Əliağa
Kürçaylı adlı bir şair vardı...
Ömrünün sonunacan Əliağa
Kürçaylı işıq içində, poeziya
işığının içində üzdü.
Çağdaş Azərbaycan poeziyasında nə o bir kimsəyə
bənzədi, nə bir kimsə ona bənzədi. “Qu
quşunun nəğməsi” şeirində dediyi kimi:
Qu quşu nəğməni bir
ağız deyir,
Ömründə bir ağız...
Amma nəğmə ha.
“Ən xoşbəxt dəqiqələrimdə, ən sıxıntılı anlarımda da nədənsə birinci növbədə Kürü xatırlayıram”. 1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gələn Əliağa Kürçaylı sonralar belə yazırdı. Deyirlər, “müharibə uşaqları” vaxtından əvvəl böyüyür. Onun da uşaqlığı müharibə illərinə düşmüşdü. Əliağa əsl həyatla qarşılaşdığı gün ilk şeirini yazdı, ilk şeirindən özünə “Kürçaylı” təxəllüsü götürdü. Və elə ilk şeirindəncə diqqəti cəlb etdi. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.
Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylının həyat və sənət yolunu qəti müəyyənləşdirdi. O, arzularının dalınca böyük şəhərə üz tutdu. Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?
- Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:
Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim...
Səməd Vurğun - “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir.
Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir.
50-ci illərdə Əliağa Kürçaylı şair kimi tanınıb sevilir. “Arifin bağçası”, “Salam, gələcək illər”, “Gözəllik” adlı şeir kitabları çap olunur. O, təkcə istedadlı şair deyil, həm də dramaturq, publisist, tənqidçi kimi tanınır. “...Yesenin poeziyada etiraf nöqtəsidir” - deyən Əliağa Kürçaylı bədii tərcümə sahəsində uğurlu işləri ilə diqqəti cəlb edir. Sergey Yeseninin əsərlərini, Dantenin “İlahi” komediyasını ilhamla dilimizə çevirir.
“Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam”. Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardı. O kifayət qədər tanınır və sevilirdi.
Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar.
Canım qurban elimə,
Çəmənimə, çölümə;
Elsiz, günsüz bir ömür
Başsız küləkdi - dedim.
Çox yanırsan
dedilər,
Odlanırsan dedilər;
Vətən üçün alışan
Mən yox, ürəkdi - dedim.
Kürçaylının şeirləri öz
lirik tempinə, axarına və ritmik melodik xüsusiyyətlərinə görə
nəğmə janrına
yaxındır. Ona görə
də şeirləri mahnılara çevrilib qanadlanır. Üstündən
20-30 il keçməsinə
baxmayaraq “Yadıma sən düşürsən”,
“Belə ola həmişə”, “Heç
xəbərin yoxdu sənin”, “Səslə məni” mahnıları bu gün də
eyni sevgi, məhəbbətlə qarşılanır.
Dramaturq kimi Əliağa
Kürçaylının yaradıcılığı
əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. “İstədiyimi şeirlə
ifadə edə bilməyəndə, komediya,
yaxud pyes yazıram” - deyən Əliağa Kürçaylının
“Ləpələr”, “Nənəmin
şahlıq quşu”,
“Boşanaq, evlənərik”
və başqa pyesləri indi də teatrlarımızın
səhnəsində uğurla
tamaşaya qoyulur.
“Mənim
ən yaxşı şeirim budur. Onun gözləri məni həyat yollarında azmağa qoymaz”. Əliağa
Kürçaylı sevimli
qızı Ülkər
barədə belə deyirdi. Bilmirdi ki, dünyaya əlvida dediyi gün Ülkər atasını tək qoymayıb onunla uzun bir yola,
əbədiyyət yoluna
çıxacaq və
dünyanın ən kədərli dastanlarından
biri yaranacaq...
Bu nədir, saraldı, soldu şəfəqlər,
Dünyaya göz yumdu
ata da, qız
da.
Bu nədir, Ülkərsiz qaldı üfüqlər
Qaldı Kürçaylısız Kür çayımız
da.
Bu misralar o dəhşətli gün
- 1980-ci il fevralın 13-də Əliağa
Kürçaylının və
qızı Ülkərin
qoşa məzarı başında Nəbi Xəzrinin qəlbindən
süzülmüşdü.
Əliağa Kürçaylının ölüm xəbəri poeziyanı sevən, Kürçaylı sənətinə
bələd olan hər kəsi sarsıtmışdı. 52 yaşında dünyasını
dəyişən Kürçaylının
ölüm xəbərini
eşidən Xəlil
Rza Ulutürk belə demişdi: “Müasir şeirimizin ən uca və
barlı-bəhərli budaqlarından
biri sındı”.
Əliağa Kürçaylı müxtəlif illərdə
dövri mətbuatda və nəşriyyat sahəsində işləmiş,
“Yazıçı” nəşriyyatında
baş redaktor vəzifəsinə qədər
yüksəlmişdi.
70-ci illərdə
Kürçaylı yaradıcılığı
kamillik mərhələsinə
çatır. “Yollarda
axtar məni”, ”Həyatın dolayları”, ”Dünya ağuşumdadır”, ”Bütövlük”
kitabları işıq
üzü görür.
Nəşr olunan kitablarında “Durnalar cənuba uçur”, “Məhəbbət”, “Sən
kimsən”, “Sınaq”,
“Payız günləri”
- ümumilikdə 25 poeması
çap olunur.
Əliağa təpədən dırnağacan şair idi və şair
ömrü də yaşadı. O, sənətdə,
poeziyada şəxsiyyət
idi. Onun şəxsiyyəti ilə sənəti arasında heç bir ziddiyyət, təzad yox idi.
Yəqin ki, az adam bilir ki,
Nəsiminin anadan olmasının 600 illik yubileyi ərəfəsində
Xalq rəssamı Mikayıl Abdullayev dahi şairin portretini yaradarkən Əliağa Kürçaylının
üz cizgilərindən
yararlanıb. Əliağa Kürçaylı isə
“Nəsimi” adlı şeirini böyük sənətkara ithaf edib.
“Seçilmiş
əsərlər”inə müqəddimədə
Əliağa Kürçaylı
yazırdı: “Yaşasın
poeziya!” Şair, əsl şair
kimi Əliağa Kürçaylı bilirdi
ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək o da yaşayacaq.
Harda olsan gələrəm,
Təki sən səslə məni,
Darda olsan gələrəm,
Təki sən səslə
məni.
Dünyada bir Kür çayı vardı. İndi də var. Dünyada Əliağa Kürçaylı adlı bir şair vardı. Ölümündən illər keçməsinə baxmayaraq indi də var... Baxın, diqqətlə baxın, göydəki Aya, yerdəki Kür çayına, poeziyamızın budaqlarına və yarpaqlarına, bircə “Səslə məni” şeirini söyləyin. O, gələcək, mütləq gələcək...
Təranə Vahid
Mədəniyyət.-
2011.- 25 noyabr.- S. 12.