Kitab xalqın mədəniyyət elçisidir
Nizaməddin Şəmsizadə: «Mədəniyyətin
ana xəttini təşkil edən kitab onun
inkişafını sürətləndirən əsas amildir»
Xəbər
verdiyimiz kimi, noyabrın 12-dən 15-dək İstanbulda 30-cu
Beynəlxalq Kitab Sərgisi keçirilib. Miqyasına və
iştirakçılarının sayına görə
dünyanın ən iri kitab sərgi-yarmarkalarından
sayılan tədbirdə 30-a yaxın ölkədən
nümayəndə heyətləri iştirak edib. Beynəlxalq
sərgidə ölkəmizi mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə
nümayəndə heyəti təmsil edib. Nümayəndə
heyətinin tərkibində Türkiyədə səfərdə
olmuş filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə
ilə mədəni əlaqələrin inkişafında yeni
səhifələr açan tədbir barədə söhbət
etdik.
Sərgidə iştirakından məmnunluqla
danışan alim ölkəmizin də belə möhtəşəm
tədbirdə təmsil olunmasını kitab mədəniyyətimizin
nümayişi baxımından müsbət hal kimi dəyərləndirdi:
«Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
və təşkilatçılığı ilə baş
tutan səfərimiz məndə xoş təəssürat
yaratdı. Bu sadəcə bir kitab-sərgi yarmarkası deyil, mədəni
mübadilə baxımından böyük əhəmiyyətə
malik tədbir idi. Belə tədbirlər xalqları bir-birinə
daha da yaxınlaşdırır, mədəni əlaqələrin
genişlənməsinə zəmin yaradır. Rəsmi şəxslərin,
qələm dostlarımın və ustad sənətkarlardan
ibarət muğam üçlüyünün (xalq artistləri
Mələkxanım Əyyubova, Möhlət Müslümov və
Fəxrəddin Dadaşov) iştirakı ilə keçən
səfərimiz dolğun və yaddaqalan oldu. Bunu sərgi boyu
stendimizə yaxınlaşan çoxsaylı insanlar, Azərbaycana
olan böyük maraq, musiqimizə, şeir və sənətimizə
ünvanlanan alqışlar da təsdiq etdi. Azərbaycan
stendinin çoxsaylı ziyarətçiləri
kitablarımız, kitab mədəniyyətimiz, incəsənətimiz,
musiqimiz barədə müxtəlif suallar verirdilər. Gözəl
sənətkarlarımızın ifaları isə Azərbaycan
musiqisinin, muğamının möhtəşəmliyini bir
daha göstərmiş oldu. Ümumilikdə maraqlı səfər
idi və bu yüksək təəssürata görə Mədəniyyət
və Turizm Nazirliyinə, ölkəmizin İstanbuldakı
baş konsulluğuna təşəkkürümü bildirirəm.
Səfərin mənim
üçün çox böyük əhəmiyyəti
vardı. Əvvəla, ikinci dəfə idi ki, dünya mədəniyyətinin
möhtəşəm mərkəzlərindən olan
İstanbula səfər edirdim. Mən bir dəfə
İstanbulu gəzərkən bu şəhərin gözəlliyinə,
özəlliklə camelərinin memarlığına valeh
olmuş, onlara baxarkən İslam mədəniyyətinin əzəmətini
dərk etmişdim. Bu dəfə isə yüksək səviyyədə
təşkil olunan kitab sərgisi məni
qürurlandırdı. Sanki dünya xalqları kontekstində
türk və Azərbaycan kitabının əzəmətini
gördüm, duydum. Məncə bu sərgi hər bir
iştirakçıda məhz bu təəssüratı oyada
bildi».
Sərgi çərçivəsində
gerçəkləşən çoxsaylı tədbirlərdən
biri də ölkəmizlə bağlı idi. Noyabrın 13-də
Azərbaycan ədəbiyyatının müxtəlif
inkişaf mərhələlərini əks etdirən “Kitabi-Dədə
Qorqud”dan Nizami Gəncəviyə, Nizami Gəncəvidən bu
günə Azərbaycan şeiri” adlı beynəlxalq konfrans
keçirildi. Tədbirdə geniş məruzə edən
professor N.Şəmsizadə ümumilikdə Azərbaycan
poeziyasının tarixi kökləri, orta çağlar, fəlsəfi
cərəyanlar və XX əsrdəki fəlsəfi təmayülləri
haqda məlumat verdiyini bildirdi: «Mən orda xüsusilə Azərbaycan-türk
yazılı abidəsi olan «Kitabi-Dədə Qorqud»un səcli
dildə yazılmasına diqqət çəkdim, Nizami və
Şərq intibahı problemi ətrafında söhbət
apardım. Sübut etməyə çalışdım ki,
intibah Qərbdən Şərqə yox, Şərqdən Qərbə
keçib. Üçüncü diqqət yetirdiyim məsələ
isə Nəsimidə, hürufizmdə sözə münasibətlə
bağlı Allah-zaman-insan-söz problemi idi.
Dördüncü əsas məqam kimi Füzulinin
poetikası, onun üç dildə qələmə
aldığı ədəbi nümunələrin
böyüklüyü barədə idi.
İştirakçılara orta çağlar və nəhayət
XX əsr ədəbiyyatımız barədə məlumat verərək
bu əsrdə Azərbaycan poeziyasının iki böyük
istiqamətdə inkişaf etdiyini vurğuladım.
Lirik-romantik və fəlsəfi-intellektual poeziyamız, eləcə
də 60-cı illər ədəbiyyatı və cərəyanları
ümummüsəlman və ümumtürk ədəbiyyatı
kontekstində şərh etməyə
çalışdım.
Tədbirə aparıcılıq
edən tanınmış yazar Rəşad Məcidin, gözəl
qələm sahibləri, istedadlı şairlərimiz
Çingiz Əlioğlu və Vaqif Bəhmənlinin, Səlim
Babullaoğlunun çıxışları, səsləndirdikləri
şeirlər böyük maraqla qarşılandı. Bu
xoş ovqatlı milli, türkçü mənzərəyə
musiqiçilərimizin çıxışı, muğam
ifaları bir ayrı ovqat, möhtəşəmlik bəxş
etdi. Azərbaycan kitabı, Azərbaycan bayrağı və azərbaycançılıq
ruhu orada bir hakimi-mütləq idi. Biz orada bir ümumtürk əhval-ruhiyyəsi
yaratmaqla digər xalqların təmsilçilərinə
türkün kimliyini, Azərbaycanın nələr
düşündüyünü, nələr
yazdığını göstərə bildik».
Sərgini kitab vasitəsilə
xalqların ünsiyyət bayramı kimi də xarakterizə edən
həmsöhbətimiz bunu təkcə mədəniyyətlərin,
kitabların təması və ya kitab çapı və
yayımı ilə bağlı məsələ deyil,
ümumilikdə xalqların bir-birinə münasibətinin
nümayişi kimi dəyərləndirdi: «Bu gün
bütün dünyada qloballaşma prosesi gedir və bu prosesdə
ən təhlükəli məqam mədəniyyətlərin
inteqrasiyası məsələsidir. Əslində
qloballaşma və inteqrasiya ilə bağlı olaraq
dünyada bir sıra qüvvələr yenə də bir
pozuculuqla, yeni dünya sahmanı yaratmaqla məşğuldurlar.
Və bunun əsas məqsədi ümumilikdə türk,
müsəlman aləmini bu yeni dünya bölgüsündən
uzaqlaşdırmaqdır. Bu, çox təhlükəlidir. Bu
gün texnokrat təfəkkürlə humanitar təfəkkürün,
Avropa düşüncə tərzi ilə Şərq təfəkkürünün
bir mübarizəsi gedir. Ona görə də belə mədəni
tədbirlərin təşkili çox vacibdir. Xüsusən
də yazılı ədəbi nümunələr, kitablarla
bağlı toplantılar. Çünki kitablar xalqlara gedən
gəmilər, onların mənəviyyatına, təfəkkürünə
daxil olmağı bacaran axınlardır. Digər tərəfdən
mədəniyyətdə millilik, milli sima məsələləri
daim diqqət mərkəzində olmalıdır. Bu
inteqrasiyada mədəniyyət öz kimliyini itirərsə, məhv
olacaq. Ona görə də Azərbaycan mədəniyyəti
dünya mədəniyyətinə öz milli siması ilə
daxil olmalıdır. Bu istiqamətdə də təbii ki, istər
dövlətimiz, istərsə də ayrı-ayrı qurumlar
çox işlər görür».
Bu kontekstdə mədəniyyəti
azərbaycançılığın əsas məxəzlərindən
sayan N.Şəmsizadə mədəniyyətlərin
mübarizəsində məhz bu vasitə ilə qalib gələ
biləcəyimizi düşünür: «Bu həm də milli
siyasət və mədəniyyətin ortaq məxrəci, birləşmə
nöqtəsidir. Yəni tutaq ki, mən azərbaycançıyam
deyib bir böyük kitab da yazmaq olar. Amma bir mahnı, bir rəsm,
bir şeir parçası sənin, mənim azərbaycançılığımızı
dünyanın o başındakı insana daha tez və
anlaşıqlı çatdıra bilər. Bu mənada mədəniyyətin
gücü və onun kütləyə geniş təsiretmə
imkanlarını daim diqqət mərkəzində
saxlamalıyıq. Təsadüfi deyil ki, bu məqam, azərbaycançılıq
məsələsi dövlət siyasəti kimi daim diqqət mərkəzində
saxlanılır. Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu bu siyasi xətt hazırda ölkə
başçısı İlham Əliyevin rəhbərliyi ilə
uğurla davam etdirilir».
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2011.- 25 noyabr.-
S. 6.