Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinə yekun
vuruldu
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 20-ci
ildönümü münasibətilə Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən Uşaq rəqs kollektivlərinin
respublika müsabiqəsi keçirilib.
Noyabrın 5-dən 15-dək zonalar
üzrə Bakı, Gəncə, Lənkəran,
Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində
və Ağcabədi rayonunda keçirilmiş müsabiqədə
respublikanın şəhər və rayonlarından 47 rəqs
kollektivi, 600-ə qədər uşaq iştirak edib.
Noyabrın 22-də Azərbaycan
Dövlət Filarmoniyasında müsabiqənin yekun konserti və
qaliblərin mükafatlandırılma mərasimi
keçirildi.
Tədbiri mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq
qalibləri təbrik etdi: “Bu gün rəqs bayramıdır.
Müsabiqə əlamətdar tarixə həsr olunub. İl ərzində
müstəqilliyimizin bərpasına həsr olunmuş silsilə
tədbirlər keçirilib. Bu gün təşkil olunan
konsert də bu tədbirlərin davamıdır. Mədəniyyət
və Turizm Nazirliyi mütəmadi olaraq xoreoqrafiya sahəsində
istedadlı gənclərin aşkar edilməsi
üçün bu tip müsabiqələr təşkil edir.
Məqsədimiz gənc istedadların inkişafına yol
açmaqdır. Belə müsabiqələr eyni zamanda milli ənənələrin
qorunması və xalq rəqslərimizin gələcək nəslə
ötürülməsi üçün bir vasitədir. Sevindirici
haldır ki, uşaqlar təkcə milli rəqsləri deyil,
dünya xalqların rəqslərini, müasir rəqsləri
də məharətlə ifa edirlər ”.
Daha sonra nazir müavini müsabiqənin
qaliblərinə mükafatları təqdim etdi.
Qeyd edək ki, Xalq artisti Yusif
Qasımovun rəhbərlik etdiyi münsiflər heyətinin qərarına
əsasən, müsabiqənin Qran-pri mükafatına
Sumqayıt şəhər Bülbül adına 2 nömrəli
uşaq incəsənət məktəbinin rəqs kollektivi
layiq görülüb.
Digər qaliblər belə
sıralanıb:
Bakı şəhər V.Mustafazadə
adına 2 nömrəli uşaq incəsənət məktəbinin
“Aysel” rəqs qrupu - I mükafat; Bakı şəhər 3
nömrəli Uşaq İncəsənət Məktəbinin
”Şənlik” rəqs kollektivi və Gəncə şəhər
Uşaq İncəsənət Məktəbinin rəqs
kollektivi - II mükafat; Mingəçevir şəhər
F.Qasımov adına, Füzuli rayon S.Şuşinski adına 1
nömrəli uşaq incəsənət məktəblərinin
və Abşeron rayon Novxanı kənd klubunun “Xəzər
ulduzları” rəqs kollektivi - III mükafat.
Mükafatlandırmadan sonra gecədə
bədii hissə təqdim olundu. Rəngarəng rəqs
nömrələri səhnədə bir birini əvəz etdi.
Tədbirdə
Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil
şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram
Əliyev, respublikanın incəsənət məktəblərinin
rəhbərləri iştirak edirdilər.
Lalə
Azəri
Mədəniyyət.-
2011.- 23 noyabr.- S. 2.