Ümumbəşər
fitrətli, dünya şöhrətli
Fikrət
“Bu
cavan Amerika salonu qocaman Şərq xəyalatına
dalmışdı...”
Bu
dünyanın nəğməsiz günləri, nəqaratsız
saatları, urvatsız dəqiqələri də
varmış. Mayasında heç bir xoş not, nuş ovqat
olmayan problemlərdən də xali deyilmiş bu aləm. Elə
onlardan bir-ikisi bu ayın iyirmi ikisinə çatdırıb
çap etdirəcəyim bu yazının yubanmasına səbəb
oldu. Sonra belə qərara gəldim ki, neynək, onun bu
dünyaya gəlişi gününə çatdıra bilmədiyim
materialı bu dünyadan gedişi tarixçəsinə -
fevralın iyirmisinə daha geniş, əhatəli
hazırlayaram. Ancaq, sən demə, mənə mane olub ruhdan
salan o minor səbəblərin vaxt-taxt qonşuluğunda məni
tamam dirçəldəsi bir major səbəb də
doğulmaqdaymış...
Dünyanın nəhəng musiqi sənəti
dəryasına qışov axarlı, lirik baxarlı
böyük bir çay bəxş etmiş Fikrət Əmirovun
olum gününün axşamı Az.TV-nin “Mədəniyyət”
kanalında “Azərbaycan kapriççiosu” gurlayırkən,
öz tank “uğunnu”sunu darısqal otağımızın
döşəməsi boyunca uğuldadan nəvəm
Qarabağ savaşına “hazırlıq fəaliyyəti”nə
ara verib, ekrana diqqət kəsildi. Anasına təbəssüm,
mənə - gah məlum, gah da məchul, atasına sual dolu
baxışlarla nəzər yetirib, yekə-yekə kişilənməyə,
əkə-əkə nəşələnməyə
başladı. Atası: “Hə, Atilla, kapriççio!” -
dedi, sonuncu yad, çətin kəlməni bir neçə kərə
təkrar etdi və efirdən eşitdiyi ecazkar taktların sədalarından,
atasının hiss-həyəcan dolu nidalarından vəcdə
gəlibən daşıb-köpürən uşaq o termini
belə ifadə etdi: “Köprüçço!”
Yaşı min illərlə
ölçülən bu qəlb sənətinin, könül
sərvətinin, iki yaşlı uşaq cismini də təlatümə
gətirən bu növbəti Azərbaycan tilsiminin körpənin
çaşlı dilində təsadüfən (?!) məhz bu
sayaq tələffüzü məni bütün
problem-varımdan yox elədi, “yazım-yazmayım” istixarələrimdən
isə var...
Məsələnin “giriş”i ki
belə başladı - böyük bəstəkarın
milyonlarla nəvə-nəticələrindən biriylə
ilgili belə alındı - gərəkdir ki,
sözün-söhbətin üzünü elə
sağlığındaykən ululaşmağa
başlamış ustadın - yeribehiştlik sənət
babamızın uşaqlıq çağlarına sarı
çevirməklə davam edək.
“Sevil”dəki
“Balama qurban alçalar - balam
haçan əl çalar, Balama qurban inəklər - balam nə
vaxt iməklər” kimi həyat-bayatı simfoniya Fikrət Əmirovun
bütün yaradıcılığının əzəl-ibtida
mübtədaları, proloq-epiloqları idi. Beləliklə,
böyük Cəfər Cabbarlının bütün gələcəkdə
də əl çalınası bu qələm qənimətlərinə
böyük Fikrət Əmirov partitura əbədiyyəti də
bəxş etdi. Hələ çox əmin bir gümanla bunu
da qeyd edim ki, Cəfər bu ecazkar xalq
yaradıcılığı portretinə Bakıda karandaş
çalarkən, Fikrət də bunları Gəncədə
yaddaş partiturasına alırmış.
Sonu çox böyük, qüdrətli
nəticələrə gedib çıxası bu əməllərin
təməli 1922-ci il noyabrın 22-də qoyulmuşdu.
Dövrünün məşhur sənətçilərindən
olan Məşədi Cəmilin adi evində, sadə ailəsində
baxışlarından od saçan, qırımından
qeyri-adilik yağan bir oğlanın doğulduğu gündən
başlamışdı. Orta məktəbdəki “istedadlı
dəcəllik”, fəhm-fərasət bioqrafiyası bir
ayrı söhbətin mövzusu olan bu oğlan 20
yaşında Gəncə Filarmoniyasının, 23-ündə
isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasının bədii rəhbəri kimi - “sinninə
natab, zehninə bab” vəzifələrə layiq
görülmüşdür. Camaat ali, bəzən də orta
vəzifələrə ali məktəb bitirəndən sonra
irəli çəkilirkən, Fikrət, əksinə -
Bakı Konservatoriyasında ali təhsilə belə vəzifələrdən
keçib getmişdi.
Sonralar “...bütöv bir
xalqdır!” epitetilə dəyərləndirəcəyi
Üzeyir Hacıbəylinin və Boris Zeydmanın siniflərində
dərs aldığı bu məktəbi 1948-ci ildə
bitirmiş tələbə Fikrət Əmirov o çağadək
artıq, əsl ustad nominasiyası ilə qiymətləndiriləsi
əsərlər bəstələmişdi.
Üç il (1956-1959) direktoru
olduğu Azərbaycan Dövlət Opera və Balet Teatrında
sənətin ali sirlərini də öyrənib-öyrədən
bəstəkar bundan sonra rəsmi işlərdən, sənəd
vəzifələrindən uzaqlaşıb, özünü
büsbütün bədii, sənət vəzifələrinə
həsr edir. Ucqar Bakısında doğma, “kəndçi”
notlarla əlləşən bu “periferik” gənc
dünyanın böyük mərkəzlərilə
vuruşa, nəhəng bəstəkarları ilə
yarışa, əlləri sehr çubuqlu azman dirijorları
ilə döyüşə hazırlaşırdı. Amerika,
Almaniya, Fransa, Rusiya kimi siyasət derjavalarında isə
Stokolovski, Abendrot, Müns, Rojdestvenski kimi sənət
bahadırları özlərini “Fikrət Əmirov
epoxası”na, “Əmirov zəlzələsi”nə, “Şur” təlatümü”nə,
“Kürd ovşarı” arxeologiyası”na, “Gülüstan
Bayatı-Şiraz” ekzotika-ekologiyası”na
hazırlayırdılar.
Adları qeyd olunan dahiyanə
simfonik-muğam triosu ilə bu janrın bünövrəsini
qoymuş dahi bəstəkar hələ vur-tut otuz bir
yaşında ikən yazdığı “Sevil” operası ilə
milli lirik-psixoloji opera və “Azərbaycan - konsert”
janrlarının banisi idi. 1953-cü ildə Opera və Balet
Teatrında tamaşaya qoyulan “Sevil” bütöv bir onilliyin
hadisəsi olmaqla bərabər, sonrakı dövrlərin də
dilindən düşməyən sənət nümunəsi
kimi qiymətləndirilməkdədir.
Ölməz sənətkarın həmin
əsərlərilə son iri işlərindən olan “Min bir
gecə”, “Nəsimi” baletləri məsafəsi arasında
yüzlərlə nümunələr var ki, onların hər
biri haqda saatlarla danışmaq, səhifələrlə yazmaq
olar. “Nizami” simfoniyasını, “Azərbaycan
kapriççiosu”nu, “Azərbaycan süitası”nı, “Azərbaycan
qravürləri”ni ürək dolusu, zövq doyusuyla,
xatırladınızmı? “Gözün aydın”, “Ürəkçalanlar”
kimi duzlu-məzəli komedik musiqilərini yad edib, təbəssümləndinizmi?
Özünəməxsus sənət, sənətkar dəst-xəttilə
yazdığı instrumental, kamera-vokal əsərlərini -
“Fortepiano üçün 12 miniatür”, “Ulduz”, “Azərbaycan
elləri”, “Gülüm”, “Gülərəm - gülsən”,
“Reyhan”, “De görüm neyləmişəm”, “Toy” kimi romans və
mahnılarını, neçə-neçə pyes-prelüdlərini,
dram-tamaşalarına, kinofilmlərə (“Səhər”,
“Böyük dayaq”, “Mən ki gözəl deyildim”)
yazdığı lirik, dinamik, dramatik musiqiləri anıb,
özünüzü “Nəğmə üfüqləri”
qoynunda sandınızmı?..
Onun söz, məqalə, kitab
yaradıcılığından xəbərdar olanlar da az
deyil, məncə. Sözün zərif çalarları,
üslubu, deyim tərzi, təsvir, dil obrazlılığı
da musiqisi kimi aydın, dərin, maraqlı, mənalı məqalələrini,
kitablarını deyirəm. Birinin də adı:
“Musiqi düşüncələri”
O düşüncələr bir qəlbin
duyğu-duyurmalarından çox, bir xalqın zəngin sənət
monoloquna bənzəyir. O düşüncələr oxucu
gözləri önündə bənzərsiz
folklorumuzdakı “sazla deyilənlər”in sözlə ifadəsi
kimi canlanır. Bitkin fəsillər, yetkin sərlövhələrlə
müşayiət olunan o düşüncələr “sənət
və sənətkar”, “mədəniyyət və əbədiyyət”,
“uzaqgörənlik və qədirbilənlik”, “əzmkarlıq
və təvazökarlıq” kimi fəlsəfi sinonimlərin
böyük sənətin mənəvi məbədi
qarşısında qoşa and, əngin səma-fəzasında
qoşa qanad olması zərurətini vurğulayıb,
doğrulayır. O düşüncələr bizim xalq
üçün o qədər də tanış olmayan
böyük bəşəri musiqi janrlarının adca “yad”,
dadca doğma olması frazalarını, böyük
musiqiçi isimlərimizin mükəmməl
obrazlarını yaradır...
Böyük sənətkar musiqi
dilində bir qədər çətin anlanan fikirləri bu və
digər kitablarında, məqalələrində, müsahibələrində
əsl söz ustadı kimi açır. Onun telekanallarda
ara-sıra nümayiş etdirilən xoş duyğular doğuran
hərəkətləri, baxışları, heç kəsə
bənzəməyən jestləri, Qurban Pirimov, Bəhram Mənsurov
kimi “canlı yaradıcılığa” bənzəyən
ustadlarla təmaslarının özü də bioqrafik
simfoniya təsiri bağışlamırmı?
...Bu qədər bənzədib-bənzəyən,
canlandırıb-canlanan, yaradıb-yaranan müəllifin
özü haqda heç nə yazmaması isə, təkrarsız
musiqilərilə matımızı-qutumuzu qurudan, sevgilərimizi
“əsir”, zövqlərimizi fəth edən bu fatehi gözlərimizdə
daha da ucaltmırmı? İki dəfə - iyirmi yeddi və əlli
səkkiz yaşlarında təltif edildiyi SSRİ Dövlət
Mükafatı laureatı, qırx üç yaşında
layiq görüldüyü SSRİ Xalq artisti (yerli mükafat
və təltifləri qeyd etmək üçün “dəryalar
mürəkkəb, meşələr qələm” məsələsi)
kimi adlar az görünür. “Şur” simfonik muğamı
Amerikanın ən böyük, ən ünlü, ən müasir,
ultra-infra salonlarında ifa edilərkən Kolumb kəşfini
belə adi iş saymağa girişmiş qəzetlərin
yazdığı “Bu cavan Amerika salonu qocaman Şərq xəyalatına
dalmışdı” kimi postulat-təltifatlar gözümüzə
“surəti-canan” timsallı heyrəti-aman görünür...
Tahir Abbaslı
Mədəniyyət.- 2011.- 25
noyabr.- S. 7.