Hotel və turizm şirkətlərinin işgüzar münasibətləri necə qurulmalıdır?

 

   Mütəxəssislər bu yöndə müxtəlif əməkdaşlıq yolları təklif edirlər

  

   Azərbaycanda turizm inkişaf etdikcə bu sahədəki problemlər də tədricən həllini tapır, bununla bağlı dövlət tərəfindən işlər görülür. Amma turizm özəl sektor olduğundan mövcud çətinliklərin aradan qaldırılmasında bu sektor təmsilçilərinin öz aralarında anlaşması, mövcud problemlərin birgə səylə aradan qaldırılması vacibdir. Belə problemlərdən biriturizm şirkətləri ilə istirahət məkanları, hotellər arasında münasibətlərlə bağlıdır.  

 

   Əksər istirahət müəssisələrinin, hotellərin rəhbərləri elə hesab edirlər ki, özləri özlərini tanıda bilərlər və bunun üçün turizm şirkətlərinin xidmətinə ehtiyac yoxdur. Əslində turizm şirkəti olmadan hotelin öz məhsulunu dünya bazarına çıxarıb tanıtdıra bilməsi çətin məsələdir.

   Bəzi mütəxəssislərin fikrincə, bu məsələdə inzibati metodların tətbiqinin əhəmiyyəti yoxdur. Çünki bu, sırf biznes məsələsidir. Əgər hotel rəhbərləri turizm şirkətləri ilə işləmirsə, bunun kökü araşdırılmalıdır. İkinci tərəfdən, əgər hotelin kifayət qədər müştərisi varsa, onun turizm şirkəti ilə işləməsinə ehtiyac qalmır. Bununla yanaşı, sözügedən müəssisələr arasında qarşılıqlı anlaşma ilə qurulan işgüzar əlaqələr ümumilikdə turizmin inkişafına xeyirdir.

   Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da bu qənaətdədir. Onun sözlərinə görə, belə əməkdaşlığın qurulması üçünilk növbədə mehmanxanalar turizm şirkətləri üçün qiymətlərdə müəyyən güzəştlər etməlidir: “Məsələn, Türkiyədə hotellərlə turizm şirkətləri arasında belə münasibətlər geniş təşəkkül tapıb. Belə olan halda turizm şirkətləri əməkdaşlıq etdikləri hotellərə turist gətirmək üçün əllərindən gələni edirlər. Bizim də məqsədimiz Azərbaycana daha çox turist cəlb etməkdən ibarətdir. Odur ki, turizm sahəsində çalışan qurumlar hotellərlə turizm şirkətləri arasında normal əlaqələrin qurulmasına çalışmalıdır».

   M.Ağakərimov onu da qeyd etdi ki, ötən illərə nisbətən bu sahədə müəyyən irəliləyiş əldə olunub. Bu işdə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının birgə səylərinin müsbət təsiri var: «Keçirdiyimiz birgə tədbirlərdə bu məsələyə daima toxunuruq. Assosiasiyamıza üzv olan hotellərin rəhbərləri ilə də bu barədə söhbətlərimiz olur. Düşünürəm ki, zamanla bu məsələ öz həllini tapacaq. Bakıda və regionlarda mehmanxanaların sayı getdikcə artır. Bu da öz növbəsində rəqabətin artmasına gətirəcək və hotel rəhbərlərini öz obyektlərinə müştəri cəlb etmək üçün müxtəlif variantlar düşünməyə sövq edəcək».

  

   Turizm şirkətlərinə daha ucuz qiymətlər təklif edilməlidir

  

   «Gilan Tourism» şirkətlər qrupunun baş koordinatoru Xəlil Durunun sözlərinə görə, Azərbaycanda hələlik hotellərlə turizm şirkətləri arasında tam işbirliyi yaranmayıb: «Turizm şirkətinin işi xaricdən turistin ölkəyə gəlməsini, qarşılanmasını və yerləşdirilməsini təmin etməkdir. Bu işin müqabilində isə hoteldən həmin şirkətə müəyyən faiz güzəşt edilməlidir. Əslində turizm şirkətinin qazancı da elə budur. Mən həm hotelçiyəm, həm də agentlik rəhbəri. Mənim bütün hotellərimin üç fərqli qiyməti var. Birincisi birbaşa hotelə gələn müştəriyə təklif edilən qiymətdir. Buna hotelçilikdə «rak», yəni “qapı qiyməti” deyilir. İkincisi, «koperet» qiymət adlanır. Bu, hotelin müqavilə bağladığı, daimi müştəriləri olan qurumlara təklif edilən qiymətdir. Bu qiymət “qapı qiyməti”ndən 15-20 faiz ucuz olmalıdır. Üçüncü qiymət isə turizm şirkətlərinə təklif edilən qiymətdir. Bu məbləğ «koperet» qiymətdən də ucuz olmalıdır. Yalnız bu halda turizm şirkəti mənimlə işləməkdə maraqlı olacaq».

   X.Duru bildirdi ki, turizmin inkişaf etdiyi bütün ölkələrdə hotellərlə turizm şirkətləri arasında ilkin dönəmlərdə anlaşılmazlıqlar olub. Azərbaycan da bu dövrü yaşamaqdadır: «Odur ki, turizm şirkətləri ilə hotellərin əməkdaşlığının yaranması üçün bir sıra tədbirlərin görülməsi lazımdır”.

  

   Hotellər və turizm şirkətləri qarşılıqlı əlaqələrini özləri tənzimləməlidir

  

   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini, Daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov deyir ki, Azərbaycanda fəaliyyət göstərən hotellər və turizm şirkətləri bir-biriləri ilə qarşılıqlı əlaqələrini özləri tənzimləməlidirlər: «Hotellər və turizm şirkətləri arasındakı əlaqələrin qurulmasına nazirlik müdaxilə edə bilməz. Əlaqələrin qurulmasında hər iki tərəfin marağı olmalıdır. Çünki həm hotel, həm də turizm şirkəti qarşılıqlı əməkdaşlıqdan gəlir əldə edir. Buna görə də tərəflər bu məsələləri özləri tənzimləməlidirlər».

   Nazirlik rəsmisinin fikrincə, bu münasibətləri tənzimləmək üçün müvafiq treninqlərin keçirilməsi yaxşı olardı. Onun sözlərinə görə, hazırda nazirliyin həm hotel, həm də turizm şirkətlərindən tələb etdiyi əsas məsələ turistlərə göstərilən xidmətlərin səviyyəsinin yüksək olması, mövcud qanunvericiliyə riayət edilməsidir.

  

 

    Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 23 noyabr.- S. 9.