Argentina
Milli Kitabxanasında Azərbaycanla bağlı
fond yaradılıb
Noyabrın 21-də Argentinanın paytaxtı Buenos-Ayresdə
Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının
20-ci ildönümünün qeyd edilməsi çərçivəsində tədbirlər həftəsi
başlayıb. Azərbaycandan millət vəkillərinin
də iştirak etdiyi ilk tədbir Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı
nəşrlərdən ibarət
fondun təqdimat mərasimi olub.
Tədbirdə
çıxış edən
ölkəmizin Argentinadakı
səfiri Məmməd
Əhmədzadə Latın
Amerikasının aparıcı
elmi, intellektual və mədəni mərkəzlərindən birində
Azərbaycanla bağlı
nəşrlərdən ibarət
fondun yaradılmasını
yüksək qiymətləndirib,
fondun daha da zənginləşdirilməsinə
səfirliyin daimi dəstək verəcəyini
deyib. Diplomat səfirlik
tərəfindən Argentina Milli Kitabxanasına hədiyyə olunan ölkəmiz haqqında
100-dən artıq kitab,
jurnal və materiallardan ibarət nəşrlərin siyahısını
və Heydər Əliyev Fondunun hazırladığı “Azərbaycan”
kitabını Argentina Milli
Kitabxanasının prezidenti
Horasio Qonzalesə təqdim edib.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən
millət vəkili Asim Mollazadə respublikamızın tarixən
müxtəlif sivilizasiyaların
qovşağında yerləşən
çoxmədəniyyətli bir ölkə olduğunu vurğulayıb.
Millət vəkili Azərbaycanın
qədim və zəngin tarixi-mədəni
irsindən danışaraq
bu gün də ölkəmizin sivilizasiyalararası dialoqa,
habelə Xəzər
bölgəsi ilə Avropa arasında əməkdaşlığa verdiyi
töhfələrdən bəhs
edib.
Tədbirdə Azərbaycanla bağlı
yaradılan fonddakı
nəşrlərin, ölkəmizin
görməli yerlərinin
fotosərgisi nümayiş
olunub, qonaqlara milli mətbəximizin nümunələri təqdim
olunub.
Həmidə
Mədəniyyət.- 2011.- 25 noyabr.-
S. 11.