Səs adlı abidə

 

    Vəfatından 30 ildən artıq vaxt ötsə də, əfsanəvi diktor olması barədə kövrək xatirələr, xoş sözlər hələ də dillərdə dolaşmaqdadır. Kazım Ziya məktəbinin ləyaqətli yetirməsi və məharətli davamçısı olan Aydın Qaradağlının natiqlik ustalığı, nitq mədəniyyəti diktorluq peşəsini incəsənətin zirvəsinə yüksəltdi. Aydının səsi eşidiləndə insanlar ayaq saxlar, bir anlıq da olsa bu səsin cazibəsinə qoşulub əlçatmaz, ünyetməz yerlərə qanad açmaq istərdilər. Onun üzünü görməyənlər belə səsini sevər, səsini əzizləyərdilər. Əslində Aydın Qaradağlı elə sağlığında səs adlı bir abidəyə çevrilmişdi.

  

   Göy üzünün buludlarından, dağların qarlı zirvələrindən, meşələrin zümrüd rəngindən, çiçəklərin ətrindən, lap qədimlərdə yaşamış babalarımızın əzəmət dolu harayından, çox uzaq keçmişimizin pak, südəmər çağlarından bal şirinliyi, bayatı, qəzəl cazibəsi, təmizlik almış bir Səs var idi bu dünyada. Hamıya doğma, hamıya əziz olan Səs! Bu qeyri-adi Səsin sahibi Aydın Qaradağlı idi.

   Azərbaycanda diktorluq məktəbinin yaradıcılarından, bu sənətin birincilərindən olmuş Aydın Qaradağlı məhz səsi ilə sevilmiş, bu səsə görə də əbədi yaşamaq hüququ qazanmışdı. O səsin istiliyi çox adamın ürəyində həkk olub, Aydının xatirəsini, sevgisini elə möhkəm saxlayıb ki, ölümündən keçən uzun illər də bu şəxsiyyəti unutdura bilməyib.

   O, 1929-cu ildə Qubada doğulmuşdu. Hələ səsinin hansı möcüzəyə sahib olduğundan xəbəri yox idi. Bu səbəbdən də orta təhsilini başa çatdıran kimi gəmiçilik məktəbində oxudu. Amma ara-sıra yoldaşları üçün oxuduğu şeirlər, danışıq qabiliyyəti onu çoxundan fərqləndirirdi. II Dünya müharibəsi təzə başa çatmışdı. Azərbaycan radiosuna natiqlik qabiliyyəti və gözəl diksiyası ilə seçilən diktorlar lazım idi. Elə bu tələbatın nəticəsi olaraq dövlət radiosuna diktor vəzifəsinə işə qəbul ediləndə Aydının cəmi 17 yaşı vardı. Gəmiçi olmaq istəyirdi. Amma səsinin avarları onu qeyri-adi bir sənətin ümmanına çəkdi. İşləyə-işləyə əvvəl teatr məktəbində aktyor təhsili aldı, sonra Azərbaycan Dövlət Teatr İnstitutunda oxudu. Səsi ona ağlagəlməz bir şöhrət və sevgi gətirdi. Azərbaycan diktorları arasında ilk dəfə olaraq Əməkdar artist adına layiq görüldü. O, adi diktor da deyildi. Uzun müddət dövlət radiosunda baş rejissor, proqram baş redaksiyasında baş redaktor vəzifəsində çalışan Aydın Qaradağlı çoxcəhətli yaradıcılığa malik istedadlı sənətkar idi.

   Onun səslə başlayan mənalı və maraqlı həyatının canlı ömrü 33 il çəkib. Sevimli balalarına - xeyir işlərini belə görmədiyi könül paralarına, sevimli dinləyicilərinə, sənət dostlarına deməyə macal tapmadığı «əlvida» kəlməsi çox səssiz ahənglə onun fiziki yoxluğunun xiffətini gətirdi, mənəvi yaşamının əbədiliyini imzaladı. Onu Azərbaycan deyilən bir məmləkətdə, ana dilimizdə danışılan hər yerdə - radio dalğalarımızın yayımlandığı bütün məkanlarda çox gözəl tanıyırdılar. Aydına bu şöhrəti gətirən onun əfsunlu səsi, nitq qabiliyyəti, dinləyicini özünə çəkməyi bacarmaq istedadı idi.

   Üzünü heç görməmişdik. Biz onu səsindən tanıyırdıq. İfasında səslənən şeir, hansısa bir mətn çevrilib bir həyat olardı. Bu səsin ahəngindən gözlərimiz qarşısında qəribə mənzərələr açılırdı, ürəyimiz titrəyirdi. Azərbaycan dilinin şirinliyi, gözəlliyi qartal kimi dağlara, zirvələrə, bir sözlə ucalıqlara qanad gərirdi.

   Aydının diksiyası bambaşqa idi. Elə bil Tanrı Səs adlı möcüzəni varlığa döndərib canlı yaratmasını ancaq və ancaq Aydın Qaradağlının simasında əks etdirmişdi. Aydından öncə də, ondan sonra da Azərbaycan radiosunun çox ustad diktorları olub. Soltan Nəcəfov, Fatma Cabbarova, Ramiz Mustafayev, Züleyxa Hacıyeva, Sabutay Quliyev... Bu şəxslərin də Azərbaycan diktorluq sənətinin təşəkkülündə xidmətləri var. Amma etiraf edək ki, bu sırada birincilərdən olan Aydın Qaradağlı ulduzları sayrışan əngin səmada Ay kimi yeganə idi. Onun yeri həmişə görünməkdədir. Oxuduğu materialların demək olar ki, əksəriyyəti Azərbaycan radiosunun «Qızıl fond»unda qiymətli inci kimi saxlanılır.

   Aydın Qaradağlının səsinin vurğunu olanlar çox idi. Ona el arasında «Azərbaycanın Levitanı» deyirdilər. Xalq şairi Səməd Vurğun isə Aydın Qaradağlını «qızıl səsli sənətkar» adlandırmışdı. Böyük şair həmişə şeir və poemalarını ancaq Aydın Qaradağlıya həvalə edirdi. Radioda işlədiyi illər ərzində müxtəlif yazıçı və şairlərin əsərləri əsasında tərtib olunmuş verilişlərin rejissoru məhz Aydın Qaradağlı olub. Onun səsi tamaşaçını, dinləyicini istər-istəməz oxucuya çevirirdi. Özü ədəbiyyat vurğunu idi. Poeziyanı çox sevirdi. Ona qulaq asanlar da Aydının bu sevgisini təzələyirdi.

   Xalq şairi Məmməd Araz deyərdi ki, Aydının səsində Vətən havası, torpaq ətri var. Bizi ilk dəfə sözə yox, səsə diqqət kəsdirən məhz Aydın Qaradağlı olub. Onun səsində nə sirr var idisə, eşidəndə adamın ruhu təzələnirdi, dünya öz rəngini sanki dəyişirdi.

   Aydın Qaradağlı oxuduğu mətnə məsuliyyətlə yanaşan, hətta tanış olmadığı materialın ilk cümləsindən onun səsləndirmə tonunu təyin etməyi, dinləyicilərə necə çatdırmağı sövqi-təbii duyan bir sənətkar idi. O, adi diktor deyildi, əsl söz xiridarı, daha dəqiq desək, bədii qiraət ustası idi. Bəlkə də buna görədir ki, Aydın Qaradağlının ifasında eşidilən şeirləri sonralar başqa nəfəsdə də dinlədik. Amma o dadı, o effekti ala bilmədik. Aydının səsində nə cazibə var idisə, onu dinləməkdən, eşitməkdən doymaq olmurdu. İndi də hərdən səsini yadigar saxlamış lent yazılarına qulaq asanda adamın ovqatı dəyişir. Mütləq ötənlərə boylanır, gələcək haqqında düşünürsən. C.Cabbarlının məşhur «Ana» şeirini Aydın necə təsirli söyləyərdi. O fəryadlar adamın iliyinə qədər işləyərdi. Unutmadığım bir məqam gözlərimdən çəkilmir. Anam dünyasını dəyişmişdi. Bu qəfil itki mənim qəmə-kədərə hazır duyğularımı öz ağrısında qovururdu. Payızın nisgili əhvalıma qonmuşdu. Bir türk şərqisinin həzin sədası məni təskinliyə çağırırdı: «Gedənlər qayıtmır, qalanlar da bizim deyil». Birdən-birə qəribləşmişdim, birdən-birə yetimləşmişdim. Özümü ələ almağa nə qədər çətinlik çəkirdim. Eləcə şəhəri dolaşırdım. Hər şey öz adiliyində idi. Adamlar tələsirdilər, maşınlar şütüyürdülər. Aman Allah, bu, nə sakitlik idi? Mənim ürəyimdəki şivəndən bir kimsənin xəbəri yoxdumu? Yaşamaq gözümdən düşmüşdü. Radiodan Aydın Qaradağlının ürək parçalayan səsini eşitdim:

  

   Ana! Ana!.. O adın qarşısında bir qul tək,

   Həmişə səcdədə olmaq mənə fəxarətdir.

   Onun əli ilə bəla bəhrinə yuvarlansam,

   Yenə xəyal edərəm bəzmi istirahətdir.

  

   Aydın Qaradağlı Azərbaycan mədəniyyətində əslində bir məktəb yaradıb. Onun səsini dinləyib yolunu davam etdirənlər hələ də bu cazibədən çıxmayıblar. Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov bu unudulmaz insan barədə belə söyləyir: «Azərbaycanda gözəl səsli diktor çoxdur. Amma Aydın Qaradağlını həmkarlarından fərqləndirən əsas xüsusiyyəti onun səsə bədiilik verməsi idi. O, məlahətli səsinə ürəyin şirəsini qatırdı».

   Səslə dərs demək, səslə təsir göstərmək doğrudan da böyük qüdrətdir. Şair Tofiq Bayramın belə bir misrası var:

  

   Eşidim Aydının məğrur səsində,

   Sabah ölüm yoxdur Yer kürəsində.

  

   Məğrur səs! Çox gözəl tapıntıdır. Aydın Qaradağlı həqiqətən Azərbaycan diktorluq məktəbinin bir əfsanəsi idi. Maraqlıdır ki, bu unudulmaz insanın ömür-gün dostu da Azərbaycan radiosunun sayılıb-seçilən diktorlarından olub - C.Cabbarlının qardaşı qızı Gültəkin Cabbarlı. Radionun yaşlı dinləyiciləri yəqin ki, bu sözləri hələ də unutmayıblar: «Mətni oxudu Aydın Qaradağlı», «Verilişi aparırdı Gültəkin Cabbarlı». Hər iki diktor Əməkdar artist fəxri adına layiq görülmüşdü. Onların qoşa ömründən yadigar qalmış övladları - Xanım, Aygül, Vüqar valideynlərinin arzularını yerinə yetirərək bu gün çox ləyaqətlə Azərbaycan mədəniyyətinin inkişafında fəaliyyət göstərirlər. Cəmi 51 il ömür sürmüş Aydın Qaradağlı 1980-ci ildə dünyasını dəyişib. Böyük müğənnimiz Bülbülə məxsus qiymətli bir fikir var: «Öz dilində elə oxumalı ki, o dili başa düşməyənlər belə ləzzət alsınlar, sənin dilində oxumağı arzulasınlar».

   Aydın Qaradağlı ana dilimizi bax belə amalla, sevgi və ustalıqla təqdim və təbliğ edirdi. Sözü, kəlməni, misranı səsinin ahənginə bükərək onu elə məzmunda, əfsunlu libasda, xüsusi qüdrətlə çatdırırdı ki, sinəsindən gələn mehrə, məhəbbətə qatılmış avazına təkcə soydaşlarımız deyil, dilimizi bilməyənlər belə vurğun kəsilərmiş. Ona sadəcə qulaq asmaq mümkün olmazmış. Aydın ürəklərdə heyrətə dönərmiş. Mütləq də dodaqlarda qopan ifadələrdə bu kəlmələr də varmış: “Azərbaycan dili nə qədər şirindir».

   Aydın Qaradağlı Azərbaycan dilinin, ədəbiyyatının yorulmaz təbliğatçılarından, təşviqatçılarından idi. Təkcə şeirləri, hekayələri deyil, ən rəsmi mövzuları belə dinləyicilərə böyük məharətlə çatdırırdı. Onun səsinə laqeyd qalmaq mümkün deyildi. Doğrudan da haqlı deyirlər ki, Aydın Qaradağlının ürəyi səsində döyünürdü. Bu səbəbdən də qəlblərə yol tapırdı, könüllərə təsir edirdi, unudulmurdu. Səsi ilə insanları inandırırdı. Səsi ilə təqdim etdiyi hər hansı bir əsəri sevdirirdi. Səsi ilə yaşadırdı və yaşayırdı. Klassiklərimizin şeirləri, xüsusilə də Nizami, Füzuli, Natəvan, Cabbarlı, Şəhriyar, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arif və digərlərinin şeirləri bu unudulmaz bədii qiraət ustasının nəfəsində yeni ömrünü yaşadı.

   Haqqında xatirə söyləyənlər, onunla uzun müddət bir yerdə işləyənlər və nəhayət, vaxtilə onu sevə-sevə dinləyənlər etiraf edirlər ki, Aydın Qaradağlının səsi insanlarda gözəl duyğular, nəcib hisslər oyadırdı. Mənəvi dünya üçün zəruri olanlar sanki bu sənətkarın səsində cəm olmuşdu. Bu səadət və xoşbəxtlik çox az sənətkarlara qismət olub ki, onlar dünyasını dəyişəndən sonra yenə də unudulmurlar. Maraqlıdır ki, bu insanları hansısa bir maddi əşya, sənət əsəri, heykəl, roman, film deyil, yalnız Səs yaşadır. Aydın Qaradağlı Azərbaycan boyda məmləkətin sakinlərinin ürəyində Səs adlı bir abidə ucaltdı. O abidəyə həmişə sevgi və məhəbbətlə qəlbimizin bütün duyğularını ərməğan edirik.

   Aydın Qaradağlının böyük əziyyət və məhəbbətlə saldığı yolda sayılıb-seçilən bədii qiraət ustaları yenə də var. Əgər onların adını çəksək, gözlərimiz önündə gözəl bir çələng yaranar: Əminə Yusifqızı, Laləzar Mustafayeva, Ağalar Bayramov, Şəmistan Əlizamanlı, İlham Əsgərov, Nurəddin Mehdixanlı, Nadir Hüseynzadə və başqaları. Amma təəssüf ki, bir ürəkağrıdıcı məqamı da qeyd etməliyik. Diktorluq peşəsi aparıcılıqla dəyişik salınıb, efir və ekran məkanına ləhcə və şivələrlə dolu yeni bir danışıq tərzi daxil olub. Əksəriyyəti də ümumilikdə Azərbaycan dilinin ahəng qanununa qətiyyən əməl etmir. Bax, belə əsəbi vaxtlarda Aydın Qaradağlının lent yazıları səslənəndə ürəyimiz riqqətə gəlməsin, neyləsin?! Diktorluq, əslində bir peşədir. Ona yiyələnmək üçün gözəl və məlahətli səslə bərabər, aydın diksiyaya malik olmalı, ədəbi dildə səlis danışmalısan. Səslə birləşmiş söz insanın içinin ətridir. Ali təhsil sənə səs verməsə də, heç olmasa dilə düzgün münasibəti formalaşdırır, dünyagörüşünü artırır, ədəbi dildə danışmağı öyrədir. Bu mənada örnəklərdən nümunə götürmək çox gərəkdir. Bədii qiraət ustalarından birinin söylədiyi kimi: «Gərəkdir ki, həftədə bir dəfə Kazım Ziyanın, Aydın Qaradağlının, Soltan Nəcəfovun, Həsən Əblucun lent yazılarına qulaq asaq». Bu gün də yaşayıb yaradan peşəkar diktorlardan Rafiq Hüseynovdan, Roza Tağıyevadan, Eldost Bayramovdan öyrənməyə çalışaq. Onda haqq dünyasına qovuşan ustad sənətkarların ruhu da bizi bağışlar. Allah sənə rəhmət eləsin, Aydın Qaradağlı!

  

 

   Flora Xəlilzadə,

   yazıçı-publisist

 

   Mədəniyyət.- 2011.- 25 noyabr.- S. 13.