Şəki
- mədəni irsimizi yaşadan
məkan
“Şəki şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında” sərəncama əsasən,
rayonda tarixi-memarlıq abidələrinin təmir-bərpası
ilə bağlı genişmiqyaslı işlər nəzərdə
tutulub
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev bu il sentyabrın 12-də “Şəki
şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında” sərəncam
imzalayıb. Sərəncama əsasən, Şəki Şəhər
İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyi,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə
Şəkinin milli memarlıq ənənələrinin və
üslubunun qorunub saxlanması şərtilə,
tarixi-memarlıq abidələri və onların mühafizə
zonaları, aparılacaq abadlıq-quruculuq işləri barədə
təkliflər hazırlayıb, Şəki şəhərinin
baş planına daxil edilməsi üçün Nazirlər
Kabinetinə təqdim etməlidir. Bundan əlavə, Nazirlər
Kabinetinə Şəkinin 2030-cu ilə qədər dövrdə
inkişafına dair baş planın təsdiqi
üçün zəruri tədbirləri həyata
keçirmək tapşırılıb. Prezident sərəncamı
ilə Şəkinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədi ilə Şəki Şəhər İcra
Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait
ayrılıb.
Sərəncamdan irəli gələn
bir sıra məsələlərlə bağlı Mədəniyyət
və Turizm Nazirliyi Mədəni irs şöbəsinin Mədəni
sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərovaya
müraciət etdik. Dövlət
başçısının sərəncamını yüksək
qiymətləndirən sektor müdiri onu Şəki şəhərinin
intibahına yönəlmiş tarixi sənəd
adlandırdı. Onun sözlərinə görə, ölkəmizin
hər yerində gerçəkləşən böyük
quruculuq-abadlıq işləri bu sərəncam sayəsində
Şəkidə daha dolğun şəkildə həyata
keçiriləcək: “Azərbaycanın ən qədim şəhərlərindən
və mədəniyyət mərkəzlərindən biri olan
Şəkinin zəngin tarixi var. Bu şəhərdə
inşa edilmiş qədim karvansaralar, qalalar, ictimai binalar, məscid
və məbədlər, dünya əhəmiyyətli
memarlıq abidəsi olan Xan sarayı və eləcə də
Şəkixanovların evi kimi xüsusi memarlıq üslubuna
malik olan yüzlərlə imarət, Kiş kəndində
yerləşən alban məbədi, digər tarixi memarlıq
nümunələri mədəni irsimizin inciləridir.
Müasir dövrdə Şəki şəhərinin
inkişaf strategiyasına uyğun olaraq tikinti-abadlıq
işlərinin aparılmasında özünəməxsusluğun
qorunub saxlanılmasına, ətraf mühitlə vəhdətin
təmin olunmasına, tarixi mədəniyyət abidələrinin
mühafizəsinə və mövcud mədəni-tarixi
potensialından səmərəli istifadəyə xüsusi
diqqət yetirilməsi zəruridir. Bu baxımdan sərəncamda
Şəkinin tarixi-memarlıq özünəməxsusluğun
qorunub-saxlanılması şərtilə yenidənqurma və
təmir işlərinin aparılmasının vacibliyi
vurğulanıb”.
Sərəncamda aidiyyəti
qurumların Şəkidə tarixi-memarlıq abidələrinin
təmir-bərpası ilə bağlı təkliflər
hazırlaması barədə müddəa əksini tapıb.
Sektor müdirinin sözlərinə görə, bununla
bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
geniş əhatəli Tədbirlər Planı
hazırlanıb. Planda Şəkinin tarixi-memarlıq
ansambllarının qorunması, qədim küçələrinin
tarixi görünüşünün qorunub
saxlanılması, abidələrin bərpası və
konservasiyası, ümumi ansamblı pozan yeni binalarda
buraxılan nöqsanların aradan qaldırılması əksini
tapıb. Eyni zamanda Şəkidə daşınmaz tarix və
mədəniyyət abidələrinin mühafizə
zonalarının təyin edilməsi, elektron məlumat
bazasının və reyestrin yaradılması, pasportların
hazırlanması da nəzərdə tutulub. Qeyd etmək
lazımdır ki, Tədbirlər Planında Şəkidə
yerləşən tarix-mədəniyyət qoruqlarına da
xüsusi yer ayrılıb. Qoruqlara və xüsusi əhəmiyyətli
abidələrə gedən yolların
abadlaşdırılması, təmiri, yol
nişanlarının quraşdırılması da bu
sıraya daxildir.
Abidələrdə təmir, bərpa
və konservasiya işlərinə gəlincə, Şəkidəki
“Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunun ərazisində
yerləşən, ümumi uzunluğu 1300 metr olan qala
divarlarının təmir və bərpası, Ağvanlar, Dərə,
Yeraltı hamamların, Gödək minarəsinin bərpası,
Gileyli minarəsinin konservasiyası, Şəkixanovlar Evinin əsaslı
təmir və bərpası, Kiş kəndindəki «Gələrsən-görərsən»
qalasının, Bideyiz kəndindəki məbədin, Baş Kəldək
kəndində Gavur qalasının bərpa və
konservasiyası, Qurçana çayı üzərində kərpicdən
tikilmiş, XVIII-XIX əsrlərə aid qoşa tağlı
körpünün təmir olunması da sənəddə yer
alıb.
Nazirliyin sektor müdirinin bildirdiyinə
görə, Tədbirlər Planında Şəkinin zəngin
mədəni irsinin təbliği ilə bağlı təkliflər
də qeyd olunub. Bu baxımdan Şəki rayonunun tarix-mədəniyyət
abidələrini təbliğ etmək məqsədilə
konfrans və seminarların keçirilməsi, ənənəvi
bayramlar və turizm mövsümü zamanı Azərbaycan mədəniyyətinə,
musiqisinə, folkloruna və s. mövzulara həsr olunmuş
festivalların təşkili planda əksini tapıb. Şəki
abidələri haqqında reklam çarxlarının və
elmi-populyar filmlərin çəkilişi, müxtəlif dillərdə
ədəbiyyatın nəşri və xaricdə
yayılması da nəzərdə tutulub. Bundan başqa, nadir
memarlıq incisi olan “Xan sarayı”nın 2012-ci ildə 250
illiyinin möhtəşəm səkildə qeyd edilməsi də
sənəddə əks olunub.
Sektor müdiri Şəkidə
tarixi memarlıq abidələrinin təmir-bərpası ilə
yanaşı, nəzərdə tutulan digər işlər barədə
də bəzi məqamları qeyd etdi. Onun sözlərinə
görə, Şəki şəhərində tarixən xalq
memarlığının baş təbii elementi Qurçana
çayı olub. Odur ki, şəhərin, xüsusilə,
onun qoruq ərazisində yerləşən hissəsinin
bütövlükdə abadlığı məhz Qurçana
çayının yatağının təmizliyindən,
çayın kənarlarındakı istinad divarlarının
sel sularına qarşı davamlılığından və
çayın divarları boyu piyada yolu və işıqlanma
sisteminin keyfiyyətindən əhəmiyyətli dərəcədə
asılıdır.
Yaxın perspektivdə Şəki
«Yuxarı Baş» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki
XVIII əsrdə və XX əsrin əvvəllərində
inşa olunmuş bəy evlərinin bərpası, eyni zamanda
həmin evlərin yerləşdiyi küçələrin fərş
örtüyünün nizama salınması məqsədəmüvafiqdir.
Şəhərin mərkəzi küçələrində
yerləşən çoxmənzilli ictimai yaşayış
binalarının fasad hissələrinin və dam örtüklərinin
milli arxitekturanın tələblərinə
uyğunlaşdırılması da təklif edilib. XIX əsrə
aid olan «Ağvanlar hamamı» ölkə əhəmiyyətli
tarix-mədəniyyət abidəsidir. Ümumi sahəsi 180
kvadratmetrdir. 15 ilə yaxındır ki, istifadə olunmayan abidənin
bərpaya ehtiyacı var.
Bundan başqa, «Yuxarı Baş»
Tarix-Memarlıq Qoruğunda yerləşən, ümumi
uzunluğu 1300 metr olan Narınqala qala divarlarının təmir
və bərpası mühüm önəm kəsb edir. XVIII əsrə
aid Narınqala divarları ərazisində dünya əhəmiyyətli
tarix-mədəniyyət abidəsi olan «Xan sarayı», R.Əfəndiyev
adına Tarix-Diyarşünaslıq Muzeyi, Xalq Tətbiqi Sənəti
Muzeyi, Rəsm Qalereyası, şəbəkə
emalatxanası, digər bina və tikililər var. Narınqala
divarları ətrafında drenaj sistemi olmadığından
vaxtaşırı yağan leysan yağışları qala
divarlarının mütəmadi olaraq aşınmasına, bəzən
də uçmasına gətirib çıxarır. Son illərdə
bu proses intensiv xarakter alıb. Keçən ilin yaz və yay
aylarında yağan güclü leysan yağışları əraziyə
ciddi ziyan vurub. Nəticədə Qala divarlarının
müxtəlif hissələrində, xüsusilə də cənub-qərb
hissəsində ümumi uzunluğu 740 metrə qədər
olan divarlar bəzi yerlərdə tamamilə, bəzi yerlərdə
isə qismən uçub və aşınıb. Bu
baxımdan Narınqala divarları ərazisində sel
sularından mühafizə məqsədilə drenaj sisteminin
qurulması zəruridir. XVIII əsrə aid tarix-mədəniyyət
abidəsi Giləhli minarəsinin də bərpaya ehtiyacı
var.
Sektor müdiri onu da qeyd etdi ki, sərəncamın
icrası zəngin tarixi-mədəniyyət və abidələr
məskəni olan Şəkidə turizmin inkişafına da
müsbət təsir edəcək: “Dövlət
başçısı tərəfindən bu ilin ölkəmizdə
“Turizm ili” elan edilməsi ilə bağlı görülən
işləri, eləcə də Şəki ilə
bağlı bu mühüm sərəncamı nəzərə
alaraq əminliklə söyləyə bilərik ki, Şəki
öz tarixi-mədəni irsi, abidələri, memarlıq inciləri
ilə beynəlxalq turizm mərkəzinə çevriləcək.
Bu bir faktdır ki, ölkəmizə gələn xarici turistlər
Şəkidəki tarixi-memarlıq abidələrini hər
zaman heyranlıqla seyr edirlər. Sərəncamdan irəli gələn
tədbirlərin həyata keçirilməsi Azərbaycanın
bu qədim mədəniyyət mərkəzinə turizm
axınını daha da sürətləndirəcək”.
P.S. Noyabrın 21-də ölkə
prezidenti “Şəki, Qəbələ, Qax və Oğuz
rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında” sərəncam
imzalayıb. Sərəncama əsasən, sözügedən
rayonlarda abadlıq-quruculuq işləri, o cümlədən
turizmin inkişafı ilə bağlı görülən tədbirləri
davam etdirmək məqsədilə hər rayonun İcra
Hakimiyyətinə 2 milyon manat vəsait ayrılıb.
Mehparə
Mədəniyyət.-
2011.- 23 noyabr.- S. 8.