“2+1” Eksperimental Teatr Festivalı
Noyabrın
21-də Azərbaycan Teatr
Xadimləri İttifaqında
“2+1” Eksperimental Teatr Festivalının açılışı
oldu.
Açılışdan əvvəl mətbuat
konfransı keçirən
Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti Azər Paşa Nemətov bildirdi ki, “2+1” Eksperimental Teatr Festivalının məqsədi milli teatrda baş verən yaradıcılıq
proseslərini daha da fəallaşdırmaq, gəncləri yaradıcılıq
axtarışlarına ruhlandırmaq,
dünya teatr prosesində gedən yenilikləri səhnəmizə
gətirməkdir. Azərbaycan
teatrının çoxrəngli
teatr olduğunu deyən Azər Paşa Nemətov bu gün teatrlarda
istənilən tamaşanın
qoyulması üçün
hər cür şəraitin olduğunu vurğuladı: “Sevinirəm
ki, təqdim olunan tamaşaların çoxu məhz bu festival üçün
hazırlanıb. Eyni zamanda,
çox həyəcanlıyam,
çünki arzusunda
olduğum növbəti
tədbirlərdən biri
gerçəkləşir. Ümid edirəm ki, festival xoş xatirələrlə
yadda qalacaq”.
Sənətşünaslıq doktoru, professor Məryəm
Əlizadə də
festival barədə fikirlərini
bölüşdü. Festivalın əhəmiyyətini
qeyd edən teatrşünas belə tədbirlərin teatrlar üçün həm də hesabat xarakteri daşıdığını
dedi: “Ümid edirəm ki, bu festivalda yeni,
fərqli bir teatr düşüncəsi
ilə qarşılaşacağıq.
Çünki bu gün bütün teatrlarımızın
qapısı gənclərimizin
üzünə açıqdır.
İnanıram ki, gənc sənətçilər zamanının
tələb elədiyi
səviyyədə sözlərini
deyə biləcəklər”.
Sənət bayramını
Şuşa Dövlət Musiqili Dram Teatrı açdı
Festivalın
ilk günü Şuşa
Dövlət Musiqili
Dram Teatrının təqdimatında
Xalq yazıçısı
Elçinin “Cəhənnəm
sakinləri” və yazıçı-dramaturq Elçin
Hüseynbəylinin “İki
nəfər üçün
oyun” əsərləri
əsasında hazırlanmış
tamaşalar nümayiş
olundu.
Teatrın baş rejissoru, Əməkdar artist Loğman
Kərimov hər iki tamaşa barədə danışdı:
- Xalq yazıçısı Elçinin
“Cəhənnəm sakinləri”
əsəri 1937-ci ilin
qanlı-qadalı, ağrılı
günlərindən bəhs
edir. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, quruluşçu
rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Firudin
Bağıroğludur.
“İki
nəfər üçün
oyun” əsəri isə uzun illər
bir yerdə yaşamış, artıq
bir-birlərindən yorulub
usanmış iki insanın özləri üçün bir oyun qurmasından bəhs edir və sonda anlayırlar
ki, bir-birindən bezmək, usanmaq mümkün deyil. Ailə cəmiyyətin kiçik
bir formasıdır, onu yaşatmaq lazımdır.
Qeyd edək ki,
“İki nəfər üçün oyun” tamaşasına Loğman Kərimov quruluş verib.
Tamaşanın rəssamı Valeh
Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur.
Onu da qeyd edim
ki, səhnə əsərində dahi bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovun, o cümlədən dünya
bəstəkarlarının musiqilərindən istifadə
olunub.
Yazıçı-dramaturq
Elçin Hüseynbəyli:
- “İki
nəfər üçün
oyun” pyesini 2005-ci ildə Hüseynağa Atakişiyev elə bu səhnədə tamaşaya qoymuşdu.
İndi də əsəri Loğman Kərimov hazırlayıb. Tamaşanın məşqində olmamışam,
Loğman Kərimovun qabiliyyətinə, bacarığına
bələdəm. Düşünürəm ki, yaxşı bir səhnə əsəri alınıb.
Festivalın ilk günü nümayiş
olunan hər iki tamaşa özünəməxsus izləri
ilə yadda qaldı.
Noyabrın 22-də
isə festivalda “Yuğ” Dövlət Teatrı Judjin O Nilin “Qarağaclar altında məhəbbət”
əsəri əsasında
hazırladığı “Kölgə”
və Q. Qlenskinin “İki yarım” əsərinin tamaşalarını
təqdim etdi.
Qeyd edək ki,
festival noyabrın 26-dək davam edəcək. Tamaşalar Teatr Xadimləri İttifaqının tamaşa
salonunda göstərilir.
Festivalın sonunda “dəyirmi
masa” təşkil ediləcək və teatrşünaslar tamaşalarla
bağlı öz fikirlərini səsləndirəcəklər.
Mədəniyyət.-
2011.- 23 noyabr.- S. 4.