Unudulmaz aktrisanın xatirəsi yad edildi

 

    Nəcibə Məlikova - 90

  

     Noyabrın 23-də Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino aktrisası, Xalq artisti Nəcibə Məlikovanın 90 illik yubileyi münasibətilə anım tədbiri keçirildi.

   Tanınmış kino xadimləri və sənət adamlarının iştirak etdiyi tədbiri Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyev açaraq Nəcibə Məlikovanın mənalı ömür yolundan və zəngin yaradıcılığından, bənzərsiz rollarından danışdı.

   Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi Aydın Kazımzadə aktrisanın yaradıcılığının özəlliklərindən söz açdı. Qeyd etdi ki, N.Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.

   Unudulmaz sənətkarla birlikdə çalışmış xalq artistləri Amaliya Pənahova, Rafiq Əzimov, Nuriyyə Əhmədova, Ramiz Məlik kinoda və teatrda dramatik, lirik və komik rolların mahir ifaçısı kimi yaddaşlarda yaşayan aktrisa haqqında xatirələrini bölüşdülər.

   Qeyd olundu ki, Nəcibə Məlikova kinoda bənzərsiz rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanı tamaşaçılara sevdirib.

   Tədbirdə aktrisanın yaradıcılığına həsr olunmuş fotosərgi və görkəmli sənətkarın vaxtilə oynadığı filmlərdən fraqmentlər də nümayiş etdirildi.

   

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2011.- 25 noyabr.- S. 7.