“Dün gecə” - bir Xan gecəsi...
Beynəlxalq Muğam Mərkəzində və
tam milli mizan-düzəndə
Yəqin, o əruzi “dün gecə” həmin o klassik sənət mərkəzinə
tələsənlərdən çoxunun dəvətnaməsi
“sol cibində - ürəyinin
başında” idi, ancaq, Xan əminin
uşaqlıq dövründəki
“məşhur” tacir-aşiqin
“hənanın yeri” məntiqi və nitqi ilə desək, Xan əminin məşhurluq çağlarına aid ciblərdəki
partbilet halətində
“yoox”...
Noyabrın 21-də iştirak edib, 22-də qələmə
almağa çalışdığım
o “dün gecə - Xan gecəsi”nə yürüyənlərin ürəkləri
çoxdan tələsməyə
başlamışdı - bilingi
tarixçəsi, vaxt-vədəsi
olmayan “çoxdan”dan.
O ilahi səsi ilk gəz eşidib, o hakim sədanın əsirinə
çevrildikləri macallardan.
Bu həyati-dünyəvi səsin
doğulduğu yurdun əsirliyə düşdüyü
gündən bəri isə, bu tələsmələrin,
sevgilərin, sayğıların
mayasına bir dini-mərsiyəvi avaz da yoğrulub...
Baş nazirin müavini Elçin Əfəndiyevin,
millət vəkillərinin,
tanınmış mədəniyyət
və incəsənət
xadimlərinin iştirak
etdiyi yubiley-yığıncağın
aparıcısı professor Rafael Hüseynov, yeri gəldikcə, salondakı
sehrli sükutun söylədiyi bu dastandan fraqmentləri hamının ürəyincə
açıb-söyləyirdi.
Min gecə tutumlu, forma və məzmunca çox xəlqi, demokratik alınan, iştirakçılara
dürlü düşüncələr
aşılayan bu yubiley gecəsinin məndə oyatdığı
təəssürat-qənaətlərdən
biri bu:
Xan dərsi...
Bəli, tək elə
yüz on yaşı,
min illər möhürlü
üslubu, “zalım xan” “aman-aman!”ları ilə yox, həm də
bütün zamanlarımızın
ağır-batmanlığı, səliqə-salğarlığı ilə yaşamış bu “köhnə Kişi”nin gecəsində
hamı özünü
əməlli-başlı yığışdırmışdı.
Yeni düşüncə ilə
yeni formada tikilib-quraşdırılmış bu mərkəzin yeni biçimli salonunda əyləşmiş
nəinki təkcə
yaşlılar-başlılar, hətta uşaqlar, yeniyetmələr də köhnə kişiləri
xatırladırdılar. Doğrudur, bu yazıda bu salon haqda “ağzınadək dolu idi”, “iynə
atsaydın, yerə düşməzdi” kimi ifadələr işlətmək
“səadətindən” məhrumuq,
amma sənətkar ruhuna sevgi, sənətə
məhəbbət, sayğı
mədəniyyəti sarıdan
burada “qu desən - qulaq, su desən - bulaq tutulardı”. Bu salonun səhnəsində
də mənzərə
eləcə, mədəniyyət
beləcə. Bəzi səhnələrimizdəki
“aşıq eldən yuxarı - dizi beldən yuxarı”lıq məlamətlərindən əsər-əlamət
yox. Öz xanımlıqlarını həmişə
qorumuş Mələkxanım
Əyyubova, Nəzakət
Teymurova, Aygün Bayramova o gecə o səhnədə daha xanım-xatın təsiri
bağışlayır və
bəzi məqamlar adam belə
bir xurafati xəyala da düşürdü ki, əgər oxumaq zərurəti olmasaydı,
onlar başları üstündəki şəkildən
baxan Bəy kişinin zəhmindən yaşmanmaq da istəyirlər...
İki qoşa saatlıq “Xan dərsi”nin
birinci - zəriflər
saatı belə bitmiş hesab olunsun.
İkinci saat isə, ibarət olsun ustad Xan “mühazirə”lərindən
varislik imtahanı verməyə gəlmiş
ağsaqqal “tələbə”lərin
qədir-qiymət sayğılarından.
Onlar özlərini sənət
imtahanı ab-havasında
yox, dövlət imtahanı çabasında
hiss edirdilər. Həmişə,
hər yerdə, hər kəsdən, hər nəsnədən dil-dil ötən Əlibaba Məmmədov, uzun illər səs Xanını bəy kamanı ilə müşayiət etmiş Habil Əliyev, nitqi də ifaları kimi gur Tələt
Qasımov, “...Mən arifəm - işarədən
qanaram” nəqaratında
özünə də
özəl bir işarə vuran Arif Babayev, mizrabı
ilə dastanlar söyləyən Ramiz Quliyev, kəlam “dəstgahı” muğam dəstgahlarından kəm
olmayan Canəli Əkbərov sanki müqəyyəd bir “Xatirə” fənninin “kövrəlmə”, “mütəəssirlənmə”,
“Məcnunlanma” fəsillərindən
imtahan verir, azman aparıcı Rəfael Hüseynovun replikaları ilə “o biri sual”lara keçsələr də,
təəssüratlarındakı rəğbət, məhəbbət
atmosferi sıxlığından
duruxur, əbədi qaldıqları Xan əmi kursundan çıxmamaq üçün,
muğam-ölkə universitetindən
qovulmaq ehtimalını
nəzərə almadan,
dil ilə deyə bilmədiklərini
sir-sifət “sirlər”ilə
açıb-aşkarlayırdılar.
Deməliyəm ki, bu böyük “Xan dərsi” içərisində,
heç bir təqdimata ehtiyacı olmayan Rəfael Hüseynovun aparıcılıq
dərsi də vardı. Onun dadlı bilgi-ilgilərlə
zəngin yaddaşı,
tamaşaçı diqqətini
daim ayaqda saxlayan keçid-manevrləri
bir yana,
özünü hər
məclis-mərəkənin ruhu, qarşısındakı
kontingentin maraq “janr”ı üstə kökləmə məharəti,
gedəcəyi iki-üç
saatlıq yol-mənzillərə
“ayaq” vermələri xüsusi isim hərfi ilə qeyd olunası istedaddır. Necə ki, bu yığıncaqda
da seçildi: üzünü salona tutsa da, ilk sözünü,
xitabını şəkli
səhnə başında
asılmışa ünvanladı:
“Axşamın xeyir, Xan əmi!” - dedi və ilk sözü ona verdi. “Zalım”
Xan da şəkli
qənşərindəki ekranda
zühur edib, öz “aman-aman”caları ilə yuxa qəlblərimizi,
doğma Şuşasına
bağlı “sovxa” nisgilimizi yamanca günə qoyub, dadlı “ey dad-ey dad”ları ilə “xoş gəldin” eləyib, bizləri təkrarsız,
zəngin bir elit-irfan ziyafətinə qərq etdi...
Deyilmədən eşidilənlər
İrəliki abzaslarda deyənlərdən,
deyilənlərdən bəhs
etdim. Amma bu məclisdə
deyilməyən mətləb-mənalar
deyilənlərdən çox
idi. Deyilməyənlərə görə, bu
yığıncaqdakıların hər biri özünü
xoşbəxt sayırdı.
Foto, kino və teleobyektivlərə
düşənlərin bir
anları, beş
dəqidə-para saatları
ömür boyu ən süst-susqun məqamlarında onlara Xan energetikası verəcək. Dünyanın
kral-general məclislərini
fəth etmiş Alim Qasımov bir gün bu
sadə, saya Xan kişinin 110 illik yığıncağında
bir ağız oxumasını bütün
mürəkkəb yığıncaqlardakı
saatlarla ifasından daha ali, daha
halal duyğularla xatırlayacaq. Cabir Abdullayev burda
odladığı segah
tonqalını bəlkə
də daha heç bir yubileydə bu sayaq yandıra bilməyəcək. Müasir
muğam festivallarının
qənimətləri olan
“uşaqlar” - İlkin,
Vüsalə, Babək,
Arzu, Nigar, Məmməd, Gəncənin
“Göygöl”, Şuşanın
“Şuşa” ansamblları
ilə oxuyan (təəssüf ki, adlarını öyrənə
bilmədim) yeniyetmələr
heç bir məclisdə özlərini
bu mərtəbədə
- böyük sənət
adamı kimi hiss etməyəcəklər.
Sona yaxın “mən də öz dağarcığımı çəkim
çuvallar cərgəsinə”
deyiminə timsal və orada əvvəldən
axıra iştirak edən bir tamaşaçı
olaraq -
Deyim ki:
Müasirlərinin əksəriyyəti kimi, mənim də Xan əmi
haqda bir xatirəm var.
Cavanlıqda hərdən onun
ifalarını “texniki”
cəhətdən olduğu
kimi (məsələn,
onun aramsız “aman-aman”ları, bəzən,
“nəman-nəman” sayaq
alletrasiyalanır) təqlid
edərdim. Bir gün Filarmoniya bağındakı açıq
çayxanada bizdən
bir neçə stol aralıda
oturmuş Xan əmi ilə xanəndə Bayram Məmmədovun şirin-şirin
söhbət etdiklərini
görərkən vurğunluq
dəcəlliyim tutdu və üzümü tələbə yoldaşlarımın
qarasında gizləyib,
başladım “nəman-nəman”lamağa.
Xan əmi - üzündə yarı təəccüb, yarı
təbəssüm - yaxınlıqda
radioqəbuledici axtarırmış
kimi, o yan-bu yana baxıb,
nəhayət, “detektiv”
stolu bəllədi və mənim çox pərt halda susduğumu görüb, bizə (on iki tələbəyə)
növbəti iki yekə çaynik gətirməkdə olan çayçını səslədi:
“A bala, o uşaqlara deynən narahat olmasınlar, çaylarının
pulu çatıb...”
Və orada iştirak
etməyəndən:
Deyirlər, Bakı kəndlərindən
birində can üstə
olan bir qoca nəvələrindən
birinə tapşırır
ki, haçan ki gördün vəziyyətim yenə ağırlaşdı, Xanın
valındakı həmin
yeri səsləndir. “Çünki Xan “ölürəm-ölürəm” dedikcə, mən dirilirəm...”
Son və daha mənalı söz isə yenə aparıcıya məxsus: “Bizə belə bayramlar bəxş etdiyinə görə, sağ ol Xan əmi!”
Tahir Abbaslı
Mədəniyyət.-
2011.- 23 noyabr.- S. 6.