“Sənətkarlıq paytaxtı”nda bir gün

 

   İsmayıllı şəhərinə infotur zəngin təəssüratla yadda qaldı

  

   Noyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İsmayıllı şəhərinə infotur təşkil olundu. “Turizm ili” çərçivəsində və Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən İsmayıllı şəhərinin 2011-ci il üzrə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunması ilə əlaqədar təşkil olunan infoturda Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

  

   Bakıdan İsmayıllıya səhər saatlarında yola düşdük. Səfər proqramı ilə tanışlıq infoturun yaddaqalan olacağından xəbər verirdi...

   “Sənətkarlıq paytaxtı”nda ilk dayanacağımız Heydər Əliyev Mərkəzi oldu. Maraqlı memarlıq layihəsi əsasında inşa edilən mərkəz 2009-cu ilin oktyabrından fəaliyyət göstərir. Burada yaradılan şərait yeniyetmə və gənclərin vaxtlarını səmərəli keçirməsinə imkan verir.

   Mərkəzdə Heydər Əliyev irsini araşdırma mərkəzi, rəsm, şahmat, bacarıqlı əllər, aviamodel dərnəkləri, habelə elektron kitabxana fəaliyyət göstərir. Mərkəzin nəzdində fəaliyyət göstərən kompyuter kurslarını bitirən şagirdlərə xüsusi sertifikatlar təqdim olunur.

  

   İnfrastruktur layihələri sənətkarlığın da inkişafına zəmin yaradır

  

   Heydər Əliyev Mərkəzində jurnalistlər üçün brifinq keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev infoturun məqsədi barədə danışdı. Qeyd etdi ki, 2011-ci il üzrə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunan İsmayıllıda il ərzində bir sıra tədbirlər keçirilib: “Həyata keçirilən tədbirlər, görülən işlərlə yaxından tanış olmaq və ictimaiyyəti məlumatlandırmaq məqsədilə media nümayəndələri üçün belə bir infotur təşkil olunub”.

   Media mənsublarını İsmayıllıda görməkdən məmnunluğunu ifadə edən rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxışında qeyd etdi ki, ölkə rəhbərliyi tərəfindən turizm potensiallı rayonlara xüsusi diqqət göstərilir: “Bunun nəticəsidir ki, İsmayıllı rayonu son illərdə daha da gözəlləşib, abadlaşıb. Rayonun “Sənətkarlıq paytaxtı” elan olunması ilə bağlı müxtəlif tədbirlər keçirilib. Bölgəyə gələn turistlərin sayı isə ildən-ilə artır”.

   N.Ələkbərov bildirdi ki, İsmayıllının təbiəti müxtəlifliyi ilə seçilir. Bölgə turistlərin böyük maraq göstərdiyi məkanlardandır. Relyefi mürəkkəb olan rayonun etnik tərkibi də zəngindir. Rayonda azərbaycanlı əhali ilə yanaşı, ləzgilər, tatlar, hapıtlar, ruslar da yaşayırlar. Etnik qrupların adət-ənənələri, mədəniyyəti yaşadılır, inkişaf etdirilir. Bütün bunlar turistlər üçün maraqlıdır.

   İsmayıllının qədim yaşayış və sənətkarlıq mərkəzləri olan Lahıc və Basqal kəndləri turistlərin böyük maraq göstərdiyi məkanlardır. İcra başçısı bildirdi ki, Lahıcın tarixi-memarlıq görkəminin qorunub saxlanması üçün bir sıra bərpa işləri həyata keçirilib. Kəndin tarixi memarlıq quruluşuna aid olmayan tikililəri dəyişdirilib, yolu abadlaşdırılır.

   N.Ələkbərovun sözlərinə görə, rayonun turizm imkanlarını genişləndirmək üçün istirahət mərkəzlərinin, hotellərin tikintisinə xüsusi diqqət verilir. Hazırda İsmayıllı şəhərində 10 mərtəbəli yeni hotel tikilir.

   İcra Hakimiyyətinin başçısı bildirdi ki, rayonda sənətkarlıq sahələrinin inkişafı üçün məqsədyönlü işlər görülür. Həyata keçirilən infrastruktur layihələri də sənətkarlığın inkişafına zəmin yaradır: “Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə sənətkarların əl işləri müxtəlif sərgilərdə təbliğ olunur, yerli sənətkarlar ictimaiyyətə tanıdılır. Bu yaxınlarda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenirlərin və xatirə əşyalarının istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılıb. Mən sahibkarları bu işdə fəal iştiraka dəvət edirəm”.

   

   “Yapon bağı”... eradan əvvələ aid kərə yağı... aşıq musiqisi...

  

   Sonra infotur iştirakçıları Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı ilə tanış oldular. 2009-cu ildə istifadəyə verilən parkda 1500 kvadratmetr sahədə salınan “Yapon bağı” xüsusilə diqqəti cəlb edir. Bağ Yaponiya səfirliyinin dəstəyi ilə salınıb. Mədəniyyət əlaqələrinin və digər qarşılıqlı əlaqələrin genişləndirilməsi nəticəsində yaxın vaxtlarda İsmayıllı ilə Yaponiyanın İto şəhəri qardaşlaşmış şəhərlər elan olunacaq.

   Daha sonra media nümayəndələri rayon Mədəniyyət evində aşıqların iştirakı ilə konsert proqramına baxdılar. “Şirvan” aşıq kollektivinin, yeniyetmə aşıqların ifa etdikləri musiqilər maraqla qarşılandı.

   Tarix-Diyarşünaslıq Muzeyində isə rayonun qədim tarixi barədə ətraflı məlumat aldıq. 1981-ci ildən fəaliyyət göstərən muzeydə 2700-dən artıq eksponat nümayiş olunur. Muzeyin direktoru İkram İsmayılov eksponatların əksəriyyətinin eradan əvvəlki dövrləri əhatə etdiyini dedi. Eksponatların bir çoxu İsmayıllı rayonu ərazisində aparılmış arxeoloji qazıntılar və təsadüfi qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələridir. Onların arasında eramızdan əvvəl III-II əsrlərə aid kərə yağı, qədim bəzək əşyaları, XIX əsrə aid kəlağayılar iştirakçıların marağına səbəb oldu.

  

   Qədim sənət növlərinin inkişafı üçün dərnəklər yaradılıb

  

   Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov İsmayıllının “Sənətkarlıq paytaxtı” elan olunması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açdı. Qeyd etdi ki, Mədəniyyət və Turizm Nazirliyi klub və mədəniyyət evlərinin mərkəzləşməsi və profilləşməsini nəzərdə tutan layihə həyata keçirir. Pilot layihə üçün Lənkəran və İsmayıllı rayonları seçilib: “Layihə çərçivəsində İsmayıllının klub və mədəniyyət evlərinin mərkəzləşməsi və profilləşməsi nəzərdə tutulur. Bununla bağlı yaradılan Xalq Yaradıcılığı Klubunda rayon ərazisində olan sənətkarlıq nümunələrini toplamışıq. Sənətkarları bura cəlb etmişik, dərnəklər yaratmışıq. Onlar öz əl işlərini burada nümayiş etdirirlər. Hazırda burada misgərlik, papaqçılıq, xalçaçılıq dərnəkləri var. Digər sənət növlərini əhatə edən dərnəklərin, sənətkarlıq klublarının də yaradılmasını planlaşdırırıq. Tarixən Lahıcda 40-dan çox sənət növü olub. Bu gün onlardan 8-10-u yaşayır. Biz unudulmuş sənət növlərini bərpa etmək istəyirik” .

   Xalq Yaradıcılığı Klubunda olarkən “Lahıc” folklor kollektivinin ifasında maraqlı musiqi nömrələrini dinlədik. Öyrəndik ki, İsmayıllıya gələn qonaqlar bu və ya digər səbəbdən Lahıca, Basqala gedə bilmədikdə bu klubda sənətkarlıq nümunələri ilə, xalçaların toxunması, mis qabların hazırlanması prosesi ilə yaxından tanış ola bilərlər.

   Misgər Nəzər Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsindəndir. Atası, babası bu sənətlə məşğul olublar. İxtisasca müəllimdir, qədim sənət növü ilə məşğul olmasından qürur duyduğunu deyir: “Mən 5-6 yaşımdan atamın yanında bu sənəti öyrənirdim. Bu yaxınlarda Avstriyada keçirilən “Azərbaycan: Nar məkanı” adlı bayram tədbirində mən də iştirak etdim. Görürəm ki, son dövrlərdə xalq tətbiqi sənət növlərinə maraq artıb, təbliğat işi genişlənib. İndi qardaşlarım da misgərliklə məşğul olur. Fəxr edirəm ki, Azərbaycanın qədim sənətini yaşadır, təbliğ edirik”.

  

   Kəlağayının sirri

  

   İvanovka kəndinə səfər də maraqlı anlarla yadda qaldı. Media mənsubları kənd mədəniyyət evində “İvanovka” xalq kollektivinin ifasında maraqlı musiqi nömrələrini izlədilər, qrup üzvləri ilə birlikdə rəqs etdilər. İvanovka kəndində malakan rusları XIX əsrdə məskunlaşıb. Hazırda respublikamızda yeganə kolxoz təsərrüfatı bu kənddə fəaliyyət göstərir.

   İnfoturun son dayanacağı Basqal Tarix Mədəniyyət Qoruğu idi. Burada keçirilən bir neçə saat olduqca yaddaqalan oldu.Kəlağayıİpək Muzeyində olarkən kəlağayının hazırlanması prosesi ilə tanış olduq. Muzeyin direktoru Rəna İbrahimbəyova Azərbaycanda ipəkçiliyin qədim tarixindən söz açaraq bildirdi ki, bu sənətin inkişaf etdiyi bölgələrdən biri Basqal qəsəbəsidir. Burada hazırlanan kəlağayılar tarixən geniş şöhrət qazanıb: “Kəlayağıda hər rəngin, hər detalın xüsusi mənası var. Kəlağayı sənətinin öz tələbləri var. Bu tələblər yerinə yetirilməyəndə artıq o, baş örtüyü sayılmır. O mütləq ipəkdən, kvadrat formasında, xüsusi ölçüdə olmalı, basmanaxış üsulu ilə bəzədilməlidir. Əsl kəlağayını tanımaq üçün isə onun üzükdən asanlıqla keçib-keçmədiyinə diqqət yetirmək lazımdır”.

   Kəlağayı hazırlama emalatxanasında təəssüratlarımız çox maraqlı oldu. Abbasəli Talıbov 40 ildir bu sənətlə məşğul olur. Onun sözlərinə görə, kəlağayı üzərində naxışlar da müəyyən məna daşıyır: “Kəlağayılarda günəş, dağ simvolları, karvan yolu, axirət, dünyanın müvəqqəti olması əks olunur. Sanki bütün dünya bu naxışlarda həkk olunub”.

   Beləcə qədim kəlayağı sənətinin sirləri ilə tanışlıqla İsmayıllıya infotur başa çatdı.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 25 noyabr.- S. 8.