Dünya Turizm Təşkilatı
ilə əməkdaşlıq Turizm İnstitutuna üstünlüklər verəcək
Eldar Aslanov: «2016-cı ilə qədər TEDQUAL
sertifikatını almağı hədəf
götürmüşük»
Dünya Turizm Təşkilatının baş katibi Taleb
Rifainin bu günlərdə Bakıya gerçəkləşdirdiyi
səfər çərçivəsində Azərbaycan
Turizm İnstitutu ilə qurum arasında əməkdaşlıqla
bağlı yeni anlaşmalar əldə edilib.
Bu barədə qəzetimizə məlumat
verən ATİ-nin prorektoru Eldar Aslanov institutun Dünya Turizm Təşkilatının
assosiativ üzvü kimi qurumun tədbirlərində
iştirak etmək hüququ olduğunu dedi: “Taleb Rifai
Bakıya səfəri zamanı institutumuzda oldu.
Görüş əsnasında o, ATİ-nin rektoru Cəfər
Cəfərovu DTT-nin baş qərargahına dəvət etdi.
Hazırda institutda bununla bağlı işçi qrup
yaradılıb, DTT ilə mümkün əməkdaşlıq
istiqamətləri ilə bağlı təkliflər
hazırlanır».
Prorektorun sözlərinə
görə, bu istiqamətlərdən biri DTT və Turizm
İnstitutu mütəxəssislərinin Cənubi Qafqaz, Mərkəzi
Asiya, keçmiş sovet ölkələri, türkdilli
respublikalar və qonşu ölkələrin turizm imkanları
barədə birgə tədqiqat aparmaqdır: «ATİ-nin Tədqiqat
və İnkişaf Mərkəzinin bu yöndə artıq
müəyyən təcrübəsi var. Tədqiqatlarımızın
üstünlüyü ondadır ki, biz bilavasitə bazarı
araşdırıb, orada hansı dəyişiklik və
yeniliklər tətbiq etməyin lazım olduğunu müəyyənləşdiririk
ki, orada daha çox uğurlar əldə edilsin. Ona görə
də DTT-nin baş katibi təklif etdi ki, qurum ilə ATİ
arasında bu istiqamətdə əməkdaşlıq
qurulsun”.
Turizm İnstitutunun Dünya Turizm Təşkilatı
ilə əməkdaşlığının ikinci istiqaməti
treninqlərdir. Prorektor bildirdi ki, DTT-nin həm mərkəzi qərargahında,
həm regional ofislərində müxtəlif treninqlər
keçirilir: “Turizm İnstitutunun da əlaqədə
olduğu müxtəlif təşkilatlar var. Məsələn,
Azərbaycan Turizm Assosiasiyası, «Skal Baku İnternational» və
s. DTT ilə əməkdaşlıq sayəsində həm bu
qurumların, həm də ayrı-ayrı turizm şirkətlərinin
DTT-nin təşkil etdiyi treninqlərdə iştirakı təmin
olunacaq. Belə treninqlər hər ay dünyanın müxtəlif
ölkələrində keçirilir”.
Üçüncü istiqamət
isə təcrübə proqramlarıdır. DTT-nin mərkəzi
qərargahında ATİ-nin əməkdaşlarının və
tələbələrinin təcrübə keçməsi ilə
bağlı ilkin razılıq əldə edilib.
Prorektor DTT ilə yaxından əməkdaşlığın
Turizm İnstitutuna verəcəyi üstünlüklərdən
də danışdı: «Bu üç istiqamətdə əməkdaşlıq
səviyyəsində bizim konkret hədəflərimiz var. Bu
bizim strateji planımızda da əksini tapıb. Biz 2016-cı
ilə qədər ATİ-nin TEDQUAL sertifikatını
almasını hədəf götürmüşük. TEDQUAL
sertifikatı turizm təhsili sahəsində beynəlxalq təhsil
sənədidir. Dünyanın 20-yə yaxın turizm təhsili
verən universiteti bu sənədi alıb. MDB məkanında
TEDQUAL sertifikatını alan ali məktəb yoxdur. Biz bununla
bağlı proseslərə hələ 2008-ci ildən
başlamışıq. Digər tərəfdən isə
Turizm İnstitutu olaraq nəinki Azərbaycanın, Qafqaz və
Mərkəzi Asiya bölgəsində Dünya Turizm Təşkilatının
treninq mərkəzi olmaq mandatını əldə etmək
istəyirik. Belə bir təcrübə var. DTT
dünyanın bir neçə ölkəsində universitetləri
özünün regional təlim bazası elan edib. Bu nə
üçün lazımdır? Əvvəla, bu bizə beynəlxalq
status verəcək. Eyni zamanda isə regionda turizm sahəsində
keçiriləcək beynəlxalq seminarlar, konfranslar, treninqlər
ATİ-də mərkəzləşmiş şəkildə təşkil
olunacaq».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2011.- 25 noyabr.-
S. 9.