“İncəsənət tariximizin pillələri”

 

   Muzey Mərkəzində sərgi açılıb

  

  Noyabrın 22-də Muzey Mərkəzində “İncəsənət tariximizin pillələri” adlı sərginin açılışı keçirildi.

Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərginin əsas məqsədlərini açıqladı: “Məqsəd 1940-1980-ci illərdə yaradılmış, xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə nümayiş etdirən və sənət tariximizdə özünəməxsus yer tutan nadir sənət incilərinin mərhələli surətdə nümayişi və gənc nəslə təbliğindən ibarətdir. Xatırlatmaq yerinə düşər ki, 2010-cu ildə də nazirlik tərəfindən eyniadlı sərgi keçirilmiş və həmin sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan seçilmiş və XX əsrin əvvəllərindən 1940-cı ilədək olan əsərlər nümayiş etdirilmişdi».

   Sektor müdiri budəfəki ekspozisiyada nümayiş etdirilən əsərlərin Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçildiyini də diqqətə çatdırdı.

   Tədbirdə çıxış edən Xalq rəssamı Ağəli İbrahimov isə bildirdi ki, hazırda yaradıcı gənclər daha çox xarici sənət təmayüllərinə meyl edirlər: «Amma biz 1940-1980-ci illərdə yaşayıb-yaratmış bu rəssamlardan çox şeylər öyrənmişik. İndiki gənclik də onlardan öyrənsələr, böyük fayda əldə edərlər».

   Rəssam Asif Azərelli də sərgilənən əsərlərin indiki yaradıcı nəsil üçün bir imtahan, bir nümunə olduğunu diqqətə çatdırdı.

   Sonra sərgiyə baxış keçirildi. Sərgilənən əsərlər sırasında Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova və digər tanınmış rəssamların əsərləri var. Sərgi noyabrın 28-dək davam edəcək.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2011.- 23 noyabr.- S. 2.