Musiqidə
yaşanan ömür:
Ələkbər
bəy Nəzərli
Məşhur qarmon
ifaçısı Ələkbər bəy Nəzərli
musiqi sənətimizin ustad sənətkarlardan biri olub. Əslən
Xızıdandır, 1882-ci ildə Bakıda anadan olub. Əlli
ildən çox sehrli qarmonu ilə musiqisevərlərin
ruhunu, zövqünü oxşayıb. Görkəmli
musiqiçilərimiz Cabbar Qaryağdıoğlu, Üzeyir
Hacıbəyli, Bülbül və başqaları Ələkbər
bəy Nəzərlinin sənətkarlığını
yüksək qiymətləndiriblər. Üzeyir bəy onu
"Koroğlu" operasının premyerasını
müşayiət edən musiqiçilər heyətinə
daxil edib.
Musiqiçinin qızı
Gülsüm xanım atasının
yaradıcılığı, dostları, görkəmli sənətkarların
iştirakı ilə evlərində keçirilən müxtəlif
məclislər barədə qələmə
aldığı xatirələrdə maraqlı məqamlara
toxunub: "Evimizdə tez-tez məşhur sənət
adamlarının iştirakı ilə mərasimlər olurdu.
Atam Qarabağın muğam ifaçılarını,
musiqiçilərini çox sevirdi. Üzeyir bəy, Cabbar
Qaryağdıoğlu, Bülbül tez-tez evimizdə olurdu.
Atam Cəfər Cabbarlı, Abdulla Şahbazov (Tağı
Şahbazinin qardaşı), Şəmsəddin Abbasovla dostluq
edirdi. Opera teatrında işinin çox olmasına baxmayaraq,
şagirdlər yetişdirirdi. Onun ən görkəmli yetirməsi
məşhur qarmon ustası Teyyub Dəmirov olub. Atam onu
özü ilə konsertlərə, qastrollara da aparardı...
Dağlı məhəlləsində
böyük evimiz və həyətimiz vardı. Atam burada
yüzlərlə bar verən ağac yetişdirmişdi. Sənət
adamlarının "Abşeronun İsa bulağı"
adlandırdığı məkan o zaman Azərbaycana rəhbərlik
edən Mircəfər Bağırovun da diqqətini çəkir.
1936-cı ildən evimizin daimi qonağı idi. O, general Əliağa
Şıxlinski ilə bu həyətdə bir neçə dəfə
olub. Atam həyətdə "Musiqi muzeyi"
yaratmışdı. Orada Üzeyir Hacıbəyli, Cəfər
Cabbarlı, Qurban Pirimov, Cabbar Qaryağdıoğlu,
Bülbül, Bəhram Mənsurovla bağlı
çoxsaylı tarixi sənədlər toplanmışdı.
"Koroğlu", "Əsli və Kərəm",
"Aşıq Qərib" və digər operaların
proqram və afişaları, qəzet məqalələri,
fotoşəkillər, rəsm əsərləri, dövlət
tərəfindən verilmiş təltifnamələr və
digər sənədlər də həmin muzeydə
saxlanılırdı...”
Qeyd edək ki, bu, nəsil mədəniyyət
tariximizə bir neçə tanınmış sima bəxş
edib. Onun Üzeyir bəyin orkestrində nəfəs alətlərinin
məşhur ifaçısı kimi tanınan qardaşı
Mehdi Nəzərli (1892-1952), digər qardaşı
Sankt-Peterburqda təhsil almış məşhur rəssam Nəcəf
Rasim Nəzərli (1890-1929) olub. 1937-ci il aprel ayının
30-da "Koroğlu" operasının premyerasında
orkestrin heyətində çıxış edən sənətkarlar
arasında Nəzərlilərdən də iki nəfər
olub. Bu heç də təsadüf olmayıb. Çünki
Üzeyir bəy musiqi sərrafı idi, musiqiçiləri
böyük ustalıqla seçirdi.
Ələkbər bəy Nəzərli
1951-ci ildə dünyasını dəyişib.
Xalqımızın vətənini, elini təmənnasız
sevən və ona rəğbətlə yanaşan
övladları həmişə olub. Ələkbər bəy
Nəzərli də məhz belə övladlardan biri idi.
Savalan
Fərəcov
Mədəniyyət.-
2011.-25 noyabr.- S. 14.