Vaqif Ağayevin silinməz
izləri
Çəkdim ki, izim qala...
Dünya bir pəncərədir, kimsə bu pəncərədən
baxmaqla kifayətlənir, kimsə tikdikləri,
yazdıqları, yaratdıqları, çəkdikləri ilə
dünya pəncərəsində iz qoymağa
çalışır. Xoşbəxt o kəsdir ki, bunu bacarır...
Həyatını və
yaradıcılığını Azərbaycan
Televiziyasına həsr edən Əməkdar incəsənət
xadimi, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyətinin sədr müavini Vaqif Ağayev yaxşı
insan, səmimi dost, peşəkar rejissor, tələbkar müəllim
olmaqla yanaşı, həm də insanların yaddaşında
çoxsaylı filmlərin rejissoru kimi daima xatırlanacaq,
anılacaq və yad ediləcək.
Baharda dünyaya gəlsə də,
payızda dünyasını dəyişdi. Onun vaxtsız
gedişi yaxınlarını, dostlarını və bir də
Vaqif Ağayev sənətini sevənləri kədərləndirdi.
Çünki Vaqif Ağayev özünəməxsus insan
olmaqla yanaşı, həm də dəqiq və həssas
müşahidə qabiliyyəti olan istedadlı rejissor idi.
Vaqif Ağayevin keçdiyi həyat
və sənət yolu olduqca zəngindir. O, 1954-cü il
mayın 7-də Abşeron rayonunda anadan olub. 1972-ci ildən
ömrünü, taleyini televiziyaya bağlayıb. Azərbaycan
Dövlət Teleradio Komitəsinin “Gənclər
üçün proqram” baş redaksiyasında fəaliyyətə
başlayıb. 1981-ci ildə Leninqrad (indiki Sankt-Peterburq)
Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil
alaraq televiziya rejissoru ixtisasına yiyələnib. “Xəbərlər”
baş redaksiyasının “7 gün”” verilişində məsul
rejissor, Xarici əlaqələr və kommersiya mərkəzində
Əlaqələndirmə və buraxılış
şöbəsi rejissor qrupunun ali dərəcəli rejissoru
işləyib. 1994-cü il sentyabrın 1-də Dövlət
Televiziya və Radio Verilişləri Şirkətinin bədii
rəhbəri, 16 avqust 2006-cı il tarixdə isə “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
sədr müavini vəzifəsinə təyin olunub.
Vaqif Ağayev uzun illər ölkə
prezidentinin çəkiliş qrupuna rəhbərlik edib.
Dövlət tədbirlərinin, siyasi görüşlərin,
beynəlxalq tədbirlərin peşəkar təqdimatının
nə qədər ciddi və məsuliyyətli bir iş
olduğunu isə xatırlatmağa ehtiyac yoxdur.
Ölkəmizin iştirak etdiyi Yay
Olimpiya Oyunlarının yadda qalan, həyəcanlı
anları, idmançılarımızın qələbə
sevincləri Vaqif Ağayevin peşəkar rejissor
prizmasından lentə alınıb.
Vaqif Ağayev bir çox sənədli
filmlərin quruluşçu rejissoru və ssenari müəllifi
olub.
Onun ümummilli lider Heydər Əliyevə
həsr etdiyi “Qayıdış”, “Şəxsiyyətin təntənəsi”,
“Okean üzərində körpü”, “Ömür və tale”,
“Fenomen”, “Böyük ömrün anları” (silsilə filmlər)
və onlarca sənədli filmləri yüksək peşəkarlığı
ilə Azərbaycan sənədli filmlərinin ən uğurlu
nümunələrindəndir.
Bədii televiziya filmi, bədii-sənədli
televiziya filmi və musiqili televiziya filmi janrlarında çəkdiyi
“Məhəbbət mahnıları”, “Dəniz xidməti”,
“Havalansın tarın səsi”, “Azərbaycan üçün
yaşanan tale”, “Abidə insan”, “Ümid yolu”, “Terror”, “Zirvəyə
doğru”, “Sabaha inamla”, “Əsrin müqaviləsi” (3 seriya),
“Ömür. Tale. Epoxa”, “Vətənə, xalqa həsr
edilmiş ömür” filmləri də Vaqif Ağayevin
yüksək sənətkarlığından xəbər verən
filmlərdir.
İstedadlı rejissor olmaqla
yanaşı, Vaqif Ağayev həm də böyük insan kimi
xatırlanır.
Azərbaycan Dövlət
Televiziyasının baş operatoru, Əməkdar incəsənət
xadimi Fazil Hadıyev Vaqif Ağayevi kədərli xatirələrlə
yad edir:
- 1966-cı ildən Azərbaycan
Dövlət Televiziyasında çalışıram. 1972-ci
ildən Vaqif müəllimi iş yoldaşı, həmkar kimi
tanımışam. Əvvəlcə rejissor assistenti, rejissor
işlədi, bir müddətdən sonra isə “Azərbaycantelefilm”
Yaradıcılıq Birliyində filmlər çəkməyə
başladı. Bizim yaradıcılıq əlaqələrimiz
isə 1993-cü ildən başlayır. Dövlət çəkilişlərini,
prezidentin səfərlərini birgə çəkirdik. Daima
çəkilişlərdə, səfərlərdə oluruq.
Bəzən gecə keçirilən tədbirləri çəkib
səhərə kimi montaj eləyirdik. Vaxtın necə
keçdiyini belə hiss etmirdik. Vaqif müəllim
özünü işə qurban verən adam idi. Deyirdi ki, işi
axıra çatdırmasam, gedib rahat yata bilmərəm. O,
işinə zərgər dəqiqliyi ilə
yanaşırdı. Böyük məktəb
keçmişdi, həm də olduqca istedadlı insan idi. Bu iki
keyfiyyət onu daima uğurlara doğru aparırdı.
Bütün filmləri Vaqif müəllimə
öz balası kimi doğma, əziz idi. Onun
saysız-hesabsız tələbələri var. Vaqif müəllim
onlara sənəti sevməyi, sənətə məsuliyyətlə
yanaşmağı öyrədib. Onlar da müəllimləri
ilə fəxr edirlər.
Vaqif Ağayev 57 yaşında
dünyasını dəyişsə də, Vaqif Ağayev məktəbi
yaşayacaq, onu yaşadacaq.
Vaqif Ağayev ömrünü sevdiyi sənətə həsr etdi. Yüksək zövqü ilə hər kəsi heyrətləndirməyi bacardı. Və günlərin bir günü xoş xatirələrini, yaxşı əməllərini və tarix üçün çəkdiyi qiymətli filmləri xalqına yadigar qoyub haqq dünyasına qovuşdu. Bu filmlər Vaqif müəllimin silinməz izləridir. Bu izlər ana televiziyada zaman-zaman göründükcə Vaqif müəllim də xatırlanacaq, anılacaq. Ruhu şad olsun.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 23 noyabr.- S. 6.