Azərbaycanın
mədəni həyatında unikal hadisə
İlk dəfə olaraq tarix-mədəniyyət abidəsi
sığortalanıb
Noyabrın
23-də ölkəmizin mədəni həyatında bir ilkə
imza atıldı. “Atəşgah” Sığorta Qrupu tərəfindən
dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Atəşgah”
məbədi”nin sığortalanması ilə bağlı
sığorta polisinin təqdimetmə mərasimi
keçirildi.
Paytaxtdakı “Hyatt Regency”
mehmanxanasında keçirilən mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev dünyanın ən
unikal tarix-memarlıq abidələrindən biri olan “Atəşgah”
məbədinin sığortalanması ilə bağlı təşəbbüsü
yüksək qiymətləndirdi: “Azərbaycan mədəni
irsinin nadir nümunəsi olan «Atəşgah» məbədinin
«Atəşgah» şirkəti tərəfindən
sığortalanması unikal hadisədir».
Vaqif Əliyev son illər beynəlxalq
aləmdə mədəniyyətimizin daha geniş şəkildə
tanıdılması üçün məqsədyönlü
işlər görüldüyünü də
vurğuladı: «Bu tədbirlər ölkə prezidentinin daim
diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi
ilə böyük layihələr həyata keçirilir. Bu
işlərin nəticəsidir ki, bir sıra abidələrimiz
UNESCO-nun mədəni irs siyahısına daxil edilib. «Atəşgah»
məbədinin sığortalanması Azərbaycanda abidələrin
qorunmasına göstərilən diqqəti bir daha beynəlxalq
aləmə nümayiş etdirəcək. Ona görə də
bu tədbiri tarixi hadisə kimi dəyərləndirmək
olar».
Vaqif Əliyev abidələrimizə
göstərilən dövlət qayğısından da bəhs
etdi: «Hələ dörd il əvvəl “Atəşgah”
qoruğunun təmir və bərpası üçün
dövlət başçısı tərəfindən
xüsusi sərəncam da imzalanmışdı. Bildiyiniz kimi,
sovet dövründə abidələrimizə diqqət
ayrılmırdı və ona görə də bu qoruğun ətrafında
ayrı-ayrı tikililər var idi. İndi isə abidənin
qorunması və mədəni obyekt kimi mövcud olması
üçün lazımi işlər görülür.
İnanıram ki, abidənin sığortalanması Azərbaycanın
mədəni həyatında atılmış önəmli
addım olacaq və belə layihələr davamlı şəkildə
həyata keçiriləcək».
«Atəşgah» Sığorta
Şirkətinin idarə heyətinin sədr müavini Əkbər
Mədətli bildirdi ki, təmsil etdiyi şirkət Azərbaycan
sığorta bazarında ön sıralarda olmaqla
yanaşı, həm də cəmiyyətdə öz yenilikləri
ilə tanınır: «Bu yenilikçi ənənəsinə
sadiq qalan «Atəşgah» Sığorta Qrupu ölkə tarixində
ilk dəfə mədəni tarixi abidəni
sığortalayır. Bu il şirkətimizin 15 yaşı
tamam olur. Bu müddət ərzində «Atəşgah» hər
zaman cəmiyyətimizə, onun gələcəyinə fayda
verməyə çalışıb. Bu gün də bu istiqamətdə
növbəti addımı atıb”.
Əkbər Mədətli qeyd etdi
ki, Abşeron yarımadasında Köhnə Suraxanı qəsəbəsində
yerləşən «Atəşgah» məbədi şirkətin
vəsaiti hesabına 3 milyon dollar məbləğində
sığortalanıb. Onun sözlərinə görə,
bununla bağlı sığorta müqaviləsi üzrə
risklər Avropanın sığorta bazarında təkrar
sığortalanıb. Ə.Mədətli onu da
vurğuladı ki, «Atəşgah» şirkəti mədəniyyətimizə
bundan sonra da fayda vermək niyyətindədir: «Sığorta
Qrupunun adı onun xalqımızın tarixi və mədəni
dəyərlərinə bağlılığından, qədim
adət-ənənlərimizə ehtiramından xəbər
verir. Bildiyiniz kimi, dünya təcrübəsində
sığorta şirkətlərinin tarixi-mədəni abidələri
sığortalamaq təcrübəsi var. Biz bu yöndə ilk
təşəbbüsü göstərək digər
sığorta şirkətlərimizi də belə addımlar
atmağa çağırırıq».
Sonra “Atəşgah» Sığorta
Qrupunun “Atəşgah” məbədinin sığortalanması
ilə bağlı müvafiq sığorta şəhadətnaməsi
şirkətin idarə heyətinin sədri Tələt Səfərov
tərəfindən mədəniyyət və turizm nazirinin
birinci müavini Vaqif Əliyevə təqdim olundu.
Mehparə
Mədəniyyət.-
2011.- 25 noyabr.- S. 4.