlət Estrada-Simfonik
Orkestrinə çevrildi. 100-dən artıq musiqiçini bir
araya gətirən bu heyətin tərkibində kamera orkestri,
rok qrupu, caz-xor və solistlər vardı. Ansamblın sənətkarlığı
və professional musiqimizdə tutduğu yer dünya
şöhrətli musiqiçilər Qara Qarayev, Fikrət Əmirov,
Rauf Hacıyev, Tofiq Quliyev, Mstislav Rostropoviç, Qalina
Vişnevskaya, Murad Kajlayev və başqaları tərəfindən
yüksək qiymətləndirilib.
Mən
gəzirəm hər yanı
...O vaxtlar hələ «Qaya» yox idi.
Onlar sadəcə olaraq Rauf Hacıyevin rəhbərliyi ilə
Dövlət Estrada Orkestrinin vokal kvarteti kimi
çıxış edirdilər. Bir müddət sonra orkestrdən
ayrılaraq mərhum Rafiq Babayevin rəhbərlik etdiyi caz
ansamblıyla birləşən kvartet gənc bəstəkar
Murad Kajlayev tərəfindən Mahaçqalaya dəvət
olunur və burada indiyədək fəaliyyət göstərən
məşhur «Unib» ansamblını yaradırlar. 1964-cü ildə
Bakıya qayıdan dördlük vokal kvarteti kimi yenidən pərəstişkarlarının
qarşısına çıxır.
«Qaya»
elə o vaxtdan Dövlət Konsert Birliyinə və
ittifaqın musiqi orkestrlərinə dəvətlər
aldı, Mərkəzi Televiziyanın ən maraqlı
proqramları və bayram konsertləri «Qaya»sız
ötüşmədi. «Ey həyat, sən nə qəribəsən»
şüarı ilə dünyanı qarış-qarış
gəzən sənətçilər müxtəlif dinli və
dilli insanlara «Azərbaycan diyarından, Koroğlunun
Nigarından sizə salam, sizə salam gətirmişəm...»
nidasıyla milli kimliyimizi, sənət simamızı
nümayiş etdirə bildilər. Beləcə 30 il Azərbaycan
musiqi mədəniyyətinə xidmət edən «Qaya» zamanının
sənət kitabına öz adını qızıl hərflərlə
yazdı.
Mən
səni anaram...
Yüksək estetikanın
nümayişçisi olan kvartet bunu bütün ifa və rəqslərində,
geyim və saç düzümlərində, mimika və jestlərində
qorumaqla bir tamlıq nümayiş etdirə bilirdi. Onların
kino lentlərinin yaddaşına köçən ifalarına
tamaşa edərkən heyranedici eyniyyət,
ardıcıllıq və harmoniyanın şahidi olursan. Sanki
4 fərqli insan birləşərək bir bədənə,
ruha çevrilmişdir. Vizual olaraq çox maraqlı və
baxımlı olan bu işin arxasında təbii ki,
böyük və ciddi iş dururdu. Əks halda buna nail olmaq
mümkün deyildi. Bu mənada dostları qrupun daha
yaşlısı, başbiləni, həzin səsli Arif
Hacıyevin əməyini yüksək qiymətləndirirlər.
Xatirələrlə dolu ömrü tez-tez vərəqləyən
dostlar Əməkdar artist Arif Hacıyevsiz keçən illəri
şirin, xoş xatirələrlə doldurmağa
çalışırlar.
Təqdim olunan hər mahnıda
ayrı bir aləm yaratmaq məqsədi ilə yorulmadan məşq
edən, hər xırdalığın üstündə
saatlarla, günlərlə əsən dostlar buna görə
ciddi mübahisələr də edər, fikir
ayrılıqlarına gətirib çıxaracaq məqamları
ortaya atarmışlar. Gərgin keçən məşq
prosesindən sonra effektli nəticəyə sevinən
dördlük sonradan hər şeyi unudaraq üzlərinə
qonan xoş təbəssümlə
barışıqlarını nümayiş etdirərmişlər.
Dostların növbəti görüşü də bu xatirələrlə
dolu illərə səyahətlə yadda qaldı, hər kəlmə,
hər xatirə Arif Hacıyevin adı ilə çözələndi.
Sən
danışanda
Keçmişə səyahət
olan təəssüratlar onları illər öncənin
xoş anlarına aparır. Hər detalı əziz xatirəyə
çevrilən günlər, illər söz-söz dillənir.
Xalq artisti Teymur Mirzəyev: «Biz
dörd dost Konservatoriyanın tələbələri olaraq
çoxsəsli oxumağa vurulmuşduq. Ona görə də
gah Konservatoriyada, gah Bəstəkarlar İttifaqında, gah da
Filarmoniyada bir araya gəlib gecə-gündüz oxuyur, məşq
edirdik. Kiminsə bizə mane olmaması, bəlkə də
görməməsi üçün sinfin qapısını
da bağlayırdıq. Sonra səs-səsə verib oxuyurduq.
Xalq və bəstəkar mahnılarından ibarət
repertuarımıza daxil olan hər bir musiqi nömrəsi
üzərində günlərlə məşqlər edir, nə
isə yeni elementlər qatmaq üçün səy göstərirdik.
Bir müddətdən sonra o vaxtkı mədəniyyət
naziri Rauf Hacıyev bizi yanına çağıraraq
Moskvadakı Ümumittifaq Estrada Musiqisi Müsabiqəsində
iştirak edəcəyimizi bildirdi. Müsabiqəyə iki həftə
vaxt qalırdı. Biz böyük həyəcanla gecə-gündüz
məşqlər edir, həyəcandan içimizi yeyirdik.
Yalnız birinci turdan sonra anladıq ki, hər şey öz
qaydasındadır».
Xalq artisti Rauf Babayev: «Teymur
müsabiqədən söz açdı, yadıma bir məqam
düşdü. Təsəvvür edin, biz Moskvada ciddi şəkildə
məşqlər edirik. Sonra müsabiqəyə bir gün
qalmış az da olsa dincəlmək üçün şəhərə
çıxdıq. Bu an gözüm «Nefçi» və «Torpedo»
futbol komandalarının oyunu ilə bağlı elana
sataşdı və birdən «Uşaqlar, «Neftçi» uduzsa,
demək biz də uduzacağıq» sözləri
çıxdı ağzımdan. Bu an üçünün də
hiddətlə mənə baxdığını
gördüm və qorxa-qorxa «Əşşi, sözdü də
dedim» ilə vəziyyətdən çıxmağa
çalışdım. Amma artıq onlar qərarını
vermişdilər və biz içimizdəki xofu boğaraq
futbol matçına bilet aldıq. Hər hücum, hər cərimə
zərbəsini nəfəsimizi tutaraq izlədik. Nəhayət,
oyun bitdi və «Neftçi» qalib gəldi. Biz sevinclə
ayağa qalxaraq qışqırır və
alqışlayırdıq. Sanki biz də müsabiqəni qalib
olaraq başa vurmuşduq. Maraqlıdır ki, elə də oldu
və biz də qalib gəldik. Bax, bizim birgə keçirdiyimiz
hər gün, hər an belə xatirələrlə doludur».
Əməkdar artist Lev Yelisavetski:
«50 il. Zaman üçün an qədər kiçik, insan ömrü üçün uzun görünən bu illər hər birimizin taleyində silinməz izlər buraxıb. Bir əsrin yarısı olan 50 il
mənim yadımda çoxlu təzə-tər
xatirələrlə qalıb.
Sanki hər şey
dünən baş verib. Gərgin məşqlərimizi, hər
konsert öncəsi keçirdiyimiz izaholunmaz həyəcanlar, yeni ifaların ərsəyə
gəlməsi üçün
çəkdiyimiz əzab-əziyyətlər,
hər məqamı bir ayrı təəssürat
olan qastrollarımız...
«Qaya» və
onunla bağlı hər şey xatirimdə dünən kimi qalıb. Biz - əziz can dostları Bakımızı, sevimli şəhərimizi, musiqimizi
olduğumuz yerlərdə
təmsil etməklə
böyük qürur duyurduq. İllər keçdi və
tale elə gətirdi ki, biz dünyanın ayrı-ayrı qütblərinə
səpələndik. Mən
ABŞ-da, Teymur isə İsraildə yaşamalı oldu. Sevimli qardaşımız Arif dünyasını dəyişdi.
Vətəni, xatirələrimizin Bakısını Raufa əmanət etdik. O,
bu illər ərzində «Qaya»ya olan sədaqətini hamımızdan çox göstərərək yeni
ifaçılardan, gənc
istedadlardan ibarət «Qaya» yaratmaqla kvartetin ənənələrini
davam etdirdi. Yəqin müəyyən vaxtdan sonra o gənclərin də sorağı dünyanı dolaşacaq.
Çünki onların Rauf
Babayev kimi ustadları var».
Bəlkə, bəlkə,
bəlkə də...
Zaman: 18 noyabr 2011-ci il.
Məkan: Heydər Əliyev Sarayı. Məqsəd: «Qaya» kvartetinin 50 illik yubileyi. Qeyd: köhnə Bakı, dənizkənarı park, yüksək
səviyyəli caz və estrada
musiqisi üçün
darıxan hər kəs dəvətlidir.
Hər insanın istər gənclik, istərsə də yetkinlik zamanının xatirələrində
ilişib qalan köhnə bir Bakı restoranı var. Sakit, həzin musiqilər, yarıqaranlıq
məkan, cərgə
ilə düzülən
masalar ətrafına yığışan insanlar...
Elə
professional səhnəyə çıxışının 50 ilini (1961) bayram edən qrupun yubileyi münasibətilə
saray səhnəsi də köhnə Bakı restoranları kimi qurulmuşdu. Səhnədə quraşdırılan böyük ekrandan isə dünənlə bu günün Bakısının zamana meydan oxuyan dialoqu
əks olunurdu. Elə tamaşaçılar da həmin ab-havaya köklənmişdilər. 18 noyabr 2011-ci il
tarixini yaşadıqlarını
unudan yüzlərlə
insan özünə qapanaraq uzaq-yaxın keçmişinə qayıtmışdı.
Bu işdə köhnə
«Qaya»nın lent yazılarına canlı ifaları ilə cavab verən yeni «Qaya» Dövlət
Ansamblının rolu danılmazdır. Beləcə
hamı «Qaya»nın
sayəsində dünənin
ağuşuna atılaraq
bir neçə saatlıq zamana meydan oxuya, bu
gündən dünənə,
dünəndən sabaha
boylana bildilər...
Qonaqlar hamısı gəldi
Mədəniyyət və Turizm
Nazirliyinin həm qrupa, həm də onun çoxminli
pərəstişkarlarına ərməğan etdiyi bu tədbir möhtəşəmliyi ilə
yadda qaldı. Sarayın tamaşaçı zalını
tam dolduran «Qaya»sevərlər
arasında mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, digər rəsmi şəxslər,
mədəniyyət və
incəsənət xadimləri
var idi. Budur, səhnədə “Qaya”nın veteranları,
xalq artistləri Rauf Babayev və
Teymur Mirzəyev göründülər. Əvvəlki şuxluq və təbəssümlə qonaqları
salamlayan ifaçılar
hər kəsə təşəkkür etdilər,
incəsənət xadimlərini
daim yüksək qiymətləndirən ölkə
rəhbərliyinə elə
tamaşaçılar adından
da “sağ ol” dedilər. Yubiley tədbirinin ərsəyə
gəlməsinə görə
Mədəniyyət və
Turizm Nazirliyinə minnətdarlıqlarını bildirdilər.
Sonra qonaqlar - xalq artistləri Aleksandr Şarovski, Afaq Məlikova, Təranə Muradova, Əməkdar incəsənət xadimi Cavan Zeynallı, Əməkdar artist Sərxan
Sərxan, Abbas Əhməd, Rusiyanın Əməkdar artisti Yuri Qriqoryev, gənc pianoçu Emil Əfrasiyaboğlu
və başqa sənət dostları təbriklərini çatdırdılar.
Tədbir boyu tamaşaçılar
yeni “Qaya” qrupunun təqdimatında müxtəlif janrlı unudulmaz ifalara tamaşa etdilər.
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2011.- 23 noyabr.- S. 12.