Zəngin
kitab aləmi
Prezident Kitabxanasından xoş təəssüratla
Bakının mərkəzində
yerləşən və ilk növbədə gözəl
memarlıq üslubu olan möhtəşəm binası ilə
diqqətçəkən bu kitabxana kitabsevərlərə, tələbələrə,
tədqiqatçı alimlər və mütəxəssislərə
yaxşı tanışdır. İçəri daxil olduqda
binadakı yüksək komfort, burada çalışmaq
üçün mükəmməl şərait, ən
müasir texniki təchizat və avadanlıq diqqət çəkir.
Bura Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin Prezident Kitabxanasıdır.
Oxucular kitabxananın elektron
variantından daha çox istifadə etdiklərindən burada
çox sakitlikdir, iş öz axarı ilə gedir. Biz də
bu sakitlikdən yararlanıb, kitabxananın tarixinə, bu
gününə səyahət etdik.
Əvvəlcə onu bildirək ki,
kitabxana 2003-cü ildə ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə Bakı şəhərinin
iki qocaman kitabxanasının - Mərkəzi şəhər
kitabxanasının (keçmiş Lenin adına kitabxana) və
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin
nəzdində olan kitabxananın (keçmiş Siyasi Maarif
Evinin kitabxanası) bazasında yaradılıb. Mərkəzin
əsas vəzifələrindən biri Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatının, mərkəzi
və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarına,
humanitar elm sahələrində çalışan tədqiqatçılara
kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməkdir.
Kitab və digər sənəd növləri üzrə
fondları formalaşdıraraq informasiya ehtiyatları yaratmaq,
onları mühafizə etmək, ənənəvi və
elektron kataloq-kartoteka, biblioqrafik vəsaitlər sistemini tətbiq
etmək kitabxananın fəaliyyətinin əsas istiqamətlərini
təşkil edir.
XVI-XIX əsrlərdə və XX əsrin
əvvəllərində nəşr olunmuş müxtəlif
dillərdə olan nadir ədəbiyyat nümunələri
saxlanıldığı fondda iqtisadiyyat, siyasət, dövlət
quruculuğu, hüquq, fəlsəfə, statistika, tarix, ədəbiyyatşünaslıq
və dilçiliyə aid ədəbiyyat üstünlük təşkil
edir. Kitabxananın dövri mətbuat fonduna respublikamızda və
digər ölkələrdə çap edilən 300 adda
jurnal, qəzet və digər dövri nəşrlər daxil
olur. Zamanla ayaqlaşan kitabxanada müasir informasiya texnologiyaların
tətbiqinə xüsusi önəm verilir. Burada lokal kompyuter
şəbəkəsi yaradılıb, internetə
çıxış təmin edilib. Hər bir internet istifadəçisi
kitabxananın elektron kataloqundan və digər elektron
resurslarından istifadə edə bilər. Xüsusi oxucu
qruplarına elektron poçt vasitəsilə də biblioqrafik
informasiya xidməti göstərilir. 2003-cü ildən etibarən
kitabxananın aldığı bütün kitablar haqqında
məlumatlar elektron kataloqa daxil edilir. 2004-cü ildən isə
fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli
materialların biblioqrafik təsvirləri elektron kataloqun tərkibindəki
ayrıca məlumat bazasında yerləşdirilir.
Kitabxananın hər bir zalını ayrıca gözdən
keçirdik. İncəsənət ədəbiyyatı
zalında 50 min nüsxədən artıq ədəbiyyat, not
və patefon valları toplanıb. Burada həmçinin rəssamlıq,
musiqi və teatr tarixinə aid nadir kitablar da saxlanılır.
İncəsənət ədəbiyyatı zalı maraqlı
görünüşü ilə də insanı cəlb edir.
Şərq memarlığı
üslubunda bərpa olunan zal elektron vasitələrlə də
tam təchiz edilib. Elektron resurslar zalında isə oxucular
kitabxanada yaradılmış bütün elektron resurslardan
istifadə edə bilərlər. Zalda oxuculara məlumat-biblioqrafiya
xidməti ilə yanaşı, müxtəlif texniki xidmətlər
də göstərilir.
Kitabxananın Nadir ədəbiyyat
zalı (fondu) da çox maraqlıdır. Burada rus, ingilis,
alman, fransız, polyak, italyan, eston və s. dillərdə zəngin
ədəbi nümunələr toplanıb. Fondda qotika
şrifti ilə çap olunmuş qədim alman kitablar toplusu,
«Kral Musiqi Akademiyasının təqdimatında Böyük
Opera toplusu», Baron de Bayın «Tatarlara: Dərbənddən
Yelizavetpola», «Mirzə Şəfinin nəğmələri» və
s. nadir kitab nüsxələri saxlanılır. Zallardan əlavə
kitabxanada şöbələr, bölmələr də fəaliyyət
göstərir.
Kitabxanada bu günə qədər
zəngin elektron toplular hazırlanıb. «XX əsrin faciəsi
- Xocalı soyqırımı» adlı layihədə faciə
ilə bağlı müxtəlif məlumatlar, «Xocalıya ədalət»
kampaniyası, Xocalı faciəsinin saytlarda əks olunması
və s. materiallar yer alıb. «Heydər Əliyev. Elektron sənədlər
toplusu», «Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət
fəaliyyəti», «Naxçıvan Muxtar Respublikası», «Təcavüz.
20 Yanvar.
Bakı
1990» və digər toplular da fakt
və materiallarla zəngindir.
«Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin nitqləri, çıxışları,
müsahibələri, bəyanatları»,
«Xoşməramlı səfir»,
«Əsrin müqaviləsi
- 15 il», «Azərbaycan diasporu», «Dağlıq Qarabağ müharibəsi»,
«Azərbaycanlıların soyqırımı
və deportasiyası»
haqqında ətraflı
məlumatlarla isə
“Elektron resurslar”da tanış olmaq mümkündür.
Kitabxananın konfrans zalında
isə müxtəlif
tədbirlər - kitab
təqdimatları, mətbuat
konfransları, sərgilər,
ədəbi-bədii görüşlər,
oxucu konfransları keçirilir. Bu zal media mənsublarına da yaxşı tanışdır.
Yeri gəlmişkən, noyabrın
15-dən 19-dək Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə Prezident Kitabxanasında respublikanın
şəhər, rayon mərkəzləşdirilmiş
kitabxana sistemlərinin
mütəxəssisləri üçün “Kitabxanaların
elektron resurslarının
idarə olunması və milli resursların
İnternet məkanına
çıxarılması” mövzusunda treninq-kurs keçirilib. Treninq iştirakçılarına «Azərbaycan
Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət Proqramı»na uyğun olaraq respublika kitabxanalarının dünya
informasiya məkanına
inteqrasiyası işini
sürətləndirmək məqsədilə onlarda müasir tələblərə
cavab verən kataloq, elektron resurs və veb saytın təşkili, internetə
çıxış və
s. mövzularda təlimlər
keçirilib. Həmçinin qabaqcıl təcrübə
nümunələri təhlil
edilərək, kitabxana-informasiya
xidmətinin müxtəlif
aspektləri üzrə
müzakirələr aparılıb.
Treninqin sonunda iştirakçılara
sertifikatlar təqdim olunub.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 25 noyabr.- S. 11.