“Beynəlxalq
Kukla Teatrları Festivalı məni heyrətləndirdi”
ASSİTEJ-in prezidenti İvetta Hardi Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkür məktubu göndərib
Noyabrın 1-dən 6-dək
Bakıda ilk dəfə keçirilən Beynəlxalq Kukla
Teatrları Festivalı müxtəlif ölkələrdən
gəlmiş qonaqlarda dərin təəssürat yaradıb,
beynəlxalq teatr ictimaiyyətində geniş maraq doğurub.
Bunu Uşaq və Gənclər Teatrları Beynəlxalq
Assosiasiyasının - ASSİTEJ-in prezidenti İvetta Hardinin bu
günlərdə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinə göndərdiyi məktub da təsdiqləyir.
Nazir müavini Ədalət Vəliyevə ünvanlanan məktubda
xanım İvetta Hardi festival zamanı aldığı
xoş təəssüratlarını bölüşür,
belə bir gözəl tədbirin təşkilinə görə
Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını
bildirir: “Çox sayda mədəni və teatr təşkilatları
ilə əlaqə yaratmaq, ölkənizin olduqca zəngin adət-ənənələri
və tarixi barədə öyrənmək mənim
üçün çox xoş idi. Səfərimlə
bağlı xüsusi təəssüratlarım oldu:
insanların istiqanlığı, tədbirin media tərəfindən
yaxşı işıqlandırılması, tərcüməçi
və bələdçilərin diqqəti və
qayğısı, Azərbaycan mədəniyyətini dərindən
öyrənmək məqsədi və imkanları. Bunu dəstəklədiyinizə
və dəvətinizə görə sizə dərin minnətdarlığımı
bildirirəm.
Ölkənizdən çox
gözəl təəssüratlar və xatirələrlə
ayrıldım, yenidən gəlməyi və ölkəniz
barədə daha dərindən öyrənməyi səbirsizliklə
gözləyirəm. Eyni zamanda Uşaq və Gənclər
Teatrları Beynəlxalq Assosiasiyasının -ASSİTEJ-in Azərbaycan
Milli Mərkəzinin nümayəndələri ilə
tanış olmaq və gələcək layihələr barədə
konkret danışıqlar aparmaq çox əhəmiyyətli
idi. Azərbaycan incəsənətinin inteqrasiyası ilə
bağlı bir çox ideya və layihələrimiz var və
görüş bu işin öhdəsindən necə gələcəyimiz
üçün stimul oldu”.
Bakı Beynəlxalq Kukla
Teatrları Festivalının dörd beynəlxalq teatr cəmiyyətinin
tarixində mühüm tədbir olduğunu vurğulayan
İ.Hardi festival günlərində Bakının teatr
dünyasının mərkəzinə çevrildiyini
bildirir: “Lakin hər şeydən çox Bakıda
keçirilmiş 1-ci Beynəlxalq Kukla Festivalının imkan
dairəsi məni heyrətləndirdi. Tədbir bir çox mədəni
və ənənələr silsiləsini nümayiş etdirməklə
yanaşı, keçirildiyi ilk ildən 16 ölkədən
20 tamaşa göstərməyə müvəffəq olmaq
olduqca təqdirəlayiqdir. Festival çərçivəsində
və milli teatrlarınızda çox gözəl tamaşalar
göstərildi. Yeni proqram və layihələrlə Şərq
və Qərbi, Şimal və Cənubu bir araya gətirərək
biz bu regionda Bakının körpü rolu oynaması
imkanlarını genişləndirməyi gözləyirik”.
2012-ci ilin fevralında ASSİTEJ-in
İcraiyyə Komitəsinə Azərbaycanın ev sahibliyi edəcəyini
qeyd edən İ.Hardi yazır: “Ümidvarıq ki, İcraiyyə
Komitəsi ilə görüşlər zamanı yerli incəsənət
adamlarının faydalana biləcəyi ustad dərsləri, həmçinin
yeni yaradıcı ideyaların mübadiləsi və
genişlənməsi istiqamətində müzakirə forumu
keçirə biləcəyik. Razılıq əldə
olunduqdan sonra tərəfimizdən həm Azərbaycan, həm
də dünyada incəsənət xadimlərinin yararlana biləcəyi
konkret təkliflər irəli sürüləcəkdir”.
Mədəniyyət.- 2011.- 25
noyabr.- S. 5.